- Yersiz hərəkətlər, yol hərəkəti qaydalarını görməzdən gəlmək, saymazlıq göstərmək istənilən anda qəzaya səbəb ola bilər
Avtomobil əyləncə vasitəsi deyil. Motor, motosiklet, moped, skuter... bunlar da əyləncə vasitəsi oal bilməz, bir halda ki, hərəkətin digər iştirakçılarının da olduğu yola çıxırlar. Bunu mütəxəssislər hər zaman deyir, vurğulayır, sürücülər ehtiyatlı, məsuliyyətli olmağa, yol hərəkti qaydalarını bilməyə və riayət etməyə çağırırlar.
Təəssüf ki sürücülər arasında səhlənkar davranan, məsuliyyətsiz hərəkətləri ilə özlərinə də, digərlərinə də təhlükə yaradırlar. Sükan arxasında “artistlik”, “klounluq”, yekaxanalıq edən, özünü mənasız və məntiqsiz “təsdiqə” çalışanlar necə bir təhlükəyə səbəb olacaqlarını anlamırlar. Bu günlərdə paylaşılan bir videoda sürücü xanımın sükan arxasında, avtomobil hərəkətdə ikən yanaşı hərəkət edən başqa bir avtomobilə pəncərədən oyuncaq tapança ilə nəsə püskürtdüyü və bundan xoşhal olduğu görüntüləri yayılıb. Aşkar görünür ki xanım sürücü oyunbazlıqla məşğuldur. Və sual yaranır ki görəsən bu cür video paylaşmaqla kimə, nəyi göstərməyə çalışır?
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında bildirdi ki, insanlar ictimai etikaya sahib olmalıdırlar: 
- Məsuliyyət hissi, ictimai yerlərdə düzgün davranış tərzi və özünə, ətrafdakılara qarşı diqqətli olmaq müasir, mədəni cəmiyyətin əsas göstəricisidir. Məsuliyyət olmaqdıqda, bu cür görüntülər ortaya çıxır. Guya əyləncə xarakterlidir, amma məsuliyyətsiz davranışdır və həmin insanın məsuliyyətsizliyindən xəbər verir. Hər bir sürücü müəyyən xarakterin daşıyıcısıdır. İnsanın xarakteri necədirsə, oynadığı obraz da o cürdür. Biz evdə övladıq, valideynik, həyat yoldaşıyıq, iş yerində əməkdaşıq, işçiyik... Bunların hər biri ayrı-ayrı obrazlardır. Və bunların hamısında biz öz xarakterimizi nümayiş etdirmiş oluruq. Öz xarakterimizdən bu obrazlara nəsə qatırıq. Kim hansı xarakterə mənsubdursa, ana, qadın, övlad, eləcə də əməkdaş, işçi və ya sürücü obrazına həmin xarakterdən nəsə qatır. Əgər insan məsuliyyətsiz, səhlənkar, başqalarının rahatlığını düşünməyən, yalnız öz komfortuna çalışan, həm də yüngülbeyindirsə, sükan arxasnda da elə olacaq. Ətrafa təhlükə yaradacaq. İnsanı danışdırsaq, soruşsaq ki nə qədər təhlükəli davranış olduqunun fərqindədirmi, qəbul etməyəcək, anlamayacaq. Çünki dərin düşüncə sahibi deyil. Sükan arxasında yüngül, yersiz hərəkətlər edib üstəlik də bunu çəkib sosial şəbəkədə paylaşmaq insanın özünü başqalarına yersiz, lüzumsuz nümayiş etdirmək istəyindən irəli gəlir və bu, natamamlıq kompleksidir.
F.Mehmanqızı qeyd etdi ki, hərəkət iştirakşılarının heç də hamısı peşəkar olmur. Aralarında naşı, qeyri-peşəkar da var:
- Çoxumuz bu mərhələni keçmişik. Sükan arxasına yeni-yeni əyləşəndə hətta pəncərədən avtomobil salonuna daxil olan yüksək səs də insanı qorxudur, qarşına çıxan iri qabaritli avtomobildən də qorxursan, elə bilirsən üzərinə gəlir. Qorxu hissi yaranır ki birdən qəza olar. Müəyyən müddət sonra sükana da alışırsan, yola da. Amma sükan arxasında məsuliyyətli olmaq hər br sürücünün vəzifəsidir. Yersiz hərəkətlər, yol hərəkəti qaydalarını görməzdən gəlmək, saymazlıq göstərmək istənilən anda qəzaya səbəb ola bilər, kiminsə etdiyi yersiz hərəkət başqa sürücünün diqqətini çəkə və qəza vəziyyəti yarada bilər. Hər bir insan cəmiyyətə qarşı məsuliyyət hissinə köklənməlidir ki başqalarının həyatını təhlükəyə atmasın.