Sülhməramlılara iş qalmır
Ordumuzun Qarabağda sürətlə möhkəmlənməsi vəziyyəti xeyrimizə dəyişir
Mülki ermənilərin Azərbaycan bayrağı altına keçməkdən başqa yolları qalmayacaq
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki hərbi-siyasi, təhlükəsizlik şəraitində sakitlik hökm sürür. Ekspertlərə görə, bu dinclik Azərbaycanın həyata keçirdiyi tədbirlər və kəşfiyyat-nəzarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməsi ilə əlaqədardır. Fikir verirsinizsə, Qarabağ iqtisadi zonasının Rusiya sülhməramlıları olan hissələrində atəş səsləri eşidilmir. Bir növ erməni separatçılar onları vəcdə gətirəcək bütün şirnikləndirici mənbələrdən də məhrum olmuş kimi görünür. Azərbaycan dövlətinin Rusiya sülhməramlılarının xidmət apardığı bölgələrə dair yanaşması rəsmi Bakını mütləq qələbəyə - yekun sülh müqaviləsinə daha da yaxınlaşdırır və danışıqlarda hədsiz üstünlük qazandırır. Görünür, artıq Ermənistan üçün Qarabağ və oradakı ermənilərin taleyi məsələsi o qədər də maraqlı deyil. Çünki bu marağın revanşist meyillərlə oyanması Azərbaycanın elə reaksiya verməsi ilə nəticələnir ki, İrəvan dalana itələnir və ağzı qıfıllanır.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, hazırda Azərbaycan ordusu sülhməramlıların müvəqqəti dislokasiya edildiyi ərazilərə olduqca yaxın yerlərdə öz postlarını möhkəmləndirir. Hətta deyərdik ki, irəli çəkir. Ekspertin fikrincə, ermənilərin müqavimət göstərmək ruhu elə sarsılıb ki, onlar səssiz şəkildə geri çəkilirlər:
“Azərbaycan 2020-ci ilin 10 noyabr bəyanatından sonra atdığı addımları bu ilin martında Fərrux dağını və kəndini separatçılardan təmizləməklə daha da itiləşdirdi. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları üzrə yaratdığı iqtisadi hablar Ermənistanı iqtisadi investisiyalarla mühasirəyə alır. Azərbaycan bu cür təcridetmə metodunu hibrid müharibə elementləri ilə daha da zənginləşdirir. Rəsmi Bakı bunlarla yanaşı, Qarabağda yaşayan mülki ermənilərin təhlükəsizliyinə konstitusion zəmanət verir. Bu da onlara Ermənistanın mağmın və ikili mövqeyindən daha cəlbedici görünür. Bakı bu istiqamətdə tədbirlərini gücləndirəcək və təhlükəsizlik şəraitini ətraflı təhlil edəcək. Hətta yeri gələrsə, Ermənistandan bəzi məlumatlar da alacaq. Ermənistanı Qarabağla birləşdirən Laçın yoluna çəkilən alternativ yol istifadəyə verildikdən sonra sülhməramlılar Laçın şəhəri, Zabux qəsəbəsi və Sos kəndindən çıxacaq. Orada yaşayan mülki ermənilərin təhlükəsizliyi onların öz mövqeyindən asılıdır. Ən rahat yol Azərbaycan bayrağı altına keçməkdir. Artıq prosesə başlanıldığını da deyə bilərik, bu səbəbdəndir ki, separatçılar öz aralarında xain axtarır və casus ovuna çıxırlar”.
A.Kərimov vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi sülhməramlı qüvvələrin yerləşdirildiyi ərazilərlə bağlı çəkilən adlarda hələ də köhnə terminlərə müraciət edir:
“Azərbaycan bu məsələni daim diqqətdə saxlayır və hərbi-diplomatik kanallarla lazımi etirazlarını Moskvaya çatdırır. Azərbaycanla Türkiyə strateji maraqlarla birgə addımlar ataraq Rusiyanın üzərinə sülhyaratma məsuliyyəti yükləyə bilib. Moskva buna görə Qarabağda hər hansı konfrontasiyada maraqlı deyil. Zaman keçdikcə, Azərbaycan rəsmi informasiyaların təqdimatında da “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi” ifadəsini leksikondan yığışdıracaq. Müdafiə naziri Zakir Həsənovun bu yaxınlarda keçirdiyi xidməti müşavirəyə dair rəsmi məlumatda belə bir cümlə diqqəti çəkir: “Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib”. Yəni artıq “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri” ifadəsi “Qarabağ iqtisadi zonası” ilə əvəzlənir. Hazırda Rusiya sülhməramlılarının məlum ərazilərdən çıxarılması Bakı-Moskva danışıqlarında müzakirə mövzusu kimi görünmür. Amma 10 noyabr bəyanatının 2-ci ilindən sonra çıxarılma mövzusunda Bakı öhdəlikləri xatırlatmağa başlayacaq”.