- Heç bir zəng, mesaj və ya bildiriş insan həyatından dəyərli deyil
Sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bu, ilin əvvəlindən indiyədək olan statistikadır. Məlumatda qeyd olunur ki, bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıran bu təhlükəli vərdişdən tam imtina etmədiyini göstərir:
"Mobil telefondan istifadə nəticəsində yaranan diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək əsas risk amillərindən biridir. Bu təhlükənin qarşısının alınması nəzarət tədbirləri ilə yanaşı, hər bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmasından və sükan arxasında diqqətini yalnız yola yönəltməsindən asılıdır". Baş Dövlət Yol Polisi İdarəsi mobil telefondan istifadənin yaratdığı əsas təhlükələri bir daha xatırladaraq diqqətin yayınması, reaksiyanın geçikməsi və nəzarətin itməsini başlıca səbəb kimi göstərib: “Telefona baxan sürücünün diqqəti yayınır, yolda baş verənləri vaxtında qiymətləndirə bilmir, yol nişanlarını, nişanlanma xətlərini, piyadaları və digər hərəkət iştirakçılarını nəzərdən qaçıra bilir. Diqqətin yayınması nəticəsində reaksiya da gecikir, bu da qəfil yaranan təhlükə zamanı əyləc və ya manevr imkanlarını məhdudlaşdırır. Mobil telefona yönələn diqqət sürücünün hərəkət zolağından çıxmasına, təhlükəli manevrlər etməsinə və qarşıdakı məsafəni düzgün qiymətləndirə bilməməsinə səbəb olur”.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında bildirdi ki, bu statistika sürücülərin bir qisminin hələ də bu zərərli vərdişdən imtina etmədiyini göstərir:
- Sürücünün sükan arxasında mobil telefonla danışması qadağandır. İstənilən nəqliyyat vasitəsini, istər şəxsi avtomobil, taksi və ya ictimai nəqliyyatın hər hansı növü, sürücü sükan arxasında əyləşib və nəqliyyat vasitəsini idarə edirsə, nəqliyyat vasitəsi hərəkət halındadırsa, mobil telefonu əldə tutaraq danışmaq qadağandır, bunun cəriməsi var. Bunu bütün sürücülər bilir. Belə halların qarşısını Dövlət Yol Polisinin yol-patrul xidməti əməkdaşları alırlar. Bu cür hallar ya müşahidə kameraları vasitəsiylə təsbit edilir, ya da yol polisi tərəfindən real zamanda gözlə müşahidə edilərək aşkarlanırsa, sürücü cərimə edilir. İstənilən halda sükan arxasında olan şəxs mobil telefonu əldə tutub danışmamalıdır. Çox zaman mobil telefonu avtomobilin ön şüşəsində tutacağa bərkidirlər, məsafədən danışıq aparılır, bununla hesab edirlər ki, qaydanı pozmurlar. Lakin mobil telefonla danışıq, hətta məsafədən olsa belə, sürücünün diqqəini yayındıracaq əsas səbəblərdən biridir. Ncə ola bilər ki sürücü bir yandan kiminləsə telefonla danışsın, yaxud nəsə izləsin, tamaşa etsin, eyni zamanda nəqliyyat vasitəsini qüsursuz idarə etsin? Bu, mümkün deyil. Bir dəfə qəza olmayacaq, iki dəfə olmayacaq, hərəkət iştirakçısı olan bir başqasının diqqəti və manevri sayəsində qəzadan yayınacaq, amma bir gün qəza qaçılmaz olacaq. Sürücünün diqqəti heç nəyə yayınmamalıdır. Yalnız yolda, yol nişanları, sfetafor, piyada keçidləri və sair. yol infrastukturuna yönəlməlidir. Hansı nəqliyyat vasitəsi olursa-olsun, fərq etmir, sürücü diqqətini yayındırmamalıdır. Heç bir zəng, mesaj və ya bildiriş insan həyatından dəyərli deyil. Sükan arxasında məsuliyyətli davranış həm sürücünün özünü sığortalayır, həm də yolda olan hər bir insanın həyatını qoruyur.