Şuşa gözəl günlərinə dönür


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərdə aparılan tikinti işləri ilə tanış olublar

  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar. Dövlət başçısı və birinci xanım həmçinin 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanış olublar. 

Sonra Prezident və birinci xanım Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak ediblər. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisinin açılışında iştirak ediblər. Dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında iştirak ediblər. Muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar. Sonra Prezident və birinci xanım Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər. 

  Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. 

  Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak ediblər. Dövlət başçısına və birinci xanıma kompleksdə görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq. Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. 

  Prezident və birinci xanım Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışında da iştirak ediblər. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına və birinci xanıma Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində yaradılan şərait barədə məlumat verib. 

  Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə - “Şuşa İli”ndə Karvansaray konsepti əsas götürülən layihənin inşasına başlanılıb. 

Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb edilib. Bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Bildirilib ki, beşulduzlu kompleks müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn olunub. Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. 

Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) hazırlanıb. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur. 

Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb. Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin texniki təchizatı, idarəetmə və enerji təminatı sistemi beynəlxalq standartlara uyğun qurulub. Belə ki, kompleksdə tətbiq olunan müasir idarəetmə panelləri səmərəli fəaliyyəti, təhlükəsizliyi və qonaqların rahatlığını təmin edəcək. Bununla yanaşı, binada ən yüksək texniki normalara uyğun havalandırma sistemləri tətbiq olunub. 

Kompleksin elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Həmçinin binanın dam örtüyündə yüksək enerji səmərəliyini təmin edən Günəş enerjisi panelləri də yerləşdirilib ki, bu da “təmiz” enerjiyə keçid istiqamətində görülən işlərin növbəti nümunəsidir. Qeyd edək ki, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə qədər kitab mövcuddur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər və Tatarıstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib. Hoteldə “Miras Rəsm Qalereyası” tərəfindən Azərbaycanın mədəni irsinə həsr olunan, “Doğma Mədəniyyət Ocağımız” şüarı altında sərgi açılıb. Sərgidə Qarabağdan olan karifey sənətkarlarımızın, eləcə də Azərbaycanın bu bölgəsindən ilham almış şəxslərin əsərləri nümayiş olunur.

 Ekspozisiyada Xalq rəssamları Nadir Əbdürrəhmanov, Maral Rəhmanzadə, Altay Hacıyev, Səttar Bəhlulzadəyə məxsus 23 rəsm əsəri, o cümlədən qarabağlıların portretləri, eləcə də bu ərazinin gözəl dağ mənzərələri yer alıb. Qarabağ mövzusundan ilhamlanan Xalq rəssamı Akif Əsgərovun, heykəltəraşlar Cavanşir Məmmədovun və Müşfiq Heydərovun 6 sənət nümunəsi də tamaşaçılara təqdim olunur. Kompleksin ətrafında mövcud ağaclar qorunmaqla geniş sahə yaşıllaşdırılıb, yeni ağaclar və bəzək gülləri əkilib, həyətində müasir interyerə malik daxili bağ salınıb. Burada qapalı və açıq avtomobil dayanacaqları vardır. 

Dövlət başçısına məlumat verilib ki, XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində şəhərin müdafiəsinin təşkili məqsədilə İbrahimxəlil xanın göstərişi əsasında fəaliyyət göstərən silah emalatxanası da buraya gələcək qonaqlara nümayiş etdiriləcək.

  Qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarımız tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. 

Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir.