Telefon valideynin gözünü pərdələyir, uşağın dünyasını isə kölgədə qoyur - Psixoloq

Sosial şəbəkələr və texnoloji imkanlar digər dövlətlərin yaşam tərzi ilə bağlı məlumatları, bir toxunuşla ekranlarımıza gətirsə da, ondan pis məqsədlə istifadə insanın sağlam düşüncə tərzini və mənəvi keyfiyyətlərini korlayır. Təəssüf ki, sosial şəbələrdə, etik və qeyri-etik videolar yaşından asılı olmayaraq hər kəsin qarşısına çıxır. Xüsusilə də yeniyetmələr onlara baxdıqda, doğrunu yanlışdan seçə bilmədikləri üçün gördüklərini zamanla mənimsəməyə başlayırlar. Məhz buna görə uzun müddətdir ki, psixoloq və sosioloqlar sosial platformalara yaş məhdudiyyəti qoymağı tələb edirdilər. Uşaqları sosial platformaların zərərli təsirindən qorumaq məqsədilə yeni qanun layihəsi qəbul olunub. Layihəyə əsasən, 16 yaşadək uşaqların platformalarda hesab yaratması qadağan edilir. 16-18 yaş arası uşaqlar isə yalnız valideyn icazəsi əsasında, hesab yarada bilərlər. Qanun 12 aydan sonra qüvvəyə minəcək. 

Bu dəyişiklik uşaqların psixoloji inkişafına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Sherg.az-a bildirib ki, uşaqların psixoloji sağlamlığını artırmaq üçün sosial platformaya qoyulan məhdudiyyət təqdirəlayiqdir:

“Əfsuslar olsun ki, bəzi insanlar hesab açarkən şəxsi məlumatlarını düzgün qeyd etmirlər. Xüsusilə yeniyetmələr yaş məhdudiyyətlərini nəzərə almadan, platformalarda qeydiyyatdan keçərkən yaşlarını olduğundan böyük göstərirlər. Məhdudiyyətin effektivliyini artırmağın yeganə yolu sosial platformalarda qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin təqdim edilməsini məcburi etməkdir. İngiltərə, Avstraliya və Britaniya kimi bir sıra ölkələrdə bu üsuldan istifadə olunur. Bir məqamda var ki, valideynlər uşaqların başını qatmaq üçün əlinə telefon verirlər”. 

Psixoloqun sözlərinə görə, sosial platformalardan istifadəyə nə qədər məhdudiyyət qoyulsa da, cəmiyyət daxilində görülən işlər qanuna uyğun hərəkət eləmir:

“Düzdür, valideynlərin yorğun və stressli həyat yaşadıqlarını anlayıram. Lakin onlar dincəlmək naminə uşağı telefondan asılı vəziyyətə salmamlıdır. Psixoloji cəhətdən sağlam, səbirli və məsuliyyətli valideyn övlad üçün ən böyük nemətdir. Övladını düşünən valideyn, ilk növbədə öz psixoloji sağlamlığının qayğısına qalmalı, ehtiyac olduqda isə psixoterapevtik dəstək almalıdır. Uşağı sakitləşdirmək və ya başını qatmaq üçün ona telefon vermək hətta, mənəvi cinayətdir. Uşağın vaxtını telefonla doldurmaq əvəzinə, onu rəsm, idman, rəqs, musiqi və xarici dil dərnəklərinə yönləndirmək daha faydalıdır. Bu fəaliyyətlər həm fiziki və zehni inkişafı dəstəkləyir, həm də sosial bacarıqların formalaşmasına kömək edir”. 

E.Əkbər qeyd edib ki, əgər uşağın asudə vaxtını düzgün planlaşdırıb, səmərəli təşkil etsək, onun telefonla vaxt keçirməyə ehtiyacı azalacaq:

“Təəssüf ki, bir çox valideyn uşağın əlindən telefonu almaq yox, vermək üçün bəhanə axtarır. Lakin bütün səbəb və bəhanələr uşaq dünyaya gətirməzdən əvvəl düşünülüb, ölçülüb-biçilməlidir. Sonra da deyirlər ki, uşaqlarda niyə xəstəliklər və psixoloji problemlər artır? İnanın, birinci növbədə valideynin sosial şəbəkə və telefona qurşanması, uşağa zərər törədir. Başı telefona qarışan ana, övladının nə etdiyini, nə hiss etdiyini və nələr yaşadığını çox vaxt görmür. Telefon valideynin gözünü pərdələyir, uşağın dünyasını isə kölgədə qoyur”.