- Rauf Ağamirzəyev: “Təhlükəsizlik tədbirləri qəza baş verəndən sonra yox, əvvəl görülməlidir”
Yollarda aparılan təmir-tikinti işləri zamanı təhlükəsizlik məsələlərinə riayət edilməməsi qəzaları qaçılmaz edir. Son günlərdə bir neçə ərazidə baş vermiş qəzalar buna sübutdur. Xüsusən gecə saatlarında görüntü zəiflədiyindən sürücülər maneələri görə bilmir və qəzaların sayı artır.
Yol və nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev bu problemə toxunub. Mütəxəssis bildirib ki, ardıcıl baş verən hadisələr tikinti zonasında müvəqqəti yol hərəkətinin təşkili və təhlükəsizlik tədbirləri yenidən qiymətləndirilməli olduğunu göstərir:
- Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi ilə Mir Cəlal Paşayev küçəsinin kəsişməsində inşa olunan kollektorun 8-ci şaxtasında növbəti yol-nəqliyyat hadisəsi baş verib. Dünən həmin şaxtaya Bolt şirkətinə məxsus avtomobil düşüb. Bir neçə gün əvvəl isə Pirşağı qəsəbəsində tikilməkdə olan analoji kollektorun şaxtasında da oxşar hadisə yaşanmışdı. Ardıcıl baş verən bu hadisələr göstərir ki, tikinti zonasında müvəqqəti yol hərəkətinin təşkili və təhlükəsizlik tədbirləri yenidən qiymətləndirilməlidir. Əraziyə baxış zamanı görünür ki, təxminən 9 metr dərinliyində olan açıq şaxtaların ətrafı beton New Jersey tipli baryerlərlə deyil, rezin sədlərlə mühafizə olunub. Bu isə nəqliyyat vasitələrinin təhlükəli zonaya daxil olmasının qarşısını almaq üçün kifayət etmir. Bundan əlavə, bir sıra vacib təhlükəsizlik elementləri çatışmır; xəbərdarlıq nişanlarının sayı və görünürlüğü kifayət deyil. Yanıb-sönən istiqamətləndirici ox lövhələri quraşdırılmayıb. Mərhələli sürət məhdudiyyəti tətbiq olunmayıb. "İrəlidə maneə" və digər müvəqqəti yol nişanları kifayət qədər deyil. Şaxtaya yaxın hissədə zərbəuducu beton baryerlər quraşdırılmayıb. Reflektorlu nişanlanma və gecə görünürlüğünü artıran işıqlandırma mövcud deyil.
R.Ağamirzəyev qeyd etdi ki, digər mühüm problem isə tikinti başa çatan hissələrdə asfalt örtüyünün üst layının vurulmamasıdır:
- Yol zolaqları arasında yaranan səviyyə fərqi yüksək sürətlə hərəkət edən avtomobillər üçün ciddi risk yaradır, idarəetmənin itirilməsi və yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır. Belə sahələrdə müvəqqəti nişanlanma və sürət məhdudiyyətləri də mütləq tətbiq edilməlidir. Tikinti aparılan yol sahələrində əsas məqsəd yalnız işlərin görülməsi deyil, eyni zamanda həmin müddətdə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün beynəlxalq təcrübəyə uyğun olaraq beton New Jersey baryerləri, yanıb-sönən istiqamətləndirici işıqlar, reflektorlu maneə nişanları, mərhələli sürət məhdudiyyətləri və effektiv işıqlandırma tətbiq edilməlidir. İnsan həyatı hər bir tikinti layihəsindən daha qiymətlidir. Təhlükəsizlik tədbirləri qəza baş verdikdən sonra deyil, risk yaranmadan əvvəl görülməlidir.