Tovuz döyüşləri maraqlı qüvvələrə bir dərs oldu

Azərbaycanda əsgərlərdən öndə vuruşan, onları qorumaq üçün öz canlarından keçən yeni zabit nəsli yetişib

  “Tovuz döyüşləri regionda yeni geosiyasi konfiqurasiyanın formalaşmasının, Qərbdəki bəzi çevrələrin, ilk növbədə də Böyük Britaniyanın buradakı reallığı daha dəqiq dəyərləndirməsinin başlanığıcı oldu”. Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Deputat bildirib ki, 2016-cı ilin aprel döyüşlərində o zaman polkovnik rütbəsi daşıyan Mayis Bərxudarov,  şəhid  polkovnik-leytenantlar Murad Mirzəyev, Raquf Orucov, mayor Samid İmanov və digərləri öz hərəkətləri, qəhrəmanlıqları ilə göstərdilər ki, Azərbaycanda əsgərlərdən öndə vuruşan, onları qorumaq üçün öz canlarından keçən yeni zabit nəsli yetişib: “Sovet ordusundan qalma ənənəyə, atmosferə tam son qoymaq yolundayıq

Həmin zabitlərin arasında o zaman polkovnik rütbəsində olan Polad Həşimov və polkovnik-leytenant Həmid Şükürov (İkinci Qarabağ savaşı şəhidi) kimi qəhrəmanlar da vardı. Elə məhz Tovuz döyüşləri zamanı Polad Həşimov örnəyi ordudakı başqa bir reallığı da üzə çıxardı. 

Gördük ki, Azərbaycanda yeni komandirlər nəslinin yaranmasıyla yanaşı, zabit şərəfini, öz dövlətinin maraqlarını hər şeydən üstün tutan, savadlı, savadlı olduğu qədər də ləyaqətli hərbi elita da formalaşmaq üzrədir. Orası da bəlli oldu ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev orduda kimin nə ilə nəfəs aldığını dəqiq bilir. Əks halda 2013-cü ildə rəhbərlik etdiyi hərbi hissədəki  ölüm hadisəsinə görə rütbəsi polkovnik-leytenantdan mayora endirilən Polad Həşimova cəmisi bir il sonra “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden verilməzdi. Aprel döyüşlərində mühüm rol oynamış birinci korpusun qərargah rəisi təyin olunmaz, general rütbəsi almazdı”.

  Parlament üzvü vurğulayıb ki, bir sözlə, Tovuz döyüşləri 2016-cı ildə start verilən prosesin qarşısını almağın mümkünsüzlüyünün təsdiqi idi: 

“Haylara neft və qaz kəmərlərimizin cəmi bir neçə kilometrliyində təxribat törətməyi  məsləhət görənlər, ehtimal ki, bununla Azərbaycanı öz torpaqlarını geri qaytarmaq niyyətindən çəkindirməyə çalışırdılar. Ancaq alınmadı, çünki cənab İlham Əliyev kimi düşmənlə ona havadarlıq edənlərin bütün addımlarını dəqiqliklə oxuyub qarşısını almağı bacaran liderimiz və burada adlarını böyük ehtiramla çəkdiyim  zabitlərimiz vardı. Şəhid olanların ruhları qarşısında baş əyir, xidmətdə olanlara uğurlar arzulayıram!”.