Çavuşoğlu Ankaranın iki probleminin olduğunu deyib
Xarici işlər naziri Mövlud Çavuşoğlu gündəmlə bağlı açıqlamalar verib. Çavuşoğlu bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Madriddə keçirilən dördtərəfli Zirvə toplantısında Türkiyənin qırmızı xətlərini açıqlayıb. Nazir vurğulayıb ki, terrorçu YPG və PYD təşkilatları ilk dəfə NATO sənədində yer alıb. Çavuşoğlu Türkiyənin ABŞ-dan F-16 tələb etməsi ilə bağlı mənfi mənzərənin olmadığını bildirib.
“NATO Sammitinə bir neçə gün qalmış iki ölkə tələblərimizi qəbul etdi”
“Şərq” qəzeti Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu Ankaranın iki probleminin olduğunu deyib: “Birincisi, PKK terror təşkilatı hər iki ölkədə açıq fəaliyyətdədir. İkincisi, sənaye məhsullarına qarşı bizə tətbiq edilən embarqodur. NATO-nun baş katibi Stoltenberq bu prosesə müdaxilə edib. Biz öz layihəmizi göndərdik. NATO Sammitinə bir neçə gün qalmış iki ölkə tələblərimizi qəbul etdi. Lakin bəzi məsələlərdə fikir ayrılıqları qalıb. Madriddə keçirilən danışıqlarda müzakirələr davam etdirilib. Möhtərəm Prezidentimiz Türkiyənin qırmızı xətlərini açıqladı. Artıq PKK da NATO-nun terror siyahısındadır”.
“Anlaşma yalnız üç ölkə ilə məhdudlaşmayacaq”
XİN rəhbəri qeyd edib ki, Finlandiya və İsveç NATO üzvlüyü ilə bağlı Türkiyənin milli təhlükəsizlik narahatlıqlarına hörmət etməlidir: “Baş nazirlər və prezidentlər də daxil olmaqla, terror təşkilatlarına heç bir dəstək verməyəcəklərini deyiblər. Digər tərəfdən, iki ölkə terrorizmlə mübarizə və müdafiə sənayesi ilə bağlı qanunlarını yeniləməlidir. Bağladığımız anlaşma memorandumu bu ölkələr üçün çox faydalıdır. İsveç və Finlandiya terrorizmlə mübarizədə Türkiyə ilə əməkdaşlığa sadiq qalacaqlarını bildiriblər. PKK-nın tərəfdar toplamasının qarşısını alacaqlarını söyləyiblər. Anlaşma memorandumu üçün digər NATO ölkələrinin də orada iştirakını təmin edəcəyik. Yalnız üç ölkə ilə məhdudlaşmayacaq. Bu, yazılı öhdəlikdir. ABŞ və Fransanın bu məsələdə riyakarlığı var. Onlar da bir az ABŞ-a arxalanırdılar. Amma sonda onlar masa arxasında oturmalı olublar”.
“Müxalifətimizin niyə narahat olduğunu başa düşə bilmirəm”
Çavuşoğlu bəyan edib ki, əgər iki ölkə vədlərinə əməl etməsə, biz də buna uyğun addımlar atacağıq: “Mən həqiqətən müxalifətin bu məsələyə yanaşmasını anlamağa çalışıram. Terrorçu qruplaşmalar, FETÖ bu anlaşmadan narahatdır. Yunanıstan narahatdır. İsveç və Finlandiya müxalifəti narahatdır. Müxalifətimizin niyə narahat olduğunu başa düşə bilmirəm. Deputatların rəyi ilə qanun qəbul ediləcək. Biz millət olaraq bu mübarizəni aparırıq. Müxalifət bu iki ölkəyə sözünü çatdırmaq üçün heç vaxt təzyiq göstərməyib. HDP ilə siyasi ortaqlıq qurmaq istəyən partiyalar ikiüzlülük nümayiş etdirirlər”.
“Türkiyənin ABŞ-dan F-16 tələbi var”
Türkiyə xarici işlər naziri deyib ki, ABŞ-la münasibətlərdə nisbətən müsbət ab-hava var: “Çox güman ki, problemlər həll olunacaq, münasibətlər düzələcək. F-16 ilə bağlı danışıqlarımız çox müsbət keçdi. ABŞ Prezidenti Co Bayden də F-16-ların Türkiyəyə verilməsinin tərəfdarı olduğunu, lakin təsdiqin Konqresdən keçməli olduğunu bildirdi. Demokratlar Partiyasında buna qarşı çıxan bir neçə senator var. Bununla belə, hazırda mənfi mənzərə görmürük”.
“Suriyada hərbi əməliyyata hazırıq”
Çavuşoğlu deyib ki, ABŞ-ın YPG-yə yardımından məyus olduqlarını dəfələrlə dilə gətiriblər: “Milli təhlükəsizlikdən söhbət gedəndə kimin nə dediyinin əhəmiyyəti yoxdur. Türkiyə beynəlxalq hüquq çərçivəsində nə lazımdırsa edir. Rusiya və ABŞ-ın Türkiyəyə heç nə deməyə haqqı yoxdur. Rusiyanın atdığı hər addım bizi qane etmir. Biz bununla bağlı kifayət qədər şəffaf davranırıq”.
Ukrayna-Rusiya müharibəsinin səbəb olduğu ərzaq böhranı...
O deyib ki, Birləşmiş Millətlər Təşkilatının bununla bağlı obyektiv və yaxşı planı var: “BMT həm Rusiyanın, həm də Ukraynanın ixrac ehtiyaclarını ödəyə bilər. Plan baş tutsa, Ukrayna taxılını beynəlxalq miqyasda ixrac edə biləcək. Həmin ərazini minalardan təmizləmədən təhlükəsiz xətlər qurmaq mümkün deyil. Hazırda dünyada ərzaq qiymətləri çox yüksəkdir. Biz istəyirik ki, bu problem həm Ukraynanın, həm də Rusiyanın xeyrinə həll olunsun”.
İsraillə normallaşma addımları...
XİN başçısı vurğulayıb ki, İsraildə hakimiyyət dəyişikliyi münasibətlərimizə mənfi təsir göstərməyəcək: “Seçkilər oktyabrda başlayacaq.
Bundan sonra səfir təyinatlarına başlayacağıq. Biz həmçinin Misirlə münasibətlərdə də istədiyimiz qədər sürətli deyilik. Hər iki tərəfdə eyni sürət olmalıdır”.