"YAŞAT" yaşadır

Fonda yığılan vəsaitin 61 milyondan artığı şəhid ailələri və qazilərə xərclənib

  Bu günə qədər "YAŞAT" Fonduna 73 milyon 781 min vəsait toplanıb. Bu barədə Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransında deyib. Fondun rəhbəri bildirib ki, yığılan məbləğin 61 milyon 114 min 757 manatı fəaliyyət istiqamətləri üzrə xərclənib. Ölkə ərazisində 2 min 927 şəhidin ailə üzvləri, habelə 5 min 599 yaralı olmaqla ümumilikdə 16 min 966 şəxslə  görüşülüb, ehtiyacları qeydə alınıb. 26 min 616 müraciət isə icra üçün öhdəliyə götürülüb. 

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 min 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 min 791 müraciəti olmaqla ümumilikdə 10 min 215 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib. Şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına 5 min məbləğində depozit hesabı açılıb. Təhsil haqqı qarşılanan 94 şəxsin ödənişi Fond tərəfindən, 72 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 907 və yaralıların 4 483 müraciəti olmaqla ümumilikdə 9 390 müraciət təmin edilib. YAŞAT Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib. Qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib. 

Əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib. Bununla yanaşı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 832, itkin ailə üzvlərinin 3 və yaralıların 1 166 müraciəti olmaqla ümumilikdə 2 001 müraciət təmin edilib. YAŞAT Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində, "Springs Wellness Resort” otelində ümumilikdə 211 uşağı əhatə edən 6 düşərgə təşkil edilib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər keçirilib. “Teknofest - Azərbaycan”da “YAŞAT” Fondu tərəfindən şəhid övladlarından ibarət komandanın Zəfər yolu üzərindən dron uçuşu nümayişi təşkil olunub. Eyni zamanda maketin yanında Fondun hesabatlılığı ilə bağlı videoçarx nümayiş olunub. Təqdimat “Kristal Abşeron”un dəstəyi ilə hazırlanıb.

  Fondun müstəsna xidmətləri ilə bağlı “Şərq”ə danışan millət vəkili Cavid Osmanov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin yürütdüyü siyasətin ən prioritet istiqamətlərindən biri şəhid ailələrinin üzvlərini, o cümlədən qazilərimizi narahat edən problemlərin həllidir. Deputat vurğulayıb ki, dövlət tərəfindən bu sahədə çox mühüm və vacib addımlar atılıb: 

“Şəhid ailələrinin və qazilərin mənzil-məişət səviyyəsinin yaxşılaşdırılması, onların avtomobillərlə təmin olunması, 2021-2025-ci illəri əhatə edən proqramın hazırlanması, daxildə və xaricdə tibbi xidmətin göstərilməsi, müasir protezlərlə təmin olunmaları, sosial müavinətlərin artırılması bu sahədə atılmış addımların tərkib hissəsidir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Şəhid ailələrinə və qazilərə fərdi evlərin, avtomobillərin verilməsində, problemlərinin həll olunmasında Heydər Əliyev Fondu mühüm layihələrə imza atıb. Eyni zamanda bu həssas qrupa daxil olan insanların məşğulluğunun təmin olunması sahəsində də vacib işlər görülüb. Bir sözlə, Azərbaycan bu sahədə dünya üçün nümunəvi model təqdim edib. Dövlət başçısı dəfələrlə bəyan edib ki, hər bir vətəndaş şəhid ailələri və qazilərə çox həssaslıqla yanaşmalıdır. Bu, dövlət strukturları qarşısında da bir nömrəli vəzifə kimi qoyulub”. 

  Deputat qeyd edib ki, şəhid ailələrinə və qazilərə daha yüksək xidmət göstərilməsi üçün atılan addımlardan biri də Prezidentin Sərəncamı ilə YAŞAT Fondunun yaradılmasıdır: 

“YAŞAT Fondunun başlıca vəzifəsi şəhid ailələrinin üzvlərinə, qazilərimizə onları narahat edən problemlərin həlli istiqamətində yardımların göstərilməsidir. YAŞAT Fondu xalqımızın həmrəyliyini bir daha ortaya qoydu. Sadə vətəndaşlar və təqaüdçülərdən tutmuş, iş adamlarına, məmurlara, dövlət qulluqçularınadək yüz minlərlə şəxs Fonda vəsait köçürdü. Hər kəs səfərbər oldu. YAŞAT Fondu da üzərinə düşəni layiqli şəkildə həyata keçirərək ciddi addımlar atdı. 

Hesabatda açıqlanan rəqəmlər bir daha onu göstərir ki, YAŞAT Fondu şəhid ailələrinin üzvlərinə, qazilərimizə çox böyük diqqət və qayğı göstərib. Hər bir şəhid ailəsi, o cümlədən qazilərimiz dövlət rəhbərliyinə onlara göstərilən yüksək diqqət və qayğıdan dolayı öz təşəkkürlərini bildirirlər. Fond yarandığı gündən bu yana dövlət siyasətinə uyğun olaraq çox mühüm addımlar atmaqdadır”.