“Yaşlanan əhali pensiya sisteminə və dövlət büdcəsinə ciddi yük yaradacaq” - Natiq Cəfərli

Demoqrafik dəyişikliklərin təsirlərini minimuma endirmək üçün dövlət uzunmüddətli strategiya hazırlamalıdır

“Azərbaycanda əhalinin sayının azalması və demoqrafik strukturun dəyişməsi artıq uzun müddətdir müşahidə olunan prosesdir və bu tendensiya ölkənin sosial-iqtisadi inkişafına ciddi təsir göstərə bilər”.

 Bu sözləri “Sherg.az”a deputat Əli Əhmədovun Azərbaycanda doğum səviyyəsinin azalması nəticəsində yaxın illərdə məktəblərdə şagird sayının azalacağı və bunun müəllimlərin ixtisarı riskini artıracağı ilə bağlı fikirlərini şərh edən ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. 

İqtisadçının sözlərinə görə, son on ildən artıq dövrdə doğum səviyyəsinin azalması ilə bağlı statistik göstəricilər mövcuddur və dövlət qurumları bu prosesin mümkün nəticələrinə əvvəlcədən hazırlaşmalı idi: “Demoqrafik dəyişikliklər yalnız təhsil sektoruna təsir edən məsələ deyil və bu problemi yalnız müəllimlərin ixtisarı prizmasından qiymətləndirmək düzgün yanaşma deyil. Bu çox ciddi bir hadisədir. Əhalinin yaş strukturunun dəyişməsi daha geniş sosial və iqtisadi nəticələr doğura bilər. Əhali getdikcə yaşlanır, əmək bazarında gənc və işlək əhalinin payı azalır. Bu isə uzunmüddətli perspektivdə sosial təminat sisteminə, xüsusilə pensiya sisteminin dayanıqlığına təsir göstərən əsas amillərdən biridir. Gələcəkdə işləyən əhali ilə pensiya alanların nisbətində dəyişiklik baş versə, bu, dövlət büdcəsinə əlavə yük yaradacaq. Sosial ödənişlərin təmin olunması üçün kifayət qədər vergi ödəyicisinin olması vacibdir. Bu səbəbdən demoqrafik dəyişikliklər təkcə sosial məsələ deyil, həm də iqtisadi və fiskal sabitlik baxımından strateji əhəmiyyət daşıyır. Tək müəllimlərin ixtisarı kontekstində dəyərləndirmək problemin miqyasını kiçildir”. 

Partiya sədrinin fikrincə, bu vəziyyətin yarada biləcəyi problemlərin qarşısını almaq üçün alternativ məşğulluq imkanlarının yaradılması xüsusilə vacibdir. O hesab edir ki, yaranacaq mümkün işsizlik risklərinin azaldılmasının əsas yollarından biri ölkədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir:

“İqtisadiyyatın məhz bu seqmenti yeni iş yerlərinin yaradılması baxımından daha çevik və effektiv mexanizm hesab olunur. Hazırda müəllimlərin böyük hissəsi repetitorluq fəaliyyəti ilə məşğul olur və bu sahə faktiki olaraq geniş yayılıb. Lakin bu fəaliyyətin hüquqi və iqtisadi baxımdan tam tənzimlənməməsi müəyyən problemlər yaradır. Repetitorluq fəaliyyətinin leqallaşdırılması və rəsmi iqtisadi fəaliyyət kimi tanınması müəllimlərin sosial müdafiəsininin gücləndirilməsinə şərait yarada bilər. Əgər gələcəkdə məktəblərdə şagird sayının azalması nəticəsində müəllimlərin ixtisarı baş verərsə, bu zaman həmin şəxslərin öz ixtisaslarına uyğun şəkildə fərdi təhsil xidmətləri göstərməsi və kiçik sahibkar kimi fəaliyyət göstərməsi üçün dövlət tərəfindən əlverişli biznes mühiti yaradılmalıdır. Bu, həm müəllimlərin əmək bazarından kənarda qalmamasına, həm də təhsil xidmətləri bazarının daha şəffaf və səmərəli fəaliyyət göstərməsinə kömək edə bilər”.

N. Cəfərli hesab edir ki, demoqrafik dəyişikliklərin təsirlərini minimuma endirmək üçün dövlət uzunmüddətli strategiya hazırlamalı, əmək bazarının gələcək strukturunu nəzərə alaraq həm təhsil, həm də iqtisadi siyasətdə uyğun addımlar atmalıdır. Onun fikrincə, yalnız kompleks yanaşma və iqtisadi diversifikasiya sayəsində demoqrafik dəyişikliklərin yaratdığı riskləri azaltmaq mümkün olacaq.