
Zərdüşt Əlizadə: “Xankəndidə evi, mülkü, maşını olan ermənilər onları atıb getmək istəmirlər”
“Hökumətimiz düzgün siyasət yürüdür” “Hər kəs duyğuları, heysiyyatı ilə yaşamır. Ermənilər içərisində ağılla düşünənlər, qabağı görənlər də var"
Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsi və qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, silahsızlaşdırılması prosesi gedir. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qarabağın erməni sakinlərini təmsil edən nümayəndələrlə Azərbaycan mərkəzi hökumətinin rəsmiləri arasında Yevlaxda və Xocalıda dialoqlar baş tutub və bəzi məsələlər müzakirə edilib. Erməni sakinlərin xahişi əsasında onlara tonlarla humanitar yardımlar, ərzaq və tibbi ləvazimatlar, o cümlədən yanacaq göndərilib. Həmçinin Xankəndiyə elektrik enerjisinin verilməsi də təmin olunub. Proseslərdən sonra vətəndaşlıq üçün Azərbaycan hökumətinə müraciət edən ermənilər də olub. Ancaq bütün bunlara rəğmən, hazırda Qarabağ erməniləri arasında könüllü olaraq Ermənistana köç edənlər də var. 3 mindən artıq erməniəsilli sakin Qarabağ bölgəsini tərk ediblər. Onların sərbəst və təhlükəsiz keçidi Rusiya sülhməramlıları və Azərbaycanın müvafiq qurumları tərəfindən tam təmin olunub. Onlar özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gediblər. Erməni blogerlər, bir sıra siyasilər isə ermənilərin Qarabağda qalması, bölgəni tərk etməməsi üçün çağırışlar edirlər. Məsələn, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov deyib ki, Qarabağ erməniləri Azərbaycanın iqtisadi imkanlarından istifadə edib daha yaxşı yaşaya bilərlər. Onun sözlərinə görə, Qarabağın gələcəyi Azərbaycanla bağlıdır: “Reinteqrasiyaya başlamaq üçün yeni eskalasiya lazım idimi? Yenidən qan tökülməsinə ehtiyac var idimi? Niyə bu xunta 2020-ci ildən sonra mülki əhalini girov saxlayaraq Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmadı və "müdafiə ordusu"nu ləğv etmədi? 44 günlük müharibədən sonra 3 il vaxt itirildi". Qarabağ Erməniləri Hərəkatının üzvü Valeri Yeritsyan da vurğulayıb ki, xunta ucbatından itirilmiş təxminən üç il ərzində Qarabağda yaşayan ermənilərin həyatını yaxşılaşdırmaq mümkün idi: “Ermənistanın xuntaya verdiyi maliyyə yardımı yalnız hərbi ehtiyaclar üçün istifadə olunurdu. Həm 44 günlük müharibədən əvvəl, həm də ondan sonra insanlar ağır sosial-iqtisadi şəraitdə yaşayıb. Azərbaycanın 2020-ci ildə başlatdığı Qarabağın bərpası prosesi ermənilərin yaşadığı şəhər və kəndlərə də təsir edə bilər. Məhz xuntanın ucbatından biz üç il itirdik, bu müddət ərzində Qarabağda ermənilərin həyatını yaxşılaşdırmaq olardı”. Hərəkatın digər üzvü Georgi Arakelyan da deyib ki, yaxşı yaşayış üçün gözlərini qərbə - Ermənistan tərəfə deyil, şərqə - Azərbaycan tərəfə dikməlidirlər: "Gözlənildiyi kimi, Ermənistan bizi atdı. Bütün bunlar ona görədir ki, biz onlar üçün həmişə yad olmuşuq. Sovet illərində də, Sovet İttifaqı dağıldıqdan sonra da. 80-ci illərdə "miatsum" ideyası sırf Ermənistanda yeni siyasi qüvvələrin hakimiyyətə gəlməsi üçün düşünülmüşdü. 80-ci illərdə olduğu kimi, indi də bizi istifadə edib kənara tulladılar. Tarix təkrarlanır. Ümid edirəm, Qarabağ erməniləri, nəhayət, anlayacaqlar ki, yaxşı yaşamaq üçün gözlərini qərbə - Ermənistan tərəfə deyil, şərqə - Azərbaycan tərəfə dikməlidirlər".
Qurumun üzvü Karina Eritsyan da bildirib ki, Qarabağın erməni sakinlərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur: "Hələ də "müstəqillik" arzusunda olanlar başa düşməlidir ki, vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycan və Ermənistan sülh sazişi imzalamaq barədə danışıqlar aparır. Bu kontekstdə Qarabağ ermənilərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur. Qarabağ erməniləri başa düşməlidir ki, onların taleyi ABŞ, Fransa, Ermənistan və digərlərindən deyil, özlərindən asılıdır. Xarici dövlətlər kömək etməyəcək. Bundansa reinteqrasiya və Azərbaycanda birgəyaşayış məsələsində ciddi yanaşma ortaya qoymaq lazımdır".
Politoloq Zərdüşt Əlizadə "Sherg.az"a açıqlamasında deyib ki, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər işğalın davam etdiyi 30 il ərzində, hətta ondan da sonra həmin torpaqlarda azərbaycanlıları görməyiblər, onlarla birgə yaşamayıblar. Ekspert vurğulayıb ki, erməni mətbuatı, siyasilər, ümumiyyətlə, onların təbliğat maşını durmadan, gecə-gündüz türklərin "vəhşiliyindən", ermənilərə qarşı "soyqırım" təşkil etməklərindən danışıblar:

"Ermənilər fasiləsiz olaraq böyükdən-kiçiyə hamı arasında türklərə, azərbaycanlılara qarşı təbliğat aparıblar. Özlərini "soyqırıma" məruz qalmış, "günahsız", "məsum" toplum olaraq təqdim ediblər. Bu yalanlar, uydurmalar uzun illər ermənilərin beyninə yeridilib, zəhərləniblər. Məhz həmin təbliğatın nəticəsi olaraq azərbaycanlılara güvənmirlər, qorxurlar. Ancaq oturub düşünsələr görərlər ki, Azərbaycan hökuməti onlara hər cür təminatı verir, müzakirələrdən dərhal sonra ərzaq, tibbi məhsullar, yanacaq göndərir. Hazırda iki xalqın da bir-birinə inamı, etimadı yoxdur. Çünki uzun illərdir müharibə şəraitində yaşamışıq, savaşlar baş verib, ölənlər, yaralananlar olub. Movcud vəziyyəti düzəltmək üçün müəyyən addımlar atılmalıdır. Əlbəttə, hökumətdən çox şey asılıdır. Hökumətimiz düzgün siyasət yürüdür. Prezident çıxışında ermənilərə çağırışlar edir, onlara qarşı heç bir təhqiredici sözdən, yanaşmadan istifadə olunmur. Hər dəfə erməni sakinlərə vətəndaşlıqla bağlı normal çağırışlar edilir, onların bütün hüquqlarının təmin olunacağı deyilir. Əlbəttə, kimsə israrla yaşamaq istəmirsə, yol açıqdır, onu zorla Qarabağda saxlayası deyilik. Getmək istəyənlərə də şərait yaradılır, Ermənistandan göndərilmiş avtobuslara oturaraq torpaqlarımızı tərk edirlər. Gedən ermənilərə jurnalistlər suallar ünvanlayırlar və çoxları cavab verir. Özləri etiraf edirlər ki, könüllü gedirlər, onları kimsə məcbur etmir, qovmur, zorla göndərmir. Bu cür etiraflar mühümdür. Ətrafı gedir, onlar da gedənlərə qoşulur. Məsələn, bir binada yaşasam və görsəm ki, hamı köçüb, tək qalmamaq üçün mən də köçəcəm. Yəni küyə düşənlər var. Ermənistanın əsassız ittihamlarına baxmayaraq, dünya da artıq görür ki, bizim ermənilərə qarşı zorakılıq etmək, öldürmək niyyətimiz, qəsdimiz yoxdur".
Z.Əlizadə vurğulayıb ki, Qarabağ ermənilərinin də vətəndaşlıq üçün müraciəti təbiidir: "Xüsusən, yaşlı nəslin nümayəndələri vətəndaşlıq almaq istəyəcəklər. Ağılları varsa, düşünəcəklər ki, Azərbaycan hökuməti Xankəndidə yaşayan ermənilər üçün nümunəvi şərait yaradacaq. Bu fürsətdən yararlanmaq üçün qalmaq istəyənlər olacaq. Xankəndidə evi, mülkü, maşını olan ermənilər var və onları atıb getmək istəmirlər. Bəlkə də ara sakitləşəndən, evini, torpağını ASAN Xidmətdə qeydiyyatdan keçirəndən sonra azərbaycanlılara satıb gedəcək. Şübhə yox, Xankəndiyə xeyli azərbaycanlı da köç edəcək. Həyatda çox şey maddiyyatla, pulla bağlıdır. Hər kəs duyğuları, heysiyyatı ilə yaşamır. Ermənilər içərisində ağılla düşünənlər, qabağı görənlər də var".