Paytaxtı su basmağa davam edəcək, problemin həlli üçün daha 10 il gözləməliyik
Yağış suları fəlakətindən sonra ictimaiyyətə açıqlama verən rəsmi şəxs hələ ki yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur. Sədrin problemlə bağlı müsahibə verməsi, bəzi detallar barədə açıq danışması həm təqdir edilir, həm də ondan bundan daha artığını söyləməsi istənilir. Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mrəkəzinin direktoru Osman Gündüz ADSEA sədrinin müsahibəsindən çıxan nəticə barədə fkrini bildirib.
“Sherg.az” xəbər verir ki, O.Gündüz “deməli yalnız 2035-ci ildə "normadan artıq yağan yağışlar" Bakını iflic etməyəcək”, söyləyərək problemin yaxın zamanda həllinin çətin olacağını, 2035-ci ilədək gözləməli olacağımızı diqqətə çatdırıb:
- Bir neçə gün öncə Bakıda “normadan artıq yağan yağışlar” nəticəsində yaranan problemlərlə bağlı hesabatlılıq məsələsinə toxunmuşdum. Xüsusilə də, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı açıq məlumatların olmamasını qeyd etmişdim. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu mövzu ilə bağlı ötən həftə geniş müsahibə verib. Müsahibədə axtardığım fikir təbii ki, problemin nə zaman həll olunacağı ilə bağlıyı. Və dərhal da tapdım. Zaur müəllim müsahibədə bildirib ki, ilk nəticələr 2028–2030-cu illərdə görünəcək, problemin tam həlli isə 2035-ci ilə planlaşdırılır. Yəni bu o deməkdir ki, nəzəri olaraq 2035-ci ildən sonra bu tip yağışlar Bakını iflic etməməlidir. Müsahibədə 12 yeni kollektor tikiləcəyi, 9 təmizləyici qurğu qurulacağı və s. bildirilib. Amma bu hədəflərin nə dərəcədə real olduğu ilə bağlı ciddi suallar hələlik açıq qalır. Proqramın maliyyə mənbələri tam aydın deyil. Görəsən Layihələr əsasən dövlət büdcəsi hesabına maliyyələşəcək, yoxsa abonent ödənişləri və digər mənbələrdən olacaq? Eyni zamanda konkret icra qrafiki, prioritet layihələr və ayrılacaq vəsaitlər barədə ictimaiyyət üçün əlçatan məlumatlar hələlik yoxdur. İctimai nəzarətin əsas gücü məhz açıq və faydalı informasiyadır. Bu məlumatlar olmadan nə prosesin gedişini, nə də nəticələrin effektivliyini obyektiv qiymətləndirmək mümkündür. Bununla belə, cavabdeh qurum rəhbərinin ictimai çağırışları nəzərə alaraq Proqarmla və görüləcək işlərlə bağlı açıqlamalar verməsi təqdirəlayiqdir. Ümid edirəm qarşıdakı dövlərdə Proqarmın şəffaf formada icrasını və problemlərin də addım-addım aradan qaldırılmasını müşahidə edəcəyik.