İran-ABŞ dialoqu uğurdur, amma razılaşma hələ uzaqdadır - RƏY

Pakistanın vasitəçiliyi ilə həm də Vaşinqton və Tehran “qırmızı xətləri” üzə çıxardı

“İslamabadda aparılan ABŞ- İran danışıqlarını uğur kimi qiymətləndirirəm. İlk dəfə idi ki, ABŞ və İran təmsilciləri birbaşa görüşürdülər”.

Sherg.az xəbər verir ki, bu sözləri  Pakistanın vasitəçiliyi ilə baş tutan İranla ABŞ arasındakı danışıqları şərh edən siyasi şərhçi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib. Siyasi şərhçi qeyd edib ki, əvvəlki mərhələlərdə tərəflər əsasən vasitəçilər üzərindən təmas qururdularsa, bu dəfə İslamabadda baş tutan görüş ən yüksək səviyyədə birbaşa dialoqla yadda qaldı:

“Bu görüş zamanı tərəflər bir-birinin şərtlərini, tələblərini və hansı həddə qədər irəliləyə biləcəklərini daha aydın şəkildə anlama imkanı əldə etdilər. Nəticə etibarilə, konkret razılaşma əldə olunmasa da, bu təmas prosesi mühüm mərhələ kimi dəyərləndirilməlidir. Ən azından, ABŞ və İran arasında birbaşa dialoqun qurulması tərəflərin qarşılıqlı “qırmızı xətləri”ni daha dəqiq müəyyənləşdirməsinə şərait yaratdı.

Ə. Şahidov qeyd edib ki, hər iki tərəfin İslamabada maksimalist mövqe ilə gəlməsi görüşün nəticəsiz qalacağını əvvəlcədən deməyə əsas verirdi: “Sanki tərəflər real razılaşmadan çox bir-birinin mövqeyini yoxlamağa çalışırdı. ABŞ-ın şərtləri dəyişməz olaraq qalır. İran uranın zənginləşdirilməsi proqramından imtina etməli, Beynəlxalq Atom Enerjisi Agentliyi əməkdaşlarına nüvə obyektlərinə maneəsiz giriş imkanı yaratmalı, Hörmüz boğazı açıq saxlanılmalı, Yaxın Şərqdəki proksi qüvvələrə dəstək dayandırılmalı və uzaqmənzilli raket proqramı məhdudlaşdırılmalıdır. Lakin bu tələblər İran tərəfindən qəbul edilmir və rəsmi Tehran bu məsələləri öz milli suverenliyinin ayrılmaz hissəsi kimi qiymətləndirir.

İranın mövqeyi də kifayət qədər sərtdir. Rəsmi Tehran ABŞ və İsrail tərəfindən hərbi müdaxilənin olmayacağına dair açıq təminat tələb edir, uzun illərdir tətbiq olunan sanksiyaların tam şəkildə aradan qaldırılmasını və dondurulmuş milyardlarla dollar vəsaitinin geri qaytarılmasını istəyir. Eyni zamanda İran Hörmüz boğazı üzərində nəzarətini gücləndirməyə, hətta bu strateji keçidə dair mövqeyini beynəlxalq səviyyədə qəbul etdirməyə çalışır. İran bu boğazı faktiki olaraq milliləşdirməyə çalışır, lakin bu, beynəlxalq sulardır və heç bir ölkənin nəzarətində ola bilməz. Ona görə də bu yanaşma ABŞ tərəfindən qəbuledilməz sayılır, çünki Vaşinqtonun milli təhlükəsizlik doktrinasında beynəlxalq suların açıq və təhlükəsiz qalması əsas prinsiplərdən biridir və bu baxımdan Hörmüz boğazı ABŞ üçün qırmızı xətlərdən biri hesab olunur. ABŞ-ın əsas prioriteti Hörmüz boğazında sərbəst və təhlükəsiz beynəlxalq keçidin təmin olunmasıdır”. 

Ə. Şahidov qeyd edib ki, hazırda aktiv hərbi əməliyyatlar getməsə də, bu yalnız müvəqqəti pauzadır və rəsmi atəşkəs yoxdur: “Tərəflər növbəti danışıqlar üçün imkan saxlayır, lakin tərəflərin maksimalist şərtləri ortaq razılığın əldə olunmasını çətinləşdirir və yaxın vaxtlarda yeni raundun keçirilməsi istisna edilmir”.