Ötən tədris ilində ABŞ-da 1329 azərbaycanlı tələbə təhsil alıb. Bu, əvvəlki illə müqayisədə 18 faiz artım deməkdir.
APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ səfirliyi və “Education USA” tərəfindən ABŞ-da təhsillə bağlı təşkil olunmuş sərgidə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dördüncü ildir ki, ABŞ-a üz tutan azərbaycanlı tələbələrin sayında artım qeydə alınır.
“ABŞ azərbaycanlı tələbələrin ali təhsil almaq üçün üstünlük verdiyi istiqamətlərdən biri olaraq qalır və biz son illərdə əlamətdar artımın şahidi olmuşuq. Ardıcıl olaraq dördüncü ildir ki, ciddi artım müşahidə olunur və bu, Amerika təhsilinin keyfiyyətinə olan etimadın getdikcə artdığını göstərir. ABŞ-da təhsil alan azərbaycanlı tələbələr yalnız yüksək səviyyəli təhsil əldə etmirlər. Onlar həm də mədəniyyətlər arasında körpü rolunu oynayır, uzunmüddətli əlaqələr qurur və Azərbaycana ölkənin inkişafına töhfə verə biləcək yeni və innovativ baxışlarla qayıdırlar", - Emi Karlon qeyd edib.