
Əksəriyyəti oğlanlardır: Evlənmək istəyən 34 nəfərdə QİÇS xəstəliyi tapılıb
“Nikaha daxil olmaq istəyən və QİÇS aşkarlanan şəxslərin bu məlumatı ailə qurmağa hazırlaşdığı şəxsdən gizlədəcəyi inanılmazdır"

Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın məlumatına görə, Azərbaycanda nikaha daxil olmaq istəyən daha 34 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb.
Onun sözlərinə görə, QİÇS aşkarlananların mütləq əksəriyyəti oğlandır. Onların hər birinə fərdi şəkildə bu xəstəliyin aşkarlandığı barədə məlumat verilib və həmin şəxslər haqqında məlumat SPİD Mərkəzinə göndərilib: "Nikaha daxil olmaq istəyən və QİÇS aşkarlanan şəxslərin bu məlumatı ailə qurmağa hazırlaşdığı şəxsdən gizlədəcəyi inanılmazdır. Çünki onların mütləq əksəriyyəti analizin nəticələrini almağa birlikdə gəlir. Bundan əlavə QİÇS xəstəliyinin olduğunu bilib bu xəstəliyi başqasına yoluxdurmaq cinayət məsuliyyəti yaradır”.
İnstitut direktoru onu da qeyd edib ki, tibbi müayinəyə başlayandan sentyabr ayının sonunadək "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq, tibbi müayinə üçün 52 min nəfər müraciət edib. Onlardan 3730 nəfərində talassemiyanın daşıyıcılığı aşkarlanıb: "3730 nəfər arasında talassemiya daşıyıcıları olsa da, onlardan yalnız 30 nəfərin hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Nikaha daxil olmaq istəyənlərdən birinin talassemiya daşıyıcısı olması gələcəkdə doğulacaq uşaq üçün təhlükə yaratmır. Yəni, əgər cütlüyün birində talassemiya aşkar olunursa, onların ailə qurması üçün heç bir problem olmur. Ona görə də biz talassemiya aşkarlanan hər iki cütlüyün statistikasını açıqlayırıq. İndiyədək aparılmış müayinələr zamanı 30 cütlüyün hər ikisinin talassemiya xəstəliyinin daşıyıcısı olduğu üzə çıxıb. 137 nəfərdə isə siflis xəstəliyi aşkarlanıb”.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli isə bildirib ki, nikahı rəsmiləşdirmək üçün tibbi müayinədən keçən zaman QİÇS xəstəliyi aşkarlanan 34 nəfərdən 3-ü artıq qeyri-rəsmi ailəlidir: "Tibbi müayinə üçün müraciət edən 52 min nəfərdən 34-də QİÇS müayinəsinin müsbət çıxdığına dair bizim mərkəzə məlumat daxil olub. Dərhal həmin şəxslərlə telefon əlaqəsi yaradılaraq, təkrar müayinəyə cəlb ediliblər. Onlardan 4 nəfəri təkrar müayinə üçün gəlməyib. Yerdə qalanlarda isə bu xəstəliyin olduğu təsdiqlənib. Qeyd edim ki, onlardan 6 cütlüyün qeyri-rəsmi ailəli olduğu üzə çıxıb. Ümumiyyətlə, QİÇS aşkarlanan gənclərin çoxunun Rusiyada işlədiyi üzə çıxıb”. A.Nəzərli bildirib ki, nikaha görə tibbi müayinə zamanı QİÇS virusuna yoluxduğu bəlli olanlar 1984-1990-cı il təvəllüdlü şəxslərdir. Şöbə müdiri QİÇS virusu aşkarlanan 34 nəfərdən 7-nin qadın olduğunu söyləyib. Onun sözlərinə görə, həmin 34 nəfərdən ikisi - bir cütlük Respublika QİÇS-lə Mübarizə Mərkəzində müalicə alan şəxslərdir: "Onlar Mərkəzdə 2014-cü ildən qeydiyyatdadırlar. Uşaqları sağlam doğulub. Uşağın sənədlərini almaq üçün tibbi müayinədən keçiblər”.
"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva isə deyib ki, QİÇS daşıyıcısı olan birinin bu xəstəliyini bilə-bilə başqa birinə ötürməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Yox əgər xəstənin özünün də belə bir virus daşıyıcısı olduğundan xəbəri yoxdursa, burada heç bir cinayət tərkibi yoxdur. Faktiki olaraq, analiz vermədən bu xəstəliyin müəyyənləşdirilməsi, aşkara çıxarılması mümkünsüzdür. Gənclərin HİV daşıyıcısı olduğunu bildiyi halda ailə qurmaq istəyinə təəssüfləndiyini vurğulayan ekspert deyib ki, bu, ən azı cahillikdir: "Uzun müddət HİV-ə yoluxmaq ölüm hökmünə bərabər tutulub. Amma son zamanlar bu yanaşma nisbətən yumşalıb. Çünki indi QİÇS-ə yoluxan heç kəs ölmür. Xəstəliyin radikal müalicəsi olmasa da, antivirus terapiyası ilə insanlar ömürlərinin sonuna qədər yaşaya bilərlər”. Bununla belə Z.Mustafayeva da hesab edir ki, gənclərin evlənəcəyi şəxsin QİÇS kimi təhlükəli xəstəlik daşıyıcısı olduğunu bilməsinə rəğmən nikaha daxil olmasına heç bir məhdudiyyət yoxdur. Qanunda insanların bu seçiminə müdaxilə nəzərdə tutulmayıb: "Əvvəla onu deyim ki, virus daşıyıcısı olan şəxslərin ətrafındakı insanları bu barədə məlumatlandırmaq kimi bir məsuliyyəti yoxdur. Çünki QİÇS hər bir insanın şəxsi problemi və öz xəstəliyidir. Amma hər bir HİV daşıyıcısı, evlənəcəyi, yəni, birbaşa təhlükə altında olan şəxsə bu bəradə ətraflı məlumat verməyə borcludur. O ki qaldı qarşı tərəfin onu qəbul edib-etməməsinə, bu onun şəxsi qərarıdır. Ailənin belə qızlarının QİÇS daşıyıcısı olan bir oğlanla nikahına mane olmaq səlahiyyəti yoxdur. Burada bütün məsuliyyət cinsi partnyor olmağa hazırlaşan qadının üzərinə düşür. Bu qərar müəyyən qədər riskli olsa da, qanunsuz deyil. Əslində, Azərbaycanda da belə ailələr var. Neçə ailə var ki, faktiki olaraq, kişi QİÇS daşıyıcısıdır, yoldaşı da bunu bilir. Amma onlar qorunduqları üçün qadın bu xəstəliyə yoluxmayıb, evliliklərində də heç bir problem yoxdur. Onu da deyim ki, müalicə aldığı təqdirdə virusun həcmi o dərəcədə azalır ki, onu başqasına ötürmək olmur. Bu zaman da QİÇS-ə yoluxan adam təhlükəli hesab olunmur”.
Şəymən