Parlament seçkilərində namizədliyi qeydə alınan şəxslər oktyabrın 9-dan 31-nə kimi təbliğat-təşviqat kampaniyası aparacaq. Hələlik heç bir namizəd bu kampaniyanı necə təşkil edəcəyini və nə qədər pul xərcləyəcəyini açıqlamayıb.
Əslində namizədin seçki kampaniyasına xərcləyəcəyi pullar cəmiyyətdə maraqla qarşılanır. Seçki Məcəlləsində namizədlərin seçkilərə xərcləyə biləcəkləri vəsaitlər barədə maddələr göstərilib. SM-nin 156-cı maddəsinə əsasən, namizədin seçki fondunun yuxarı həddi 500 min manatdan yuxarı ola bilməz. Siyasi partiyalar üçün isə bu hədd 150 min manat göstərilib. Qanunvericilikdə seçki fondunun minimal həddi göstərilməyib. Yəni namizəd seçkidə pul xərcləməyə də bilər.
Seçki üzrə ekspertlər bildiriblər ki, namizədin fonduna yardım etmək istəyən fiziki şəxslər 3000 manatdan artıq könüllü ianə verə bilməzlər. Namizədə yardım etmək istəyən hüquqi şəxslər isə maksimum 50 min manat ianə köçürə bilər. Eyni zamanda namizədin seçki fonduna pul verənlər anonim qalmamalıdır. Yəni, bu məsələdə şəffaflıq nəzərə alınmalıdır. Ancaq Seçki Məcəlləsinə görə, dövlət qulluğunda olanlar, hərbçilər, vətəndaşlığı olmayanlar, xarici ölkə vətəndaşları və xarici hüquqi şəxslər namizədin fonduna pul keçirə bilməzlər. Həmçinin, deputatlığa namizəd pulu necə gəldi xərcləmək imkanına malik deyil. Seçki dönəmində namizədlərin xərclədikləri pulların miqdarına MSK-nın Maliyyə-Təftiş Qrupu nəzarət edəcək. Bütün namizədlər bankda öz adına hesab açmalıdır. Seçki prosesi dövründə isə namizədlər üç dəfə - imza vərəqələri təhvil verəndə, təbliğat prosesində və seçki başa çatdıqdan sonra maliyyə hesabatı verməlidirlər. Ciddi pozuntular namizədliyin ləğvinə qədər gedib çıxa bilər.
İsmayıl