İlahiyyatçı: Dini təhsili olan cütlük özləri üçün kəbin oxumaq səlahiyyətinə malikdir

Dini təhsil müəssisələrində erkən və qohumlararası nikahın mənfi nəticələrinə dair məlumatlılığın artırılmasında din xadimlərinin geniş iştirakı şərtdir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, radikal dini təsirlərin qarşısını almaq üçün cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də uşaqlar və gənclər arasında düzgün dini savadlılığın artırılması diqqətdə saxlanılmalı, aidiyyəti dövlət orqanları maarifləndirici tədbirlərə üstünlük verməlidirlər:
"Müvafiq dövlət orqanları arasında əlaqələndirilmiş maarifləndirmə proqramlarının icrası ilə yanaşı, qadınların hüquqlarının təmin edilməsinə, onların ailədə və cəmiyyətdə getdikcə artan roluna uyğun mövqelərə əlçatanlığının təmin olması üçün dinlərin mütərəqqi mesajları da geniş təbliğ edilməlidir".
B.Muradova bildirib ki, dini maarifləndirmə qadınların təhsili və iqtisadi gücləndirilməsi imkanlarının artırılmasına dair məlumatlandırılmasında da istifadə edilə bilər.

İlahiyyatçı Fazil Əhmədli “Sherg.az”a bildirib ki, nikah yaşı barədə dövlətin müvafiq qanunu var:

“Çalışırıq ki, bu qaydalara riayət olunması üçün bizə müraciət edən insanlara bildirək. Şəxsən mənə nikah barədə müraciət edən şəxsləri, dövlətin təyin etdiyi məscid axundlarına, bu işlə rəsmi məşğul olan insanlara yönəldirəm. Baxmayaraq ki, özüm də nikah, kəbin oxumağı bacarıram. Amma mənim belə bir səlahiyyətim olmadığı üçün həmin cütlükləri dövlətin səlahiyyət verdiyi insanlara yönəldirəm. Hazırda ölkədə yeganə dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutu var. Düşünürəm ki, orada da bu mövzuya xüsusi bir nəzarət mövcuddur. Ümumiyyətlə din xadimləri qadağan olunmuş nikahı oxuduqda qanunla məsuliyyət daşıyır. Digər tərəfdən cütlüyün dini təhsili varsa, onlar özləri üçün kəbin oxumaq səlahiyyətinə malikdir. Yəni din icazə verir ki, həmin cütlük özləri öz kəbinlərini oxusun. Əlbəttə, bu da valideynlərin razılığı çərçivəsində və müxtəlif şərtləri nəzərə alaraq baş verir. Amma xüsusən rayon bölgələrində ailələr 17-16 yaşında olan uşağını evləndirməyə razı olur. Onlar çalışırlar ki, öz qohumlarında olan hər hansı bir din xadimi tapıb kəbini ona oxutdursunlar. Bunun qarşısını almaq üçün isə mümkün qədər maarifləndirmə işləri aparmaq lazımdır. Mən də bu barədə öz çərçivəmdə maarifləndirmə işləri aparıram. Şəxsən tərəfdarıyam ki, xüsusən qadınlar və qız uşaqları təhsil alsınlar, təhsilə önəm versinlər, sonra ailə qursunlar. Çünki hazırda boşanmaların sayı və durum göstərir ki, əslində qadınların təhsilsiz formada ərə getmələri bir növ faciədir. Bu həm ailənin dağılması, həm də uşaqların tərbiyəsi və təhsili baxımından böyük problemlərə yol açır”.