Fransa erməni kartından istifadə edərək, regionda öz ambisiyalarını həyata keçirməyə çalışır -TƏHLİL

“İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin praqmatik və müdrik siyasəti sayəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar ölkəmiz əleyhinə təşkil edilən kampaniyaları açıq müstəviyə çıxardı. Bu xüsusda, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasından sonra, əldə etdiyimiz beynəlxalq uğurlar fonunda COP29 iqlim sammitində Fransanın və digər Qərb təsisatlarının Ermənistanı dəstəkləməsi və rəsmi Bakıya qarşı qərəz dolu, əsassız ittihamlarla çıxış etməsi siyasi gərginliyi artırdı”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov Prezident İlham Əliyevin “Rossiya-24” informasiya telekanalına verdiyi müsahibədən danışarkən deyib. 

O bildirib ki, Paris və Bakı arasında bu gərginliyin əsası isə Fransanın Qarabağla bağlı məsələdə Ermənistana açıq və güclü dəstəyindən qaynaqlanır:

“Halbuki, keçmiş münaqişənin dialoq yolu ilə həll edilməsi məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun 3 üzvündən biri olan Fransa neytral qalmaq əvəzinə birtərəfli formada Ermənistanı dəstəklədi. Ona görə də bugünkü gərginliyin artmasında səbəbkar Emmanuel Makron administrasiyasıdır. Bu gün də eyni ritorikanı davam etdirən Fransa Ermənistana diplomatik, maliyyə və hətta hərbi yardımlar göstərir. Bundan əlavə, ölkəmizə qarşı həm daxildə, həm də beynəlxalq təşkilatlar çərçivəsində anti-Azərbaycan mövqeyindən çıxış edir. Ölkəmizə qarşı beynəlxalq səviyyədə müxtəlif lobbi qruplarından, parlementarilərdən təzyiq kimi istifadə edərək qarayaxma kampaniyaları təşkil edən Fransa Azərbaycanın beynəlxalq hüquqa tam uyğun şəkildə müstəqillik tərəfdarlarını dəstəkləməsini qəbullana bilmir. Tarix boyu törətdiyi qanunsuz əməlləri ilə üzləşməyə cəsarəti çatmayan Fransa ada dövlətlərinin, eləcə də azadlıq hərəkatı aparan digər kiçik xalqların hüquqlarını, azadlıqlarını dəstəkləməyi özünə qarşı diplomatik hücum kimi qiymətləndirir. Reallıq ondan ibarətdir ki, Fransa xalqların öz müqəddəratını təyinetmə hüququna əhəmiyyət vermədiyi təqdirdə, regionda erməni kartından istifadə edərək, öz ambisiyalarını həyata keçirməyə çalışır. Anti-Azərbaycan qüvvələri unutmamalıdır ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə nüfuzu yüksələn, bütün sahələrdə olduğu kimi, hərbi uğurları ilə də özünü təsdiq etmiş sabit ölkədir. Peşəkar idarəçiliyi sayəsində həm xarici, həm də daxili fəal və səmərəli siyasət yerinə yetirən Azərbaycan bütün ərazisində nəzarəti bərpa edib. Ermənistanı sarsıdıcı məğlubiyyətə uğradan ölkəmiz, İrəvanı davamlı və mütləq sülhə dəvət edən tərəf kimi sabitliyə, əməkdaşlığa, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib”.