Qərarların böyük hissəsi Ankarada yox, Vaşinqton–Tehran–Təl-Əviv oxunda verilir
İran daxilində aksiyaların davam etdiyi, ABŞ-ın isə Tehranı hərbi təzyiq və hədələrlə sıxışdırmağa çalışdığı bir dönəmdə Ankaranın diplomatik fəallığı yenidən ön plana çıxır. Türkiyə regionda gərginliyin daha da artmasının qarşısını almaq və tərəflər arasında dialoqun qorunmasını təmin etmək məqsədilə kritik vasitəçi rolunu üzərinə götürüb. Bu fəallıq həm İran, həm də ABŞ-la açıq siyasi kanallara malik olan Ankaranın balanslı siyasət yürütməsinin göstəricisidir.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın əvvəlcə İranın xarici işlər naziri Abbas Əraqçı ilə kritik telefon danışığı aparması, dərhal ardından isə ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakı qəbul etməsi Türkiyənin bölgədə artan risklər fonunda aktiv vasitəçi rolunu üzərinə götürdüyünü göstərir. Bu təmaslar təsadüfi deyil və regionda mümkün yeni eskalasiyanın qarşısının alınmasına yönəlmiş çoxşaxəli diplomatik prosesin tərkib hissəsi kimi qiymətləndirilir.
Mənbələrin bildirdiyinə görə, Türkiyə böhranın dərinləşməməsi üçün həm Tehran, həm də Vaşinqtonla paralel danışıqlar aparır və tərəflər arasında mesaj daşıyıcısı funksiyasını yerinə yetirir. İyunun əvvəlində ABŞ-nin İranı bombalamasından öncə də oxşar diplomatik mexanizmin işə düşməsi Ankaranın bu prosesdə artıq sınaqdan keçmiş kanallara malik olduğunu göstərir. Hazırkı mərhələdə aparılan mekik diplomatiyası qarşılıqlı mesajların ötürülməsi, gərginliyin azaldılması ilə bağlı təkliflərin təqdim edilməsi və mümkün hərbi-siyasi ssenarilərin qarşısının alınmasına xidmət edir.
Türkiyənin vasitəçilik potensialını və hansı üstünlüklərə mailk olmasını ərh edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi “Sherg.az”a bildirib ki, Türkiyə İranla birbaşa siyasi dialoqa malikdir və kanallar açıqdır:
“ABŞ ilə NATO müttəfiqidir və Vaşinqtonda “tam düşmən” kimi görülmür. Daha əvvəl Rusiya–Ukrayna, İran nüvə danışıqları, Qara dəniz təşəbbüsü kimi mövzularda texniki vasitəçi rolunu oynayıb və regionda hərbi və diplomatik çəkisi olduğunu sübut edib. Bununla yanaşı bir sıra məhuduyyətlər də var. ABŞ–İran qarşıdurması artıq taktiki yox, strateji səviyyədədir. Qərarların böyük hissəsi Ankarada yox, Vaşinqton–Tehran–Təl-Əviv oxunda verilir. Türkiyənin İsraillə münasibətlərinin gərgin olması ABŞ-də onun təsir imkanlarını azaldır. İran da Türkiyəni tam neytral oyunçu kimi yox, öz maraqları olan regional güc kimi görür. Bütün reallıqları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Türkiyə maksimum halda eskalasiyanı yavaşlada, mesaj ötürə və texniki təmasları təşkil edə bilər, amma əsas siyasi xətti dəyişmək gücündə deyil. Ankara üçün əsas motiv Təhlükəsizlik riski,miqrasiya dalğası və iqtisadi risklərdir”.
V. Əfəndinin sözlərinə görə, ABŞ–İran toqquşması Suriyada, İraqda, Körfəz bölgəsində alovlanarsa, PKK/YPG aktivləşə bilər: “İranın özündən və ya Suriyadan yeni milyonlarla qaçqın dalğası Türkiyəyə yönələ bilər. Türkiyə artıq bu yükü daşımaq istəmir . Yəni Ankara üçün bu böhran humanitar və hərbi yox, birbaşa daxili təhlükəsizlik məsələsidir. Türkiyə vasitəçiliyi “sülh gətirən böyük diplomatik dönüş” yox, zərərin azaldılması mexanizmi kimi görür. Başqa sözlə, Ankara müharibəni dayandıra bilməz,amma onu öz sərhədlərindən uzaq saxlamağa çalışır. Eyni zamanda regional güc statusunu qorumaq istəyir”.