“8 kommunistin namizədliyinin solçuluğa dəxli yoxdur”

Məmməd Süleymanov: “İndi dünyada gedən proseslər kommunistlərin xeyrinə işləyir”



Bu il noyabr ayının 1-də keçiriləcək parlament seçkilərində Azərbaycan Kommunist Partiyasının 8 üzvünün namizədliyi qeydə alınıb. Məlumat üçün bildirək ki, AKP-nin sədri Rauf Qurbanovun
da namizədliyi təsdiq olunub. Bəzi siyasi ekspertlər kommunistlərdən bu qədər namizədin qeydə alınmasını Azərbaycandakı solçu təşkilatlar adına bir uğur kimi dəyərləndirirlər.

Onların fikrincə, ölkədəki bütün müxalifət partiyalarının təsdiq olunan namizəd sayına baxsaq, onlarla müqayisədə solçuların daha uğurlu olduğunu iddia etmək olar. Ancaq belə düşünməyənlər daha çoxdur. Məsələn, tanınmış solçu yazar Məmməd Süleymanov "Şərq”ə verdiyi müsahibədə ümumiyyətlə, Azərbaycanda solçular adından danışmağa layiq heç bir təşkilatın olmadığını deyib...

-  AKP-dən bu qədər kommunistin deputatlığa namizəd olmasını solçular adına uğur hesab etmək olarmı?

- Yox, qətiyyən. 8 kommunist sadəcə namizəd kimi qeydə alınıb. Hətta vaxtı ilə həmin şəxslər parlamentdə də oturublar. Ancaq bir şeyi müəyyənləşdirmək lazımdır. O adamların sol ideologiyasına heç bir dəxli yoxdur. Düzdür, onlar təşkilatın adını Kommunist Partiyası qoyublar, özlərini də kommunist elan ediblər. Amma proqramlarına baxsaq, sağçı ideologiyadan heç bir fərqlərinin olmadığını görərik. Onlar sağçı ideyaları dəstəkləyirlər. Ona görə də bu cür adamların saylarının 8 və ya 10 olmasının heç bir fərqi yoxdur. Bütün partiya üzvlərinin hamısı namizəd olsa da, bu, solçu ideologiyanın uğuru və ya aktiv fəaliyyəti sayıla bilməz.

- Ümumiyyətlə, Azərbaycanda həqiqi solçu kriteriyalara cavab verən təşkilat, partiya varmı?

- Azərbaycanda solçu təşkilat yoxdur. Hansısa şəxslər, kiçik qruplar ola bilər. Ancaq heç kim "mən solçuyam” iddiasıyla çıxış edə bilməz. Bizdə təkcə marksizm üzərində qurulan, neo-liberalizmə qarşı çıxış edən partiya yoxdur. Bundan əlavə, indiki "solçu”ların seçkiyə münasibəti də tamam fərqlidir. Parlamentə seçilməklə və ya hansısa bir-iki kəlmə söz deməklə sağçı siyasətə təsir etmək olmaz.

- Sosial-demokratlar da özlərini solçu kimi qələmə verirlər. Məsələn, ASDP sədri Araz Əlizadə iddia edir ki, ondan başqa ölkədə solçu yoxdur. Bu cür iddialara münasibətiniz necədir?

- Kriteriyalara baxsaq, sosial-demokratları da əsl solçu adlandırmaq mümkün deyil. Çünki onlar da sağçı ideyanı müdafiə edirlər, sinfi cəmiyyətləri dəstəkləyirlər və işçilərin istismarına göz yumurlar. Bilirsiz, artıq dünyada belə bir proses gedir. Vaxtı ilə özlərini kütləvi şəkildə kommunist elan edənlər daha sonra sosial-demokratlara çevrildilər. Son illərdə isə onların hamısı sağçıya döndü. Məsələn, Avropanı götürsək, görərik ki, orada ən mürtəce siyasət yeridən təşkilatlar məhz elə sosial-demokratlardır. Ən bəsit nümunə kimi Fransa Prezidenti Fransua Ollandı göstərmək olar. Olland sosialistdir, ancaq yeritdiyi siyasət tamamilə neo-liberal siyasətdir. O cümlədən Azərbaycandakı sosial-demokrat partiyaları da qətiyyən solçu adlandırıla bilməz.

- Niyə müstəqillik dövründən sonra solçu və kommunist ideyaları özünü saxlaya bilmədi? Bəlkə artıq müasir toplumlar həmin ideyaları qəbul etmirlər...

- Bunun birinci səbəbi qatı anti-kommunist təbliğatının aparılmasıdır. İkincisi, o vaxt olan təşkilatlanmanın bir anın içində məhv edilməsi və kommunistlərin pərakəndə hala salınmasıdır. Əgər o vaxt kimsə özünü kommunist və ya sosialist kimi qələmə verirdisə, ona qarşı ictimai qınaq, təzyiq olurdu. Deyirdilər ki, "sən stalinçisən, leninçisən, müstəqilliyin və millətin əleyhinəsən” və s. Belə təbliğatlar hər gün televiziya və mətbuatda aparılırdı. Təkcə Azərbaycanda yox, qlobal miqyasda anti-kommunist təbliğatı gedirdi.

- Buna sovet imperiyasının dağılması səbəb oldu, yoxsa başqa səbəblər var idi?

- Əslində marksizmlə sovet dövründəki sosializmin əlaqəsi yox idi. Yəni oxşarlıq çox az idi. Buna görə də SSRİ-nin süqutu paralel olaraq marksizmin, kommunist ideologiyasının da süqutu sayıla bilməz. Nəzərə alın ki, həmin vaxt milyonlarla kommunist bir gecənin içərisində dönüb oldular "anti-kommunist”. Bu hal dünya tarixində ən kütləvi "dezertirlik” idi. Bir günün içində sovet dövlətindəki 18 milyon kommunist necə "anti-kommunist” ola bilərdi? Kommunist Partiyası güclü nizam-intizam üzərində qurulmuş partiya idi. Əgər partiyanın yuxarı təbəqəsi xain çıxırdısa, təşkilatın aşağı təbəqəsi qurumun siyasi xəttinə sadiq qalırdı. Ona görə də hesab etmək olmazdı ki, milyonlarla solçu bir anda öz ideyalarından vaz keçdilər.

- Axı bu gün insanların böyük əksəriyyəti kommunist ideyasını qəbul etmir...

- Bilirsiz, müstəqillik dövründən sonra anti-kommunistlərə çevrilən vəzifəli adamlar faşist, şovinist, millətçi oldular. Fikrindən dönməyən sadə partiya üzvlərini isə alçaltmağa başladılar. Onları inandırdılar ki, sizi aldadıblar. Yəni öz xəyanətlərini "haqqa gəlmə”, "uğur” kimi təqdim etməyə çalışdılar. Bu proses hardasa 20 ilə yaxın davam etdi. Sol ideologiyaların gözdən salınması nəticəsində isə kommunistlərin illərlə yığdığı resurslar itirildi və demək olar ki, solçuluq dəbdən düşdü.

- Sol ideologiyanın nə vaxtsa yenidən dirçəlmə ehtimalı varmı?

- İndi dünyada gedən proseslər kommunistlərin xeyrinə işləyir. Rusiyada solçular get-gedə güclənir. Moldovada sosialistlərin nüfuzu artır. Əvvəlki illərə nisbətən dünya solçularında aktivlik var. Ancaq hələlik təşkilatlanma səviyyəsində müsbət nəticə yoxdur.

- Azərbaycanda özünü solçu elan edən partiyalar ictimai rəyə təsir edə bilirmi?

- Azərbaycanda heç bir müxalif partiyanın ictimai rəyə təsir imkanı yoxdur. Ümumiyyətlə, ictimai rəyin özü yoxdur. İstər sağçı olsun, istər solçu təşkilatlar, bunların heç biri Azərbaycan siyasətində, ictimai həyatında təsirli rola malik deyil.

İsmayıl