Türkiyə hələ özünə gələ bilmir

Rusiyanın Suriyanı bombalaması, Ankaranın hiddətinə səbəb olub




"Rusiyanın Suriyadakı addımları Türkiyə tərəfindən qəbul edilə bilməz”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Rusiyanın addımlarını və Suriyadakı bombardmanları tənqid edib: "Bunu Putinin şəxsən özünə söylədim. Rusiya çox ciddi bir səhvə yol verir. Rəsmi Moskvanın Türkiyə kimi bir ölkəyə məhəl qoymayaraq bu addımları atması bizi ciddi şəkildə narahat edir.

Suriya ilə 911 kilometr sərhədi olan bizik”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiyanın əməliyyatları Suriya Silahlı Qüvvələrinin hücumu müddətində həyata keçirilir.

"Xəzərdən atılan raketlər İrana düşməyib...”

Dünya mediası Rusiyanın Xəzər dənizindən Suriyaya atdığı raketlərin bir neçəsinin İran ərazisinə düşdüyünü yayıb. Amma Rusiyanın Müdafiə Nazirliyi Xəzərdən gəmilər vasitəsi ilə atılan raketlərin İrana düşməsi xəbərini təkzib edib. Rusiya hərbi idarəsinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyanat verərək deyib ki, CNN-in yaydığı məlumat qərəzlidir və həqiqəti əks etdirmir: "Biz raketlərimizin atılmasını və onlar tərəfindən hədəflərin vurulmasını real videolarla göstəririk. Açıq danışa bilmərəm, lakin bu sahədə çalışan istənilən peşəkar bilir ki, bu kimi əməliyyatlar zamanı, həmişə hədəfin zərbədən əvvəlki və sonrakı təsviri qeydə alınır. Bununla yanaşı, Suriya üzərində gecə-gündüz pilotsuz aparatlarımız uçur. Ona görə, yüksək dəqiqlikli silahlarla Suriyada İŞİD-in infrastrukturuna endirdiyimiz zərbələr Pentaqon üçün nə qədər xoşagəlməz və "gözlənilməz” olsa da, hər halda gəmilərdən atılan bütün raketlər öz hədəflərini tapıb”.

"Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrə zərər dəyməyəcək”

Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova Türkiyə rəhbərliyi ilə daimi əlaqə saxladıqlarını deyib. Zaxarova vurğulayıb ki, Rusiyanın Suriyada gördükləri tədbirlər bu ölkədə siyasi intizama dəstək vermək məqsədi güdür: "Əks halda, Suriyada birliyi, ölkənin ərazi bütövlüyünü, stabilliyi və müxtəlif etnik qrupların birlikdə yaşamasını bərpa etmək mümkün deyil. Rus təyyarələri Suriyada terrorçu qruplaşmaları və bu qruplaşmalara dəstək verənləri hədəfə alır. Ona görə də Türkiyə bizdən narazı olmamalıdır. Əksinə, bizə dəstək verməlidir”.

Səudiyyə Əsədin müxaliflərinə silah göndərib...

Səudiyyə Ərəbistanı Rusiyanın Suriyadakı əməliyyatına cavab olaraq bu ölkədəki üç müxalifət qruplaşmasına silah yardımını artıracaq. Deyilənə görə, söhbət ilk olaraq tank əleyhinə silahlardan gedir. Ər-Riyad müxalifət silahlılarına "yer-hava” tipli raketlərinin çatdırılmasını da istisna etmir. Səudiyyə tərəfindən silahlandırılacaq qruplaşmalar isə Bəşər Əsədlə vuruşan Fəth Ordusu, Azad Suriya Ordusu və "Cənub cəbhəsi” Ordusudur. Xatırladaq ki, oktyabrın 6-da aralarında Azad Suriya Ordusu və "Ahrar əl-Şam” təşkilatının da olduğu 41 silahlı qrup bölgə ölkələrini "Suriyanı işğal edən Rusiya-İran ittifaqına qarşı” əməkdaşlığa çağırıb. Çağırışa yalnız "Əl-Qaidə”nin Suriya qolu hesab edilən "Əl-Nüsra” Cəbhəsi imza atmayıb. Rejim əleyhdarı qüvvələrin çağırışında konkret ölkələrin adı çəkilməsə də, "Reuters” agentliyi Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin müxalif qruplara verdiyi dəstəyə diqqət çəkib.

Ruslar Putinin Suriyadakı hərbi əməliyyatlarını dəstəkləyirlər...

Rusiyalıların əksəriyyəti İŞİD-ə qarşı aviazərbələr endirmək üçün Suriyaya təyyarələrin göndərilməsi ilə bağlı Putinin qərarını dəstəkləyirlər. "Ümumrusiya ictimai rəyin öyrənilməsi Mərkəzi” tərəfindən həyata keçirilən sorğunun nəticələri bunu deməyə əsas verir. Sorğuda iştirak edən respondentlərin 38 faizi deyib ki, onlar aviasiyanın istifadə olunması qərarı ilə tam razıdır. Sorğuda iştirak edən 28 faiz adam bu addıma müsbət yanaşdığını bildirib. 15 faiz respondent qərarla razı olmadığını deyiblər.

İsmayıl