Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Fransanın Kale şəhərində yerli polis tərəfindən saxlanılıb. E.Fətullayevin rəhbərlik etdiyi çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən hüquq-mühafizə orqanlarının əsassız təzyiqlərinə məruz qalıblar.
E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da polislər tərəfindən saxlanılıb. Polis onların sənədlərini alıb və hər üç jurnalisti saatlarla xidməti maşında tutublar. Ancaq Fransa polisi onların niyə saxlanıldıqları barədə suallara cavab verməkdən imtina ediblər.
Eynulla Fətullayevin hadisə ilə bağlı verdiyi məlumata görə, bir neçə saatdan sonra polis çəkiliş qrupunu buraxıb: "Polis çəkilişlərə icazə vermirdi. Ona görə də 3 saat bizi maşında saxladılar. Biz polis tərəfindən saxlanmağımız barədə "Marş” qaçqınların müdafiə təşəbbüs qrupunun rəhbəri Filip Vannesonu məlumatlandırdıq. Vanneson istehza ilə bizə dedi ki, "Kaleyə xoş gəlmisiniz. Ehtiyatlı olun, burada polis çox amansızdır”.
Sayt rəhbərinin sözlərinə görə, Fransa polisi onları sorğu-sual edib: "Elə hey bizdən soruşurdular ki, burada niyə çəkiliş aparırsız? Mən də cavab olaraq onlardan soruşurdum ki, bəs siz niyə Bakıya gəlib istədiyiniz yerdə sərbəst çəkiliş aparırdınız? Axı Azərbaycanda sizin jurnalistlərə heç kim mane olmurdu. Nə bilim, vallah, qəribə məntiqdir. Çəkiliş apardığımız yerdə, yəni Fransa ilə Britaniyanın sərhəddində 4 min insan səfil günündə yaşayırdı. Biz onları görüb dəhşətə gəldik. Kim deyərdi ki, bura əfsanəvi La-Manşdır”.
İsmayıl