Nəqliyyat Nazirliyinin (NN) səlahiyyətləri alınıb yol polisinə verilib. Belə ki, taksilərin, yük avtomobillərinin və avtobusların canı nəqliyyat müfəttişlərindən qurtardı. Belə ki, Prezidentin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib.
Məsələni şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə söyləyib ki, bu yeniliyin təcrübədə tətbiqi xeyli maraqlı məqamlar vəd edir: "Bu o deməkdir ki, məsələn, bundan sonra yük avtomobillərinin, sərnişin avtobuslarının, taksilərin lisenziyasının olub-olmamasını nəqliyyat müfəttişləri deyil, Dövlət Yol Polisi yoxlayacaq. Eləcə də yollarda ağırçəkili avtomobillərin kütləsinin müəyyən edilməsi üçün quraşdırılan tərəzilər Dövlət Yol Polisi tərəfindən istifadə olunacaq və kütlə parametrlərini pozan sürücülər yalnız Dövlət Yol Polisi əməkdaşları tərəfindən
məsuliyyətə cəlb olunacaq. Başqa sözlə, bundan sonra taksilərin, yük avtomobillərinin və sərnişin avtobuslarının fəaliyyətinə həm sərnişin və yükdaşıma qaydalarına (lisenziyalaşdırma, vergilərin ödənilməsi, fərqlənmə nişanı və s. məsələlərə) riayət etmə, həm də yol hərəkəti qaydalarına riayət etmə baxımından yalnız Dövlət Yol Polisi nəzarət edəcək. Amma bundan ötəri müəyyən təşkilati və qanunvericilik işləri həyata keçirilməlidir. Hər halda, bu işin sonrakı gedişi yaxın gələcəkdə bəlli olacaq”.
Bunun çox yaxşı addım olduğunu söyləyən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib ki, hər halda nəqliyyat işçilərinin sürücüləri döyməsi hallarına son qoyular: "Müfəttişlərlə dava-dalaş edən sürücülər polisə qarşı bu hərəkətləri edə bilməyəcəklər. Çünki polisə müqavimət ağır məsuliyyətdir. Yollarımızda yol polisinin görəcəyi işlərin sayı artdığı üçün yəqin ki, yol polisi əməkdaşlarının da sayı çoxalacaq. Ən azından müvafiq postlarda işçilərin sayında artım ola bilər. Bütün hallarda hələ də yol polisinin nəzarətinə keçməli olan başqa məsələlər də mövcuddur. Məsələn, hazırda Bakıdakı işıqforların yarısını NN tənzimləyir. Hansı ki, yol hərəkətinin təşkili yol polisinə aiddir, amma işıqforlar NN-ə baxır. Bunu anlaya bilmirəm. Çox ziddiyyətli məsələdir”.
Müsahibimiz inanır ki, yol polisi nəqliyyat müfəttişlərinə rəhmət oxutdurmayacaq: "Əksinə, yenilik hər bir sürücüyə xoş təsir bağışlayacaq. İşin nəticəsini görəcəyik. Mənim üçün bu qərar çox normaldır və alqışlayıram”.
Ayyət Əhməd