İranda dizel yanacağının qiyməti qalxıb. Bu barədə Tehran sənaye şəhərciyinin icraçı direktoru Məhəmməd Hezavənejad bildirib.
Onun sözlərinə görə, bu ilin yayında azad satışda olan dizel yanacağının hər litri 12 min tümən (0, 48 manat) idisə, hazırda 17 min tümənə (0,68 manata) çatıb.
Başqa bir məlumata əsasən, İranın Hörmüzqan əyalətində ötən gün yanacaq daşıyan avtomobil hakimiyyətin güc strukturlarının əməkdaşları tərəfindən atəşə tutulub. Hadisə Minab şəhərində baş verib.
Qeyd edək ki, İranın bölgələrində işsiz insanlar ailələrini dolandırmaq üçün yanacaq qaçaqmalçılığı ilə də məşğul olurlar.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, İranda dizel yanacağının qiymətinin bahalaşması beynəlxalq amillərlə bağlı olan faktordur:
“Amerika prezidenti Donald Tramp artıq qərarını açıqlayıb və bildirib ki, 2025-ci ildən İran və Rusiya neftinin maksimum qiyməti bir barel üçün 40 dollardan hesablanacaq. Yəni istənilən bir ölkə Rusiya və İran neftini 40 dollardan baha ala bilməz. Bu qərar nəticə etibarilə neft hasilatı ölkələrində, xüsusilə neft ixrac edən İran və Rusiya üçün ciddi çətinliklər yaradacaq və valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Eyni zamanda neft sənayesinin zəifləməsi ilə nəticələnəcək. Bu baxımdan da İran və Rusiyada həm dizel, həm də benzinin qiymətlərinin daxili bazarda bahalaşması gözlənilən idi. Çünki yarana biləcək zərərin kompensasiya edilməsi üçün daxili bazarda qiymətlərin artırılması gözlənilən bir addım idi. İranda dizelin qiymətinin qalxmasının Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycan özü neft hasil və ixrac edən ölkədir. Eyni zamanda Azərbaycan neftinin dünya bazarlarına çıxarılması ilə bağlı hər hansı bir embarqo, sanksiya və yaxud da minimum və ya maksimum qiymət həddi tətbiq edilmir. Belə bir beynəlxalq tələb yoxdur. Azərbaycan OPEK Plus anlaşmasına sadiq qalan dövlətlərdən biri olaraq neft hasilatı ilə bağlı 2025-ci il üçün bağlanmış müqavilələr üzrə neft ixracatını sabit və stabil qaydada davam etdirəcək. Bu baxımdan da İranda baş verən qiymət artımının Azərbaycana hər hansı bir şəkildə təsiri olmayacaq”