“Metroda gül və kitab satıla bilər”

Nəsimi Paşayev: “Hələ ki, qəzet satışına icazə yoxdur”



"Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov qəzetlərin satışından danışıb. O bildirib ki, metro stansiyaları qəzet satışı üçün ən strateji yerlərdən idi:

"Çünki hava şəraitindən asılı olmayaraq metroda hərəkət edən oxucular istədikləri vaxt giriş-çıxışda qəzet alıb ya evə aparırdılar, ya da metroda oxuyurdular. Metroda ticarətin, qəzet yayımının yığışdırılması mətbuata böyük zərbə oldu. İndi söhbət gedir ki, metronun yeni satış mərkəzləri açılıb. Əgər metroda ticarət obyektləri açılırsa, bu ticarət birinci qəzetlərin satışı ilə bağlı olmalıdır”. Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. Qurum sözçüsü "Şərq”ə bildirdi ki, metroda qəzet satışına dair hələ ki, hər hansı bir yenilik yoxdur: "Metroda hazırda gül və kitab satışına icazə var. Hələ ki, qəzet satışına icazə yoxdur. Metronun "Nəriman Nərimanov”, "Gənclik” və "İnşaatçılar” stansiyalarında təmir aparıldıqdan sonra, orada satış üçün xüsusi yer də quraşdırıldı. Bu yerlərdə isə yuxarıda qeyd etdiyim kimi, gül və kitab satılır. Konkret, metroda gül, kitab və təcili yardım üçün lazım ola biləcək dərman preparatları satıla bilər. Bir də çoxfunksiyalı aparatlar vasitəsilə su və digər bu kimi mayelərin satılması mümkündür. Bundan başqa, metro keçidlərində hər hansı bir məhsulun satışına icazə yoxdur”.

Ayyət Əhməd