Yazıçı, şair, ziyalı, fəal - hərənin bir baxışı var"Bu qətiyyən gülməli, ələ salınmalı hadisə deyil. Bu hadisədə qınağa tuş gəlməli ən sonuncu adam, bəlkə də, elə o günahsız gənclərdir"
"Toxunma, təhlükəlidir” və ya "qadağandır” sözlərinə məhəl qoymayıb, qadağanı aşaraq transformatorun içinə girən sevgililərin hər ikisi ölümcül dərəcədə xəsarət alıb. Sevdiyi qızla birlikdə transformatorda tok vuran Fəqan Fərzəliyevin sağ qolu amputasiya edilib. Hadisə zamanı oğlanla birlikdə olan 18 yaşlı qız baş nahiyəsindən ağır yanıq xəsarətləri alıb. Qeyd edək ki, gənclərin transformatora girməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bu gənclərin hansı səbəbə transformatora girməsi bəlli olmasa da, sosial şəbəkələrdə onların orta məktəbdən sevgili olduqları və transformatora da məhz gözdən uzaq yerdə gizlicə öpüşmək üçün girdikləri iddia edilir.
Məsələ ilə bağlı müzakirələrə qoşulan insanların bir hissəsi hesab edir ki, hadisənin faciəvi tərəfi təkcə cütlüyü elektrik cərəyanının vurması deyil. Burda həm də xalqın, gənc nəslin, bilavasitə gələcəyin faciəsi var. Bir cəmiyyətdə ki, sevgililərin biri-birinə sarılması, öpüşməsi əxlaqsızlıq hesab olunur, həmin cəmiyyətdə belə bir hadisənin yaşanması qeyri-adi görünməməlidir. Axı toplum onları buna məcbur edir. Axı niyə bu gənclər transformatora girməlidir?! Mühafizəkar kəsim isə düşünür ki, məhəbbətin açıq-açığına ifadəsi, ifrat nümayişi sevgi azadlığı yox, ədəbsizlik sayılmalıdır. Kimisi də insanların iki gəncin faciəsini ələ salıb, lağ eləmələrini hiddətlə qarşılayıb.
Sözügedən hadisənin çox təsirli olduğunu deyən gənc yazar Sevinc Elsevər bu hadisənin onun yadına sevdiyi qızı öpdüyünə görə bıçaqlanan digər gəncləri saldığını deyib: "Nədənsə, cəmiyyətimiz gənclərə qarşı çox mühafizəkardı. Halbuki biz tarixi keçmişimizdə belə olmamışıq.
Nənəm həmişə qardaşlarımı belə əzizlərdi: ay ədə balam, ay ədə balam, qızları öpər pəyədə balam. Bizim dastanlarımızda, nağıllarımızda, xalq mahnılarımızda da aşiqlər bulaq başında, dağda, bağda görüşüb, öpüşüblər də. "Kitabi-Dədə Qorqud” dastanında Bamsı Beyrək Banuçiçəyi üç öpüb bir dişləmirmi? Yaxşı, dastanların üstündən keçdik. Bəs, bizim indiki orta və yaşlı nəsil sovet dövründə hind filmlərinə baxa-baxa böyüməyibmi? "Əhməd haradadır” filmində bulvarda skamyada öpüşən cütlüyü görəndə kənddən gələn Nərgiz xala onlara hücum çəkib, biri-birindən ayırır. Halbuki kəndlərdə də görüş yerləri var: bulaq başı, samanlıq, tövlə və s. "Böyük dayaq” filmində tarlada sevdiyi oğlanla "pıqqıldaşan” Pərişanın səsi dədəsinin qulağına gələndə kişi qızını öldürürmü, yox? "Qız ki kəkil çıxartdı, verəsən ərə” deyib qımışmırmı? Deməli, bizim cəmiyyətdə nəsə doğru getmir. İnsanlarımız həddindən artıq aqressivləşib, get-gedə sevginin, eşqin düşməninə çevrilir. Bir yerdə transformatora girən oğlanla qızın ikisi yetkinlik yaşına çatmış adamlardı. Uşaq deyillər ki? Amma görün nəyə məcburdular. Əslində elə gəncləri yanlış yollara yönəldən bizim cəmiyyətimiz kimi mühafizəkar cəmiyyətlərdi. 18 yaşına çatmış gənc mütləq evlənməlidi ki, hansısa qızla görüşə bilsin? İstəsə belə oğlanlar tez evlənə bilmir. Mənim böyük qardaşım heç 32 yaşında da evlənə bilmir. Evi yoxdu, ali təhsilli işsizdi. Bu gəncin yerinə transformatorda qız öpən o da ola bilərdi. Bizim adamlar ancaq qınamağı, hücum etməyi, linçləməyi bilirlər. Mən adamlardan bir söz soruşmaq istəyirəm. İŞİD-in gündən-günə çoxalan videolarına baxa-baxamı siz bu qədər qəddarlaşdınız? Məncə, sual edin, araşdırın sizi bu qədər nəyin qəddarlaşdırdığını, tapın. Yoxsa ki, hələ çox aşiqlərimiz özünü qayadan atacaq, transformatorda tok vuracaq. Əl-ələ tutub özünü qayadan atan Bobbiylə Rac üçün göz yaşı tökə-tökə böyüməmişdinizmi? Nə oldu sizə? İndi televizorda belə aşiqləri görəndə şeytan görmüş kimi olursunuz. Sözün açığı, bu nifrət dolu cəmiyyətdə uşaq böyütməkdən həqiqətən qorxuram!”.
"Toxunma, təhlükəlidir” xəbərdarlığına rəğmən gənclərin transformatora girməsinə gəldikdə isə S.Elsevər də razılaşır ki, gənclər səhv ediblər: "Deyilənə görə, o cür transformatorlarda neçə-neçə uşaq həyatını itirib. Bunun özü də bir müzakirə mövzusudur ki, həmin transformatorlar niyə qorunmur? Gənclərin təhlükəyə rəğmən transformatora girməsinə gəldikdə isə bunun da obyektiv səbəbləri var. Əvvəla, sevgililər bulvara getmir, çünki orda polis tutur. İkincisi də kim bilir ki, onlar məhz öpüşmək üçün transformatora girmişdilər. Bəlkə də yazıq qız deyib ki, məni heç kim səninlə görməsin."
Sosioloq Əhməd Qəşəmoğlu isə ümumiyyətlə bu məsələnin sosial şəbəkələrdə bu qədər müzakirə edilməsi və gənclərin müdafiəsini düzgün hesab etmir: "İnsan sosial varlıq olduğunu unutmamalı və cəmiyyətin qayda-qanunlarına, adət-ənənələrinə riayət etməlidir. Bu onun vətəndaşlıq borcudur. Digər tərəfdən də sevgi müqəddəsdir. Heç vaxt sevgini adiləşdirməyin, gözdən salmağın tərəfdarı olmamışam. Sevgililərin küçədə, bacada sarmaş-dolaş gəzməsi müasirlik demək deyil. Bizim mentalitetə qarşı çıxanlar Avropa mədəniyyətini misal gətirir. Hansı ki, bu gün artıq Avropanın özündə sosioloqlar, psixoloqlar açıq-saçıqlığı müzakirəyə çıxarıb. Bizim insanların həsəd apardığımız ənənələri onlar aşırı müasirlik kimi dəyərləndirməyə başlayıb. Hesab edirlər ki, milli-mənəvi aşınmalara səbəb olan elə bu "müasirlik”dir”.
Sosioloqun sözlərinə görə, sevgini ictimai yerlərdə nümayiş etdirmək ədəbsizlikdir. Bu həm insanlara, həm də ülvi sevgiyə qarşı hörmətsizlikdir: "İnandırım sizi ki, sevgisini ortalıqda yaşayan gənclərin əlindən Elmlər Akademiyasında çalışan ağsaqqal-ağbirçək adamlar axşam saatlarında çıxıb evinə getməyə utanır. Binadan çıxan kimi parkda sarmaş-dolaş sevgililər "ətimizi tökür”. Başa düşə bilmirəm ki, bu gənclər nəyi, kimə nümayiş etdirir. Hətta bir neçə dəfə onları qovmaq həddinə çatmışam. Bu qədər də sərbəstlik olmaz axı? Əslində bunun adı nə sərbəstlik, nə də müasirlikdir. Heç sevgi də deyil, sadəcə tərbiyəsizlikdir. Biri-birini həqiqətən sevən insanlar heç vaxt intim hisslərini ortalıqda nümayiş etdirməməlidir”.
Konkret olaraq, iki gəncin transformatora girməsinə gəldikdə isə sosioloq deyib ki, burada tərbiyəsizliklə yanaşı, ağılsızlıq faktoru da var: "Bu artıq səhlənkarlıqdır! Onlar uşaq deyil ki? Oğlanın 20, qızın 18 yaşı olub. Hər ikisi yetkin gənclərdir. İnsan nə qədər savadsız olar ki, 6 min voltluq transformatorun içinə girər. Sözün düzü, bu xəbəri oxuyanda o gənclərə yazığım gəldi. Əgər bu yaşda insan transformatorun içinə girirsə, deməli, onlar normal deyil! Həmin gənclərin parkda oturduğu yerdə başına hansısa bədbəxt hadisə gəlsə, onları haqlı hesab etmək olardı. Amma bu gənclər transformatorun içinə bilə-bilə girib axı? Fərqi yoxdu, bu addımı öpüşmək üçün atıblar, ya sadəcə oturmaq üçün. İstənilən halda, bu ağılsızlıqdır və o gənclər öz emosiyalarının qurbanı olublar. Burada nə cəmiyyət, nə də mentalitet günahkardır. Əslində, məni ən çox narahat edən cəmiyyətin müəyyən bir qisminin həmin gənclərin bu addımına haqq qazandırmasıdır. Deməli, problem bu gənclərlə bitmir. Cəmiyyətin özündə də ciddi aşınmalar var”.
Sosial şəbəkə fəalı olan Nigar Mahmudova: "Deyirəm bu millət düzəlmir ki, düzəlmir. Necə böhtan atırlar insanlara?! Transformator məntəqəsinə daxil olan qızla oğlanı cərəyan vurubsa, demək onlar şəhvət hissi yaşamaq üçün giriblər o məntəqəyə? Məntiqlə düşünsək, məntəqəyə şəhvət hissi yaşamaq üçün girmirlər. Əgər elə olsa belə, bunu kimsə sübut etməmiş haqqı yoxdur ki, şayiə yaysın və kiminsə haqqına girsin. Və hətta nə etdikləri sübut edilibsə belə, yaxşı ediblər. Kimə nə? Hər kəs özünə cavabdeh olmalıdı. Bizim də balamız var, sabahı bilmək olmaz. O qədər mərd ailədən namərd oğullar, qızlar çıxır ki... Amma ətək murdar olmaqla kəsib atmaq olmaz ki... O da kiminsə balasıdır, hələ 18, 20 yaşlarında yeniyetmələr... Bu xəbəri indi ətraflı şəkildə oxudum. Oxumağıma səbəb isə cərəyan vurmuş bu qızla oğlan haqda yalan şayiələrin yayılması səbəb oldu. Dedim yəqin qızla oğlanın transformator məntəqəsində nə hoqqadan çıxdıqlarını yazıblar, amma bədbəxtlərdən biri qolunu itirib, hələ kimliyi belə məlum olmayan qız da Allah bilir nə haldadır. Amma bəzi insanlarımız artıq onların orada nə işlə məşğul olduqlarını çözürlər. Elə bil "follow” ediblər”.
Cəmisi 18-20 yaşında olan iki gəncdən heç birinin bu hadisəni ömrünün sonuna qədər unuda bilməyəcəyini vurğulayan gənc yazar Cəlil Cavanşir deyib ki, vəziyyəti ağır olan oğlan yaşasa belə, bütün həyatını bir qolu olmadan, əlil kimi davam etdirəcək: "Məncə, bu qətiyyən gülməli, ələ salınmalı hadisə deyil. Bu hadisədə qınağa tuş gəlməli ən sonuncu adam, bəlkə də, elə o günahsız gənclərdir. Amma hər zaman olduğu kimi, namus-qeyrət keşikçiləri, mentalitet mühafizəçiləri iş başındadırlar. Bu qədər kədərli və üzücü olayı lağ hədəfinə çevirənləri anlamaq çətin deyil. Səbəb, başqa məşğuliyyət tapa bilməyən durğun kütlənin hədəf axtarışıdır. Durğun, öz taleyinə biganə kütlə başını qatmağa, məzələnməyə, günahkar çıxarmağa, linç etməyə hədəf axtarır. Nobelli alman Elias Kanetti də təxminən belə deyir.
Sosial şəbəkələrdə vaxtını öldürən biveclər üçün bu hadisə göydəndüşmədir. İndi leş qarğası kimi tökülüblər bu binəvaların üstünə. Lağa qoyan kim, günahkar çıxaran kim, lətifə düzəldən kim, ağıllı görünmək üçün hadisəni qeyri-adi variasiyalarda təqdim edən kim...
Qəhrəman vətən övladları qızla-oğlanın yeddi arxa dönəninə qədər "səhv çıxarıb”, onları ciddi qınaqlara məruz qoyaraq müdriklik səlahiyyətlərindən necə lazımdır istifadə ediblər. Olsun, kütlədən bundan artığını gözləmək ağılsızlıqdır. Qəbul edirəm ki, hadisə hansı şəraitdə baş verməsindən asılı olmayaraq, cəmiyyətin onu yozmağa, şərh etməyə haqqı var. Amma ələ salmaq, məzələnmək heç də insaflı və vicdanlı davranış deyil.
Ən ağrılısı televiziyaların bu faciəni təqdim etmə şəklidir. Hansısa ağzının suyunu yığa bilməyən aparıcı gözlərini bərəldib bu hadisəni rəzillik, rüsvayçılıq kimi qələmə verir, onsuz da başını itirmiş valideynlərə daha bir zərbə vurur”.
Yazar deyib ki, hansı səbəbdən transformatora daxil olması məlum olmayan gənclərin faciəsi rəzillikdirsə, bəs bunu efirdən bütün ölkəyə car çəkib, ələ salmağa nə ad verək? Olmazmı bu faciəvi hadisəni, heç olmasa, yumşaq dillə çatdırasınız? "Tutaq ki, siz haqlısınız, gənclər transformatora sevişmək üçün giriblər və sevişmək istədikləri üçün başlarına bu faciəvi hadisə gəlib. Məgər bu, kimlərəsə insanları ələ salmaq haqqı verirmi?
Əsl faciə gənclərin transformatora girməsi deyil, faciə ölkədə minlərlə gəncin "transformatora girməyə” məcbur olmasıdır. Bu məqamda "transformatora girmək” ümumi mənzərəni izah edən açar ifadədir. Bəli, bu gün sevgilisi ilə öpüşmək, sevişmək üçün canını təhlükəyə atan minlərlə gənc var. Və biz, heç nə olmamış kimi yekə-yekə mentalitetdən, əxlaqdan, abır-həyadan danışırıq. Heç kəsə sirr deyil ki, seks, hətta öpüşmək bizdə tabudur. Bəli, sevdiyin insanla rəsmi münasibət qurmadan sevişmək, öpüşmək əxlaqsızlıq, hətta böyük faciə hesab edilir. Bunun üçün mütləq hay-küylü toy edib restoranlara, gözəllik salonlarına, gəlin maşınlarına, mebelə, cehizə, bəy-gəlin kostyumuna ətək-ətək pul tökməlisən.
Seksin tabu olduğu cəmiyyətlərdə bu cür faciələrin olması labüddür. Düşünürəm ki, bu cür hadisələri lağa qoyub məzələnməkdənsə, papağımızı qabağımıza qoyub düşünməliyik. Bu faciələr sadəcə siqnaldır...”
Şəymən