Azərbaycanın təklifi rədd edildi

Türkiyənin "Pegasus"şirkəti ona edilən təkliflərlə razılaşmayıb






Azərbaycan Hava Yolları (AZAL) Bakı-Moskva-Bakı aşağı büdcəli reysi ("lou-kost") üzrə ilk uçuşunu həyata keçirib.

ANS PRESS-in məlumatına görə, həmin uçuşların qiyməti 99 avrodur. Bundan başqa, marşrut üzrə hər ayrıca baqaj üçün (23 kiloqramdan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 santimetr olan əl yükünü (8 kiloqramdan artıq olmayan) təyyarəyə götürmək isə pulsuzdur.

Beləliklə, 99 avroya (114,60 manata) bir insan Bakıdan Moskvaya, İstanbula, Dubaya, Antalyaya sadəcə əl çantası ilə uça bilər.

Bundan başqa, aviaşirkət 99 manata Bakı-İstanbul reysi təklif edir. Lakin bu zaman sərnişinlərin rahatlıq imkanları məhdudlaşdırılır. Çünki bu qiymətə yalnız uçuş daxildir, yemək və yük daxil deyil. Eyni zamanda bu biletləri alan şəxsləri onları geri qaytarmaq hüququndan məhrumdurlar.

Beləliklə, görünən odur ki, yeni reyslər təşkil edilsə də, AZAL-ın qiymət problemi hələ də qalmaqdadır.

Halbuki bir çox xarici ölkələrin aviaşirkətləri öz vətəndaşlarına təxminən həmin qiymətə daha sərfəli və komfortlu - yemək və yük də daxil olmaqla - xidmət təklif edirlər.

Müqayisə üçün bildirək ki, Macarıstanın "Wizz Air" aviaşirkətinin iki saatlıq Budapeşt-Brüssel uçuşunun qiyməti cəmi 25 dollardır (təxminən 26,23 manat). Üç saatlıq Bakı-İstanbul reysi isə 99 manat.
Qiymətlərin bu cür qoyulması müəyyən insanlara, daha doğrusu, maddi imkanı məhdud olan insanlara sərf edə bilər. Onlar bu uçuşlara da qane ola bilərlər. Lakin istənilən halda bu, insanların seçim hüquqlarının məhdudlaşdırılması deməkdir.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevin sözlərinə görə, bu, bütövlükdə normal xidmət əldə edilməsi və qiymətlərin aşağı salınması baxımından qəbuledilən yol deyil.



"Əgər söhbət təyyarə biletlərinin ucuzlaşdırılmasından gedirsə, bunun əsasında rəqabət dayanmalıdır. Ölkəyə digər şirkətlərin gəlməsinə imkan yaradılmalıdır. Beləliklə, bu rəqabət şəraitində qiymətlər formalaşdırılmalıdır", - deyə iqtisadçı Azər Mehdiyev bildirib.

Onun sözlərinə görə, qiymətlərin insanların digər xidmətlərdən məhrum edilməsi hesabına ucuzlaşdırılması seçim imkanının məhdudlaşdırılmasıdır, heç də seçim imkanı yaratmaq deyil.

"AZAL-la bağlı məsələdə qiymətin aşağı salınmasının tək mexanizmi bu sahədə rəqabətin təmin edilməsidir", - deyən Azər Mehdiyev aviaşirkətin rəqabət imkanlarını da məhdudlaşdırdığını qeyd edib.


Məsələn, AZAL-ın vitse-prezidenti Arif Məmmədov qeyd edib ki, Türkiyənin "Pegasus" şirkətinə Qəbələ və Lənkərana "lou-kost" uçuşlar keçirmək təklif edilsə də, "Pegasus" bundan imtina edib. Arif Məmmədov bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, "görünür, "Pegasus" şirkəti bu uçuşların onlarda alınmayacağını anladı".

Halbuki, AZAL sadəcə əməkdaşlıq təklif etməli, keçiriləcək uçuşları, qiymətləri "Pegasus" özü müəyyənləşdirməli idi. Beləliklə, türk aviaşirkəti öz imkanlarını nəzərə alaraq reyslərin alınıb-alınmayacağına da özü qərar verməli idi, AZAL deyil.

İqtisadçı Azər Mehdiyev də şərtləri AZAL-ın müəyyənləşdirməli olmadığını vurğulayıb: "AZAL özü şərtlər təklif etməli deyil ki, gəlin, bu şərtlərlə fəaliyyət göstərin".

İqtisadçı çıxış yollarından danışarkən bildirib ki, AZAL normal mühit yaratmalıdır. "Xarici aviaşirkətlər isə özləri qərar verməlidirlər ki, bu mühitdə fəaliyyət göstərə bilər, ya yox", - deyən Azər Mehdiyev əlavə edib ki, sərnişin daşımalarında, aeroport xidmətlərindən istifadədə elə şərtlər təmin edilməlidir ki, bu həm beynəlxalq standartlara uyğun olsun, həm də rəqabət şərtlərini təmin etsin.