Savaşdan savaş çıxar...

Türkiyə “ağ maşını” dayandıra biləcəkmi?




Rusiyanın Suriyaya hərbi müdaxiləsi Türkiyə - Rusiya arasındakı münasibətləri müəyyən qədər gərginləşdirib. Çünki Moskvanın hədəfləri Ankaranın istəyi ilə ziddiyyət təşkil edir. Kreml, əməliyyatların başlıca məqsədi İŞİD-i məhv etmək olduğunu bəyan etsə də, iki ölkə münasibətlərinin sürətlə "qırmızı xətt”ə yaxınlaşmaqda olduğunu görürük.

Hətta Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rus qırıcılarının Türkiyə hava məkanını pozmasına işarə vuraraq bildirib ki, Rusiya Türkiyəni itirə bilər və bunun da ziyanını ən çox Rusiya çəkər. Məlumata görə, Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib ki, Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib və verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib. O, həmçinin diqqətə çatdırıb ki, Rusiyadan Türkiyə milli təhlükəsizliyinə hörmət göstərilməsini gözləyir: "Bizim hava məkanımızı kimsə poza bilməz”.

Gərginliyi şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, müdaxilə zamanı hansısa dövlətin sərhəd pozuntuları baş verə bilən hadisədir. Lakin Rusiyanın iki dəfə Türkiyə sərhədini pozması təsadüfə oxşamır: "Çünki bir dəfə pozulsaydı, demək olardı ki, hava şəraiti ilə bağlıdır, amma iki dəfə pozuntu olub və bir müddət hava sahəsində qalıblar. Bu sanki həm Ərəb dünyası, həm Türkiyə, həm də NATO və Amerikaya bir mesajdır. Rusiya bununla yəqin demək istəyir ki, artıq onun da Suriyada hərbi varlığı mövcuddur və o da bir oyunçudur. Türkiyə, Fransa, Amerika Suriyadakı terrorçu məntəqələrini bombalaya bilirlərsə, Rusiyanın da belə bir hüququ var. Bu pozuntunu da əslində mən bu siyasətin elementi kimi də qiymətləndirirəm. Amma mənə elə gəlir ki, Rusiya bu siyasəti davam etdirməkdən çəkinməlidir. Əks halda, Türkiyə ilə münasibətlər tamamən pozula bilər. Türkiyə ilə Rusiya dost dövlətlər sayılırlar, ticarət dövriyyəsi 100 milyard dollara çatmaqdadır. Hətta Ərdoğan bu yaxınlarda Moskvaya səfər edib, Putinlə çox səmimi görüş keçirib. Rusiya Türkiyədə böyük bir nüvə elektrik mərkəzi tikməlidir. Ərdoğan isə dedi ki, münasibətlər gərginləşərsə, biz Rusiyanın xidmətlərindən imtina edə bilərik və Rusiyanın itkiləri daha çox ola bilər. Əlbəttə, Rusiya Türkiyəyə qaz satır, amma Türkiyə bu qazdan imtina etsə, Rusiyanın iqtisadi itkiləri daha çox olacaq. Türkiyə qazı hansısa başqa ölkədən tapa bilər. Rusiya isə artıq bazar tapa bilməyəcək. Bu pozuntulardan sonra Rusiya-Türkiyə ilə münasibətləri gərginləşdirməkdən qaçmalıdır. Çünki bu, Rusiyanın özünün artıq milli və təhlükəsizlik maraqlarına cavab verməyəcək”.

Ekspertin qənaətincə, Suriya münaqişəsi Rusiya-Türkiyə münasibətlərində bir fikir ayrılığı yaradıb: "Türkiyə hakimiyyəti Suriyadan Əsədin getməsini istəyir. Rusiya isə əksinə, Əsədi real hakimiyyət sayır və ona dəstək verir. Hərbi dəstək vermək də o deməkdir ki, Əsədin daha da güclənməsini istəyir. Bu artıq Rusiya-Türkiyə münasibətlərində çat yaradıb. Əlbəttə, Qərbdə müəyyən dairələr ola bilər ki, bu münasibətlərin daha da gərginləşməsini arzulasınlar. Amma Türkiyə və Rusiya hər halda "qırmızı xətti” keçməməyə də çalışmalıdırlar. İki dövləti bir çox maraqlar birləşdirir. Nüvə-elektrik mərkəzinin tikintisi, ticarət mübadiləsi, Türkiyəyə hər il gələn rus turistlərinin sayı həm Rusiyaya, həm də Türkiyəyə çox mənfi təsir göstərə bilər”.

E.Şahinoğlu hesab edir ki, Rusiya hakimiyyətinin fikirləri var ki, İran, Amerika, Avropa, Türkiyə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etsinlər: "Amma bu əməkdaşlıq, məncə, alınmayacaq. Çünki Qərb, Türkiyə, Ərəb dünyası şimal qonşumuzn Əsədi dəstəkləmə siyasətini qəbul etmir. Ona görə bu təklifin qəbul olunacağı problematikdir. Hər bir dövlət yəqin ki, ayrılıqda öz siyasətini davam etdirəcək. Türkiyə, Amerika, Avropa birgə fəaliyyət göstərir. Mümkündür ki, Rusiya ilə də İranla birgə Suriya siyasətini yürütsün. Məsələ burasındadır ki, iki blok yaransa da, məsələ eynidir. Hədəf terrorçuların zərərsizləşdirilməsidir. Bunu həm Amerika, Türkiyə, həm də Rusiya və İran istəyir. Amma bu məsələdə fikir ixtilafı ondan yaranır ki, Amerika, Ərəb dünyası və Avropa Əsədin də hakimiyyətdən getməsinə çalışır. Rusiya isə Əsəd hakimiyyətdə qalmaqla terrorizmlə mübarizənin gücləndirilməsini istəyir ki, bu da fikir ayrılığıdır. Bu ixtilafın yaxın zamanlarda aradan qaldırılacağını düşünmürəm”.

Ayyət Əhməd