Həmsədr ölkələr vaxtı uzatmaq istəyir

“Almaniyanın münaqişənin nizama salınmasına kömək göstərəcəyi fikri yanlışdır”



"ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniya hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda məsləhətləşmə aparacaqlar”.

Bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Tvitter səhifəsində yazıb. Hətta o, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün birlikdə işləməyi də təklif edib.

Politoloq Elçin Əhmədov isə "Şərq”ə açıqlamasında qeyd etdi ki, C.Uorlikin təklifini ciddi qəbul etmir. Ekspertin sözlərinə görə, Almaniyanın münaqişənin nizama salınmasına köməklik göstərəcəyi inandırıcı deyil: "Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi Ermənistanın status-kvonu qoruyub-saxlaması siyasətini müdafiə xarakteri daşıyır. C.Uorlik bu yaxınlarda Avropa Şurasının (AŞ) qəbul etdiyi sənədlərə etiraz etdi və bu qurum həmin sənədi qəbul etməzdən öncə, həmsədrlərlə məsləhətləşməli idi. Bu da deməyə əsas verir ki, amerikalı həmsədr münaqişənin həllində maraqlı deyil. Həmsədr ölkələr də Ermənistan kimi vaxtı uzatmaq istəyirlər”.

Ekspert diqqətə çatdırıb ki, Almaniya ilə məsləhətləşmələr münaqişənin ölü nöqtədən tərpənməsinə heç bir təkan verməyəcək: "İndiyə qədər Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair hansısa bəyanatı olubmu? Xeyr. Bu baxımdan hesab edirəm ki, Minsk Qrupu fəaliyyətsizliklə məşğuldur”.

Ayyət Əhməd