Pənah Hüseynin şikayəti qismən təmin edilib

MSK-nın iclası keçirilib





Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb. APA-nın məlumatına görə, MSK üzvü Bəxşeyiş Əsgərov deyib ki, 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn müvafiq Dairə Seçki Komissiyasının (DSK) səsvermənin nəticələri barədə qərarının ləğv olunması, səslərin yenidən sayılması barədə MSK-ya müraciət edib.

P. Hüseyn müraciətində seçki məntəqələrində müşahidəçilərin olmadığını, seçki qutularına topa bülletenlər atıldığını, seçicilərin sayının şişirdildiyini, seçicilərin barmaqlarına mürəkkəb vurulmadığını iddia edib. B. Əsgərov bildirib ki, dünən saat 11:00-dan 16:00-a qədər Pənah Hüseyn MSK-da olub, müraciəti üzrə araşdırmada iştirak edib, bu gün isə MSK-nın iclasında iştirak etmək istəməyib. MSK-nın apardığı araşdırma zamanı məlum olub ki, seçki məntəqələrində 600-dən çox müşahidəçi olub. Məntəqə seçki komissiyasının protokolları səsvermədən sonra təqdim edilib, müvafiq yerdən asılaraq ictimailəşdirilib. P. Hüseynin səlahiyyətli nümayəndəsi Novruz Quluzadəyə öz xahişi ilə DSK-nın karbonlaşdırılmış protokolunun ikinci nüsxəsi təqdim edilib, o isə mobil telefonla protokolun surətini çəkməklə kifayətlənib. B. Əsgərovun sözlərinə görə, araşdırma zamanı o da məlum olub ki, səsvermədə iştirak edən seçicilərin sayı protokoldakı seçicilərin sayı ilə üst-üstə düşür: "Digər tərəfdən, 13 saylı məntəqədə səslərin sayılması zamanı müvafiq normalara əməl edilməyib. Buna görə də bu məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb. Pənah Hüseynin səs verən seçicilərlə protokoldakı seçicilərin sayının arasında böyük fərq olması barədə iddiası da təsdiqini tapmadı”. Məsələ səsverməyə çıxarılıb. MSK 63 saylı Sabirabad Birinci Seçki Dairəsinin 13 saylı məntəqəsində seçkinin nəticələrini ləğv edib. Eyni zamanda 35 məntəqədən birində nəticələr ləğv olunduğu üçün 63 saylı Sabirabad Birinci Dairə Seçki Komissiyasının seçkinin nəticələri haqqında qərarı ləğv olunub, P. Hüseynin şikayətindəki digər məqamlar əsassız sayılıb. Başqa sözlə, 1 məntəqə istisna ilə MSK digər məntəqələrin nəticələrini təsdiqləyib və 63 saylı Sabirabad Birinci Seçki Dairəsində lider namizədi dəyişməyib. Bu dairədə lider namizəd Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin aparat rəhbəri Elçin Quliyevdir.