Fürsətbazlar yenə iş başındadılar. Ölkədə dindar kəsimin içərisindən xarici qüvvələrin məkrli planlarına alət olmuş bir dəstənin dağıdıcılıq cəhdləri bəzi siyasi uğursuzlar üçün göydəndüşmə olub. İranmeylli radikal dinçilərin fəallaşması və cəmiyyətimizi xaosa sürükləmək istəyi "siyasi müxalifət”in fitçalanlarından dəstək almaqdadır.
Stajlı iqtidarçı və stajçı müxalifətçi Gültəkin Hacıbəyli ölkəmizi fəlakət girdabına sürükləməyə çalışan cəhalət daşıyıcılarının hakimiyyətə və daha çox dövlətə qarşı çağırışlarına bərk aludə olub. O qədər ki, irtica, qan, cəhalət, qarşıdurma, parçalanma çağırışları edən "dinçi” avantüristləri öyməkdən belə çəkinməyib. Azərbaycan Respublikasının konstitusion dövlət quruluşunu dəyişməyə, zorakılığa, itaətsizliyə çağırışları göz qabağında olan Hacı Tale Bağırzadə haqqında "Azərbaycanın ən sivil və səviyyəli dini kəsiminə - Hacı Talehin ətrafında olan inanclı insanlara qarşı sərt repressiyalara başlanılıb” yazan birinin demokratiya, qanunçuluq, milli maraqlar anlayışına necə "bərəkallah” deməyəsən?!
Axı uşağa da aydındı ki, Gültəkin xanım bu cəhalət şeypurçularının cəmiyyətində bir saat belə yaşamaz! Elə isə nədi bu eks-deputat xanımın dərdi? Əlbəttə, radikal dinçi dəstənin hakimiyyətə qarşı xaricdən körüklənən nifrəti! O və onun həmfikirləri pay ala bilmədikləri qazanın altını deşməyə çalışanlardı.
Öz feysbuk profilində hakimiyyət haqqında "siyasi məhbusların azadlığı və demokratik islahatlar tələbini rədd edənlər...” yazan xanım Hacıbəyli, illər öncə, ölkədə siyasi məhbusun olmadığını Avropanın ən mötəbər qurumlarının tribunalarından söylədiyini unudubmu? Azərbaycanı Avropa Şurasında təmsil edən heyətin üzvü olaraq G.Hacıbəylinin o vaxt hansı mövqedə olduğunu onu tanıyanların hamısı bilir.
Xanım Hacıbəylinin "ən sivil və səviyyəli” adlandırdığı dəstənin təmsilçilərindəki təfəkkürə baxın. Özünü "Şəmkir rayonunun ilahiyyatçısı” adlandıran Qulu İbrahimov: "...Buradan xəbərdarlıq edərək bildiririk ki, əgər o rəis haqqında tədbir görülməsə, Allah özü onu cəzalandıracaq. Biz bunu bildiyimiz üçün əlimizdən gələn hər bir şeyi edəcəyik ki, Allah o yezid xislətliləri məmurları bizim vasitəmizlə cəzalandırsın. Biz heç nədən qorxmuruq. Azərbaycan Konstitusiyasında ən ağır cəza ömürlük həbsdir. Biz nəinki ömürlük həbsə, dini dəyərlərimiz üçün hətta şəhid olmağa belə hazırıq... İmam Hüseynin (ə) buyurduğu kimi, "zillətlə yaşamaqdansa, izzətlə ölmək şərəflidir”...”
Budurmu "sivil və səviyyəli” qüvvələr?
Əlbəttə, dövlətin və cəmiyyətin təhlükəsizliyini qorumalı olan müvafiq qurum vaxtında öz məsuliyyət dairəsində çalışsaydı, bu cür qeyri-hüquqi, anti-konstitusion, zorakı çağırışlar eşidilməzdi. Bu cür təxribatçı və düşmən çevrələrin oyunlarına alət olan dəstələr ortaya çıxmazdı ki, bunu fürsət bilib gözləri parıldayan hacıbəylilər də boş xəyallara qapılmasınlar...
Azərbaycan xalqı bu dövləti qurmaq, bu bayrağı ucaltmaq üçün minlərlə şəhid verib, mübarizə aparıb və aparmaqdadı. Son günlər dövlətimizə və cəmiyyətimizə yönəlmiş təxribatçı, təhqiramiz və təhlükəli çağırışlar illərdir bir an belə səngiməyən təxribat siyasətinin davamıdır. Və bu illər ərzində olduğu kimi, bu dəfə də cəhdləri uğursuzluğa düçar olacaq. Azərbaycanı dünyəvi, hüquqi, sivil dövlət quruculuğu yolundan sapdırmağa çalışanlar bunu unutmasınlar! (Lent.az)