Neftin qiyməti 2020-ci ilə qədər 80 dollara çatmayacaq

“Qara qızıl” yenə ucuzlaşacaq, çünki dekabrdan İran da neft bazarına çıxacaq



Neftlə bağlı ümidlər alt-üst oldu. Beynəlxalq Energetika Agentliyi (BEA) neftin qiyməti ilə bağlı illik hesabatı açıqlayıb. BEA-nın icraçı direktoru Fatih Birolanın proqnozuna əsasən qara qızılın bir barelinin qiyməti 80 dollara 2020-ci ildən tez çatmayacaq:

"2015-ci ilin yekunlarına dair neft sahəsinə investisiyalar 20 faizə qədər azalacaq və bu tendensiya gələn il də davam edəcək ki, bu da neft bazarına təsirsiz ötüşməyəcək”.

Onun sözlərinə görə, sutka ərzində neftə olan tələbat hər il 900 min barelədək artacaq və bu göstərici 2040-cı ildə 103,5 milyon barelə çatacaq: "Tələbatın yüksəlməsinə həmçinin Çinin enerji istehlakının artması da təsir göstərir. Bu ölkənin göstəriciləri 25 ildən sonra ABŞ-ın analoji göstəricilərini iki dəfə üstələyə bilər. Hazırda iqtisadiyyatında artım qeydə alınan Hindistan da neft bazarına təsir göstərə bilər.

Məlumat üçün bildirək ki, bu həftənin əvvəlində neftin qiyməti artmağa başlayıb. Brent neftinin London birjasında qiyməti hazırda 48 dollar ətrafında dəyişir. Tanınmış iqtisadçı Natiq Cəfərli də "Şərq”ə bildirib ki, iqtisadi böhranın başlanması ərəfəsindəyik. Çünki neftdən istifadə edən sahələrdə inqilabi dəyişikliklər baş verir: "Bu günə qədər daxili yanma mühərriyində dünyada istehsal olunan neftin 40 faizə qədəri istehsal olunurdu. Avtomobil, təyyarə və yükdaşımalarda neftdən çox ciddi şəkildə asılılıq vardı. Amma son zamanlar inqilabi texniki irəliləyişlər ona gətirib çıxardı ki, artıq yeni nəsil avtomobillər meydana gəldi və bu proses çox sürətlə gedir. Hətta 2020-ci ildə Avropa və Amerikada ya elektrik, ya da hidrogenlə çalışan avtomobillər üstünlük təşkil edəcək ki, bu da neftin istehlakını azlatmağa yönəldilmiş addımlardan biridir. İstilik enerjisinin alınmasında 70 faizə yaxın neftdən istifadə olunurdu. İndi artıq bu rəqəm 11-12 faizə qədər enib. Getdikcə də enməkdə davam edir. Dünyada yeni texnologiyalar yarandıqca, neftdən asılılıq azalır. Bu da indiki qiymətin ucuzlaşmasına gətirib çıxartdı. Bir çox ölkələrdə maya dəyəri həddindən artıq ucuz olduğundan hətta neftin qiyməti 30 dollara düşsə də, orada neft istehsal etmək mümkündür. Məsələn, ərəb ölkələrində neftin maya dəyəri 3-4, Rusiyada 7-8, Azərbaycanda Ceyhan limanından yüklənmə və daşınma daxil olmaqla 10-11 dollardır”. Ekspertin qənaətincə, neftin qiyməti daha da ucuzlaşa bilər: "Ona görə ki, İran da dekabr ayından yenidən neft bazarına çıxmağa başlayacaq və daha çox neft satacaq. Bu proseslər onu göstərir ki, yaxın illərdə neftin qiyməti çox aşağı səviyyələrdə qalacaq və bu da ölkə üçün böyük bir zərbədir. Azərbaycanın iqtisadi modeli təəssüf ki, neftdən çox asılı vəziyyətdədir. Gəlirlərimizin böyük bir hissəsi neftdən asılıdır. Bundan başqa xarici ticarətdə neft amilinin rolu 94-95 faizə yaxındır ki, bu da çox böyük rəqəmdir. Neftin ucuzlaşması ölkənin gəlirlərinə təsir göstərəcək.”

Ayyət Əhməd