“Rejimin cavabı yaxşı verildi”

Əjdər Tağızadə: “İran son təhqirlə azərbaycanlıları yoxlamaq istəyirdi”
Çoxları iddia edirdi ki, guya azərilər artıq mübarizə gücünü, döyüş əzmini itirib, onların milli hissləri qalmayıb



İranda azərbaycanlıların dövlət televiziyasında təhqir olunmasına qarşı etirazlar səngimək bilmir. Bir neçə şəhərdə fars rejiminə qarşı keçirilən geniş aksiyalardan sonra ötən gün Təbriz Universitetinin yüzlərlə azərbaycanlı tələbəsi də ali təhsil ocağının həyətində toplaşaraq, irqçiliyə qarşı etirazlarını bildiriblər.

"Haray-haray, mən türkəm” və "Yaşasın Azərbaycan” şüarları səsləndirən tələbələr orta ixtisas və ali təhsil müəssisələrində dərslərin Azərbaycan dilində keçirilməsini tələb ediblər.
Xatırladaq ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan "Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilib, alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq, fars rejiminə etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb. Proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki, bu cür aksiyalar azərbaycanlıların milli şüurunu oyaq saxlayır...

- Əjdər bəy, İranda yüz minlərlə soydaşımızın ayaqlanmasını necə dəyərləndirirsiniz?

- Əvvəla onu deyim ki, fars şovinistlərinin Azərbaycan türklərini təhqir etməsi ilk dəfə yaşanmır. Dəfələrlə bunun şahidi olmuşuq. Əslində İran adlanan yerdə fəaliyyət göstərən bütün televiziyalar fars rejiminin nəzarəti altındadır. Orada heç bir müstəqil işləyən telekanal, azad media yoxdur. 2-ci kanalda türklərin təhqir olunması birbaşa rejimin əli və göstərişi ilə həyata keçirilib. Ancaq rejim təhqirlərin belə effekt verəcəyini gözləmirdi. Məsələ burasındadır ki, fars kanalları təkcə azəriləri yox, əsarətdə saxladıqları digər millətləri də təhqir edirlər. Sonra da çıxıb həyasızcasına deyirlər ki, "balaca zarafat etmişik”. Millətin heysiyyətinə toxunan məsələdə zarafat olmaz. Fikir verdinizsə, "Fitilə” proqramını aparan adam söylədi ki, o da türkdür və həmin verilişi uşaqları sevindirmək üçün hazırlayıb. Ancaq görünür, o "azəri” etdiyi böyük səhvi başa düşmür. Bilmir ki, onun beynini çoxdan fars şovinizmi ilə yuyublar. Təəssüflər olsun ki, bəzi soydaşlarımız farslar arasında assimilyasiya olunublar.

- Yəni fars rejimi qəsdən azərbaycanlıları təhqir edir?

- Əlbəttə. Onlar şüuraltında xalqın milli mənliyini sındırmağa çalışırlar. Buna görə də şovinist rejimi hər fürsətdə azərbaycanlıları təhqir etməyə çalışır. Onlar hər zaman türkləri 3-cü dərəcəli, geridə qalmış toplum kimi təqdim edirlər. Soydaşlarımız haqlı olaraq geniş aksiya keçirdilər və rejimin cavabını verdilər. Çoxları iddia edirdi ki, guya azərilər artıq mübarizə gücünü, döyüş əzmini itirib, onların milli hissləri qalmayıb. Bəlkə də son təhqirlə bunu yoxlamaq istəyirdilər. Ancaq hadisə göstərdi ki, Azərbaycan türkləri çox şeyə qadirdir və öz köklərini unutmayıblar. Xalqlar zindanı sayılan İranda ayağa qalxanlar təkcə tələbələr, ziyalılar deyil. Xalqın hər sinifindən rejimə qarşı ciddi narazılıqlar, etirazlar var. Demək olar ki, bütün Azərbaycan ayağa qalxdı. Bu da onu göstərdi ki, xalqın şüurunda milli məsələlər kök salıb. Həmin hissləri hansısa təzyiqlərlə, işgəncələrlə silmək mümkün deyil.

- Qərb dünyasının İranla arası yaxşı deyil. Bu baxımdan etirazlar xarici media tərəfindən kifayət qədər işıqlandırıldımı?

- İrandakı aksiyalar geniş miqyasda, dünya mediası tərəfindən yayıldı, tirajlandı. Demək olar ki, bütün Qərb mətbuatı bu olaylardan yazdı. Amma fars rejimi böyük "məharətlə” çalışaraq, etirazların üstünü ört-basdır etdi. Yalandan iddia qaldırdı ki, guya, rejim etirazçı kütləyə çox qəddarlıqla yanaşmayıb, "yumşaq” üz göstərib və s. Təbii ki, bunlar ağ yalandı. Həmin yürüşdə yüzlərlə soydaşımız polislər tərəfindən döyüldü, təhqir edildi, həbsə atıldı. Onları yaxşı aqibət gözləmir. Hamısına zindanlarda dəhşətli işgəncələr verəcəklər. Budur "yumşaq” davranış?

- Sizcə, belə geniş miqyaslı bir ayaqlanma İran rejimini kifayət qədər qorxutdumu? Yəni hesab etmək olarmı ki, bundan sonra rejim azərbaycanlılara qarşı daha ehtiyatlı davranacaq?

- Əlbəttə, etirazlar fars rejimini bərk narahat etdi. Birinci dəfə idi ki, ölkənin Milli Təhlükəsizlik Şurası birbaşa telekanal rəhbərliyinə göstəriş verərək tələb etdi ki, kanal rəhbəri azərilərdən üzr istəsin. Bu, elə-belə məsələ deyil. Fars rejimi etirazın ciddiliyini gördü və bütün gücü ilə çalışdı ki, narazı xalqı yatışdırsın. Çünki hadisənin istənilən an nəzarətdən çıxa biləcəyinin fərqində idi. İranda insanlar, necə deyərlər, "bir himə bənddir”. Orada azərbaycanlılarla yanaşı, ərəblər, bəluclar və başqa çoxsaylı millətlər də var. Azərilərin ayaqlanması onları da dirçəldə bilər. Rejim ən çox bundan ehtiyat edir. Digər xalqlar da gözləyirlər ki, ilk addımı azərbaycanlılar atsın. Çünki biz İranda çoxluq təşkil edirik. Ona görə də rejim bir tərəfdən öz "yumşaq” sifətini göstərir, digər tərəfdən isə millətin fəallarını qaranlıq zindanlara salır. Xüsusən son illər, İran dövləti xalqımıza qarşı "görünməz” təzyiqlərini gücləndirib.

- Ümumilikdə soydaşlarımızın təşkilatlanması prosesi necə gedir?

- Etirazlar, aksiyalar göstərir ki, siyasi istəklər var, amma təşkilatlanma zəifdir. Artıq millətimizin rejimlə mübarizəsi, müqaviməti budaqdan kökə enib. Bu cür ayaqlanmalar xalqın milli şüurunu daha da təzələyir. Yəni keçən zaman bizi zəiflətmir, əksinə, gücləndirir. Aksiyada səslənən şüarlar da göstərdi ki, xalq öz milli mənsubiyyətini dərk edir. Lakin nəzərə almaq lazımdır ki, İranda farslarla yanaşı, kürdlər, ermənilər də türklərin düşmənidir. Eyni zamanda İran adlı yerdə diktatura çox güclüdür. İnqilab qvardiyası dəhşətli dərəcədə yırtıcıdır. Onların vəhşi əməlləri Suriyada, Livanda, Yəməndə üzə çıxıb. İran rejimi ölkədə heç bir təşkilatlanmağa imkan vermir.

- İranda əsarət altında yaşayan azərbaycanlıların etirazları ilə bağlı müstəqil Azərbaycan ictimaiyyətinin reaksiyası sizi qane etdimi?

- Çox təəssüflə qeyd edirəm ki, yox. Düzdür, Azərbaycan dövlətinin öz problemləri var, bunu anlayırıq. Amma bu, əsas vermir ki, müstəqil dövlətimiz və cəmiyyətimiz Cənubi Azərbaycanda baş verənlərə qarşı belə biganə olsun. Bu gün ölkə ictimaiyyəti İrandakı soydaşlarımızla bağlı çox səssizdir. 1980-ci, 90-cı illərdə "Təbriz, Təbriz” deyə hayqıranların indi səsi çox zəif çıxır. Biz demirik ki, xalq hamısı ayaqlansın, İrana qarşı çıxsın və s. Amma öz insanlarımızın haqlı səsinə səs verməliyik, onların səsini dünya ictimaiyyətinə çatdırmalıyıq. Bir şeyi dərk etməliyik ki, İran rejimi hiyləgərcəsinə Azərbaycan dövləti ilə "dostluq” əlaqələri qurmağa, yalançı bəyanatlar verərək əl-qolumuzu bağlamağa çalışır. Əfsuslar olsun ki, buna da nail olur.

İsmayıl