Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərlə bağlı imzaladığı sərəncam tələbələr arasında xoş ovqat yaradıb. Xüsusən də, ödənişli əsaslarla təhsil alan tələbələrin də təqaüd alma məsələsi hər kəs üçün gözlənilməz qərar olub.
Sərəncamla Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə veriləcək.
Bəs görəsən, tələbə təqaüdləri hansı şərtlərlə veriləcək?
Sərəncamı şərh edən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq: "Bir şərtlə ki, semestrin nəticələrinə görə akademik göstəriciləri yüksək olsun. Bu sərəncam təqaüdün həqiqi təyinatını ortaya qoydu. Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəricilərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun, dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvvəlcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər. Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır. İkinci mühüm məsələ məcburi köçkün, şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsidir ki, bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur. Yəni indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə, bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd ala bilsinlər. Bir sözlə, bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir. Ancaq birinci semestr istisna olmaqla bütün tələbələr oxuyaraq, haqq edərək təqaüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər. Artıq əvvəlcədən müəyyənləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcəklər. Yeri gəlmişkən bir şeyi qeyd edim ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk peşə təhsili müəssisələrinin şagirdlərinə aid deyil”.
Prezidentin addımını müsbət dəyərləndirən Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayevin sözlərinə görə, bu qərar Azərbaycanın təhsil həyatına böyük fayda verəcək: "Ödənişsiz əsaslarla təhsil alan tələbələrə universitetlər təqaüd verirdi. Amma ödənişli oxuyanlara da təqaüdlər verilmirdi. Prezidentin bu qərarından sonra ödənişli təhsil alanlar da akademik göstəricilərinə uyğun olaraq təqaüd alacaq. Təbii ki, bu, Prezident tərəfindən gənclərin və ölkəmizin təhsil həyatına göstərilən xüsusi diqqət və qayğıdır. Allaha şükür ki, indi gənclərimizin müəyyən bilik keyfiyyəti və bacarıqları var. Ali məktəblərimiz və texnologiyalarımız mövcuddur. Bir az sosial məsələlərdə çətinliklərimiz olur. Dövlət başçısı tələbələri nəzərə alaraq ödənişli təhsil alan tələbələrə də sessiya imtahanlarında topladıqları bala görə, təqaüd almaq imkanı verdi. Bu baxımdan bir təhsil işçisi kimi Prezidentin qərarını dəstəkləyirəm və çox sağ ol deyirəm”.
Təhsil eksperti Məhərrəm Zülfüqarlı da Prezidentin sərəncamının təqdirəlayiq olduğunu deyib: "İndiki reallıqda Azərbaycan ailələrinin maddi durumu o qədər yüksək deyil ki, tələbələrin təqaüdə ehtiyacı olmasın. Ölkə başçısının ödənişli təhsil alan tələbələrin təqaüd alması ilə bağlı imzaladığı sərəncam kifayət qədər humanist addımdır”.
Qonşu Türkiyə kimi ölkələrlə müqayisədə Azərbaycanda təhsil haqlarının kifayət qədər yüksək olduğunu vurğulayan ekspert deyib ki, ödənişli oxuyan tələbənin semestr imtahanında yüksək nəticə göstərməsi nəzərə alınmalı və onlara təqaüd verilməlidir: "Ali təhsil müəssisələrində dövlət sifarişli ixtisaslarda oxuyan və ya öz hesabına oxuyan tələbələrə akademik göstəricilərinə görə qiymət vermək lazımdır. Elə tələbə var ki, ödənişsiz oxuyur, amma akademik göstəriciləri ödənişli oxuyan tələbələrinkindən aşağıdır. Bu mənada tələbələrə təqaüdlərin verilməsi məsələsində universitetlərə sərbəstlik verilməsinin tərəfdarıyam”.
M.Zülfüqarlı sərəncamın müasir təhsilə verəcəyi faydadan danışaraq, bunun tələbələr arasında sağlam elmi rəqabət mühitinin yaradılmasında effektli olacağını vurğulayıb: "Ödənişlidə oxuyan tələbələrə təqaüdlərin verilməsi onlarda daha yüksək nəticələr göstərmək üçün stimul verəcək”.
Nazirliyin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov isə qeyd edib ki, 1-ci semestrdə yalnız ödənişsiz təhsil alan tələbələr təqaüd alacaqlar. Ödənişli təhsil alanlar isə 1-ci semestrdən sonrakı akademik göstəriciləri əsasında təqaüdü ala biləcəklər. Onun sözlərinə görə, özəl təhsil müəssisələrində təhsil alan dövlət sifarişli ixtisasların tələbələri də bu prinsip əsasında təqaüd ala biləcəklər. Yəni özəl universitetlərdə dövlət sifarişi ilə ödənişsiz təhsil alan tələbələr 1-ci semestrdə minimum təqaüd aldıqdan sonra, artıq növbəti semestrdən akademik göstəriciləri yüksək olanlar artan səviyyədə təqaüd ala biləcəklər. Şöbə müdirinin müavini qəbul olunan qərarın tək bu il yox, əvvəlki illərin tələbələrinə şamil edilib-edilməməsi məsələsinə də aydınlıq gətirib. O, bununla bağlı Nazirlər Kabinetinə tapşırıq verildiyini deyib: "Lakin çox güman ki, bu tək bu il qəbul olan tələbələr üçün deyil, əvvəlki illərdə qəbul olan tələbələrə də şamil ediləcək. Yenə də qəbul olunacaq qərarı gözləmək lazımdır”.
Şəymən