“İqbal Ağazadə nə istəyir etsin, əlindəkini beş qaba çəksin”

Araz Əlizadə: “Əksinə, bizim əlimizdə onun “karuselləri” barədə kifayət qədər videogörüntülər var”
Avtobusda necə paltarlarını dəyişiblər, barmağa mürəkkəb vuran aparatın “batareyka”larını necə çıxarıblar, bütün bunlar haqqında əlimizdə sübutlar, videolar durur




Noyabrın 1-də keçirilən parlament seçkilərində ən çox müzakirə olunan və gündəmdə qalan dairə 35 saylı Xətai 3-cü seçki dairəsidir. Həmin dairə üzrə ASDP sədri Araz Əlizadə qalib elan olunub. Lakin onun rəqibi, Ümid Partiyasının sədri İqbal Ağazadə seçkinin nəticələri ilə razılaşmayıb və nəticələrlə bağlı MSK-ya şikayət edib. Artıq şikayətlər əsasında həmin dairənin 6 məntəqəsində seçkinin nəticələri ləğv olunub.

Nəticələrin ləğv olunması Araz Əlizadənin səslərini müəyyən qədər azaldıb. Məlumat üçün onu da bildirək ki, İqbal Ağazadə mübarizəni davam etdirəcəyini və əlində videomaterialların olduğunu iddia edib. Bir neçə seçki məntəqələrində nəticələrin ləğv olunması və digər iddialarla bağlı "Şərq”ə açıqlama verən ASDP sədri, MSK tərəfindən millət vəkili elan olunmuş Araz Əlizadə deyib ki, nəticələrin ləğvi onun qanuni qələbəsinə heç bir təsir göstərmir: "Ləğv olunan məntəqələr içində təkcə mənim deyil, İqbal Ağazadənin də qalib gəldiyi məntəqələr var. Mənim çox səs topladığım sadəcə 3 məntəqənin nəticələri ləğv olunub ki, bu da yekun nəticəyə təsir etmir”.

A.Əlizadə deputatlığa namizəd olmuş və uduzmuş həmkarının mübarizəni davam etdirməsinə əhəmiyyət vermədiyini deyib: "Nə istəyir etsin, əlindən gələni beş qaba çəksin. Seçkinin qalibi mənəm. Əmin olun, onun əlində heç bir video yoxdur. Əgər olsaydı, çoxdan ortaya qoyardı. Amma əksinə, bizim əlimizdə onun "karuselləri” barədə kifayət qədər videogörüntülər var. Avtobusda necə paltarlarını dəyişiblər, barmağa mürəkkəb vuran aparatın "batareyka”larını necə çıxarıblar, bütün bunlar haqqında əlimizdə sübutlar, videolar durur. Lakin biz susmuşuq, baxırıq və gülürük. Bilirsiz, bu nədir, "oğru elə qışqırır ki, doğrunun bağrı çatlasın”, bax, həmin məsələdir. Amma bizim bağrımız çatlamayacaq”.

ASDP sədri bildirib ki, artıq MSK məntəqələrlə bağlı son qərarını verib: "5 məntəqənin seçki nəticələrini DSK-lar özləri ləğv edib. Sonrakı 1 məntəqə isə İqbal Ağazadənin MSK-ya şikayəti əsasında ləğv olunub. Əslində İ.Ağazadə 3 məntəqə ilə bağlı Komissiyaya müraciət edib, amma o, əvvəlcə 15 məntəqədə qanun pozuntusu olduğunu iddia edirdi. Bəs niyə sadəcə 3 məntəqəni şikayət etdi? Bilirsiz, adam özünə hörmət edər, kişi olar”.

A.Əlizadənin sözlərinə görə, qarşı tərəflə bağlı şikayətləri artıq Respublika Prokurorluğundadır: "Mən seçkinin nəticələri ilə bağlı deyil, İqbal Ağazadə və onun adamları barəsində şikayət etmişəm. Çünki İ.Ağazadənin və ona yaxın olan şəxslərin seçki ərəfəsində və seçki günü törətdiyi hərəkətlərdə cinayət tərkibi var. Həmin insanlarla bağlı, təbii ki, əgər onlara insan demək mümkündürsə, prokurorluğa müraciət etmişəm. Eyni zamanda müraciətimdə sənədlərin saxtalaşdırılması və səlahiyyətli nümayəndəmə hədə-qorxu gəlinməsi faktları da öz əksini tapıb”.

İsmayıl