Bu yağışlar bir siqnaldır: Paytaxtda sürüşməyə meyilli zonalar artıb

Dəniz kənarında da ağır evlər - hündürmərtəbəli binalar tikmək təhlükəlidir




İntensiv yağışlar bir sıra bölgələrdə ciddi fəsadlar törətdi. Lənkəran, Lerik, Masallı, Astarada sürüşmə, çökmələr baş verdi, evlərə ziyan dəydi. Bir neçə gün davam edən yağışlar yerli əhaliyə xeyli çətinliklər yaşatdı. Cənub bölgəsindəki sürüşmə, çökmə hadisələri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası artıq məlumat yayıb.

Məlumatda bildirilir ki, intensiv yağışlar nəticəsində Lənkəranın 6, Lerikin 4, Masallının 3 kəndində və Köhnə Zivənd yolunda, Astarada isə 3 kənddə sürüşmə baş verib. Lənkəranda 20 evə ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin regional şöbələri adı çəkilən bölgələrdə iş aparır, əhalinin təhlükəsizliyi təmin edilir.

Lakin yağışlı havalar paytaxt Bakıda da sürüşmə ehtimallarını yenidən gündəmə gətirib. Havaların yağıntılı keçməsi paytaxtda torpaq sürüşmələrinin aktivləşəcəyi ehtimallarını artırır, bu da əhalini təbii ki, təşvişə salır. Xüsusən də "məşhur” sürüşmə zonalarında yaşayanlar əndişəlidir. Haqsız da sayılmazlar. İndiyədək paytaxt sakinləri sürüşmələrin şahidi olub. Rəsmi qurumlar da sürüşmə təhlükəsini istisna etmir. Baxmayaraq ki, sürüşmə zonalarında bərkitmə işləri aparılır, təhlükə sovuşdurulur, amma təbiətə bel bağlamaq da olmur. Xatırladaq ki, bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının apardığı monitorinqlər zamanı sürüşmə zonalarında aktivləşmə olmadığı, lakin mövcud çatlarda genişlənmə əmələ gəldiyi aşkarlanmışdı. Bu sıraya Bayıl, Zığ şossesi, Masazır, Əhmədli qəsəbələri də daxil idi. Belə görünür ki, sürüşmə zonaları əhatəsini genişləndirir. Və demək olar ki, paytaxtda sürüşməyə meyilli ərazilər artır. Xatırladaq ki, Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov sürüşmə zonalarında bəzi qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirmişdi. S.Əmiraslanov ümumilikdə Abşeron yarımadası üzrə sürüşmə zonalarının xəritəsinin hazırlanıb icra hakimiyyətlərinə təqdim edildiyini, həmin xəritədə təhlükəli zonaların göstərildiyini və bu ərazilərdə təsərrüfat işlərinin aparılmamasının tövsiyə olunduğunu bildirmişdi. Rəsmi qurumlar sürüşmələrə daha çox antropogen faktorların təsiri üzərində dayanır və insan amilini ön plana çəkirlər. Həqiqətən də, bəzi ərazilərdə rəsmi icazə alınmadan fərdi tikintilərin aparıldığını görmək mümkündür. Əhali necə deyərlər, ağına-bozuna baxmadan, üzərində ev tikməyə hazırlaşdığı yerin geoloji quruluşuna bələd olmadan inşaat işlərinə başlayır, hər hansı bir qəza baş verdikdə də ziyanını özü çəkir. Rəsmi qurumlar yaxasını kənara çəkir ki, tikintiyə icazə olmayıb. Amma bu tikinti icazəsiz necə aparılıb, bunu nə soruşan var, nə də axırına çıxan.

Ekspertlərsə bu fikirdədir ki, Abşeron yarımadasında ən güclü sürüşmə sahəsi Zığdadır.

Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqova "Şərq”ə açıqlamasında qeyd etdi ki, bu, sıx məskunlaşma ilə bağlıdır:

- Bundan başqa Bayıl, Əhmədli, Masazır da təhlükəli zonalardır. Bütün bu sahələrdə geoloji tədqiqat işləri aparılmalıdır. Sürüşmə təhlükəsinin azaldılması üçün torpağın yükü azaldılmalıdır. Bunu geoloqlar da bilir ki, Abşeron yarımadası gil təbəqəsinin üzərindədir. Bərk süxurlara nisbətən gil təbəqəsi daha çoxdur. Ona görə də yeraltı suların səviyyəsi qalxan kimi gil təbəqəsini yuyur və sürüşmə proseslərinin sürətlənməsi üçün zəmin yaranır. Suyun səviyyəsi qalxdıqca, yeraltı süxurlar islanır və gil təbəqəsində sürüşmə əmələ gətirir. Bayıl zonasında tikilmiş evlərin divarlarından su axır. Vaxtilə orada antikorroziya tədbirləri görülməyib. Qayaların altından su qalxır. Belə yerlər çox təhlükəlidir. Görürük ki, hazırda yeni Avtovağzal kompleksi ətrafında hansı proseslər gedir. Mən dəfələrlə demişəm ki, orada belə bir nəhəng obyekt tikilməməliydi. Çünki torpağın altı bataqlıqdır, sudur. Yağıntılar çoxaldıqda təhlükə daha da artır. Yağış suları qrunt suları ilə birləşib sürüşmə təhlükəsi yaradır. Həmçinin dəniz kənarında da ağır evlər - hündürmərtəbəli binalar tikmək təhlükəlidir. Əhmədli qəsəbəsinin də bir tərəfi dənizə söykəndiyindən oranı da su yuyub aparır. Vaxtilə Bakıda 4-5 mərtəbəli binalar tikilirdi. Bu binalar məhz ərazinin geoloji quruluşuna hesablanaraq tikilib. Elə bilirsiniz, ovaxtkı memarların biliyi yox idi, yoxsa onlar 12-16 mərtəbəli binalar tikə bilməzdilər? Binaları ona görə azmərtəbəli layihələndirirdilər ki, ağırlıq yaranmasın. Binalar yerin ağırlıqgötürmə qabiliyyətinə hesablanaraq tikilirdi. Abşeronda dənizə doğru irəlilədikcə, torpaq təbəqəsi azalır, gil təbəqəsi çoxalır. Sadəcə, təbəqə qatı hündür olduğuna görə, alt təbəqə islanır, üst təbəqəyə isə su keçmir. Amma gil təbəqəsi özü-özlüyündə yumşaqdır. Allah eləməsin, orada bir fəlakət baş versə, hər şey yerlə-yeksan olacaq. Ona görə də tikinti aparılarkən bu xüsusiyyətlər nəzərdən qaçmamalıdır. Torpağı həddindən artıq yükləmək olmaz. Sürüşmə proseslərinin qarşısını almaq üçün torpağa dayaqlar vurulmalıdır. Dayaqlar bərk süxurlara - qayalıqlara qədər gedib çıxmalıdır. Bu yolla sürüşmə təhlükəsini önləmək mümkündür.

Məlahət Rzayeva