Narınc Rüstəmova: “Əgər yaxın 3 nəsildə intihar etmiş şəxs varsa, bunun uşaqda özünü göstərmə ehtimalı çox böyükdür”
Azad İsazadə: "Azərbaycanda birdən-birə yeniyetmə uşaqların intiharlarının artma səbəbləri ciddi şəkildə araşdırılmalıdır
Mətbuatın bu problemi dəfələrlə qabartmasına, psixoloqların həyəcan təbili çalmasına rəğmən son illər Azərbaycanda uşaqların intihar etməsi kütləvi xarakter alıb. Hər nə qədər ürəkaçan olmasa da, 8-9 yaşlı uşaqların özünə qəsd halları baş verir. Xüsusən də intihara əl atan azyaşlılar arasında qızlar üstünlük təşkil edir. Məhz dünən də Bakıda 9 yaşlı bir qız canına qəsd edib. Hadisə Səbail rayonu ərazisində baş verib. Belə ki, 2006-cı il təvəllüdlü V.N. (ad şərtidir) yaşadığı mənzildə özünü asaraq öldürüb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
”İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist- ekspert İlqar Altay isə "Şərq”ə açıqlamasında deyib ki, 9 yaşlı qız uşağının özünü asaraq intihar etməsi heç də real görünmür: "Uzun illik kriminalist praktikamda bu 9 yaşlı uşaqların özünü asaraq intihar eləməsi hallarına rast gəlməmişəm. Sözün açığı, 9 yaşlı uşağın şüuru bilərəkdən intihar edəcək və özünü asacaq səviyyədə deyil. Bu cür hallarda intiharlar adətən təsadüf nəticəsində baş verir. Təcrübəmdə belə bir fakt olub ki, azyaşlı uşaq sadəcə maraq xatirinə özünə qəsb edib. Halbuki onun heç intihar etmək kimi bir düşüncəsi olmayıb”.
9 yaşlı bir qızın az qala yaşlı adam kimi kəndirdən ilgək düzəldib onu boynuna keçirməsinə gəlincə isə kriminalist bunun heç fiziki baxımdan da mümkün olmadığını deyib: "Bəzən də olur ki, uşaq oynamaq məqsədi ilə boğazını hansısa bir ilgəyə keçirib və təsadüfən baş verən bədbəxt hadisə onun ölümü ilə nəticələnib. Çünki 9 yaşlı uşağın həyatından narazı olduğu, hansısa səbəbdən stress keçirdiyi üçün özünü asmasına inanmıram. Bu hadisə ya adi bir təsadüfdür, yaxud da bizə məlum olmayan kriminal nüanslar var. Ola bilər ki, həmin uşağı iplə boğub, izi itirmək üçün onu asılı vəziyyətdə qoyublar. Ya da ki, onu zorla aparıb, yuxarıdan asılmış ilgəyə keçirib, hadisəyə intihar adı verirlər. Hesab edirəm ki, bu hadisə bizim istintaq orqanları tərəfindən araşdırılmalı və qəsdən adamöldürmə olub-olmadığı üzə çıxarılmalıdır. İntihar planı qurmaq, ipi təşkil edib özünü asmaq 9 yaş üçün heç cür inandırıcı deyil. Ən azı bunun üçün uşağın 13-14 yaşı olmalıdır ki, onun şüuru bu səviyyəyə qalxsın”.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri - psixoloq Narınc Rüstəmova isə yetkinlik yaşına çatmayan uşaqlar arasında intihara cəhd hallarının kifayət qədər çox müşahidə olunduğunu deyib: "Böyük yaşlı insanlar adətən intihara affekt halında olarkən cəhd edir. Amma azyaşlı uşaqlar əvvəlcədən intihar üçün hazırlıq planları qururlar. Bu səbəbdən də uşaq intiharlarında əsas məsuliyyət valideynlərin üzərinə düşür. Çünki intihar fikrinə düşən uşaqların hərəkətlərində, davranışlarında istər-istəməz bu durum hiss olunur. Ən azından onların dinlədiyi musiqilər, izlədiyi filmlər, oxuduğu hekayələrə diqqət ayırmaq kifayət edir. Hətta intihar etmək barədə plan quran uşaqlar bir çox hallarda bu niyyətlərini yaxın dostlarına açıqlayırlar. Bunun üçün də valideynlərin mütləq şəkildə diqqətli olması vacibdir. Onlar təzyiq etmədən öz övladlarını daim nəzarətdə saxlamalıdırlar. Uşaqlar özünə qapanır, otağından çıxmır, bütün gün qulağında qulaqcıqla uzanıqlı vəziyyətdə qalır. İnsanı həyata küsdürən mahnılara, ağır rok üslubunda olan mahnılara qulaq asır. Evə gələn qonaqlarla kontakt qurmaq istəmir. Hər şeydən bezdiyini və tək qalmaq istədiyini dilə gətirir. Tünd rəngli paltarlardan istifadə edir, əcaib - əcaib şəkillər çəkir. Ana isə uşağının bu davranışlarından zərrə qədər də narahatlıq duymur. Halbuki, bu artıq uşaqların intihar niyyətində olduğuna dair siqnaldır. Heç bir uşaq depressiv fondan sığortalanmayıb. Ən əsası da odur ki, intihar etmək istəyən uşaqlar əvvəlcədən valideynlərinə özlərini öldürəcəklərini demirlər. Ancaq isterik xarakterli uşaqlar valideynlərinə bu cür hədə-qorxu gəlirlər. Hansı ki, onlar heç də intihar etmək niyyətində deyil. Sadəcə olaraq, diqqət çəkmək və istədiklərinə nail olmaq üçün ailəsini şantaj edir. İstənilən halda uşağın fərqli davranışı valideynləri narahat etməli və onlar psixoloji dəstək almalıdırlar. Adətən yeniyetmələr valideynlərini qəbul eləmir və onların məsləhətlərini yersiz hesab edirlər. Hətta deyərdim ki, yeniyetmə üçün valideyn dünyanın ən axmaq adamıdır. Köhnə fikirlidir və onun fikirlərini başa düşmür. Kənar adamların sözü onlara daha tez təsir edir”.
Psixoloqun sözlərinə görə, uşaqları intihara vadar edən əsas səbəb ailə-məişət zorakılığı, ailədaxili münasibətlərdə soyuqluq, şiddətdir: "İntiharda genetik faktor da mühüm rol oynayır. Əgər yaxın 3 nəsildə intihar etmiş şəxs varsa, bunun uşaqda özünü göstərmə ehtimalı çox böyükdür. Azyaşlılar arasında intihara cəhd hallarının artmasında televiziyaların da xüsusi rolu var. Şiddətə meyilli filmlər, intihar səhnəsi olan kinolara uşaqların baxması məsləhət deyil. Hansısa problemi olan uşaq bu cür filmləri izlədikdən sonra orada izlədiyi intihar metodlarını öz üzərində yoxlamaq qərarına gəlir. Bu isə bir çox hallarda ölümlə nəticələnir”.
Azyaşlı və yeniyetmə dövründə olan uşaqların ancaq seçilmək, özünü təsdiq eləmək istədiyini vurğulayan psixoloq deyib ki, buna nail ola bilməyəndə isə artıq həyatdan əlini üzür və tək çarəsinin ölmək olduğunu düşünür. Bəzən də bununla ətrafındakı insanları cəzalandırmaq istəyir: "Qız uşaqlarında yetkinlik dövrünün oğlanlardan daha erkən başladığını nəzərə alsaq, 9 yaşlı qızdan bu addımı gözləmək olar. Amma əsas problem həmin uşağı bu həddə çatdıran mühitlə bağlıdır. 9 yaşlı bir qızın həyatında nə baş verib ki, o, özünü asmaq qərarına gəlib”.
Narınc xanımın sözlərinə görə, emosional davamsızlığı olan uşaqlar ətraf mühit hadisələrindən tez təsirlənirlər: "Xüsusən də evin tək uşaqları, gec uşaq sahibi olan ailələrin böyük uşaqları daha çox intihara meyilli olur. Bunun da səbəbi onların özlərini diqqətdən kənar hiss etmələri ilə bağlıdır. Çünki belə uşaqları kiçik yaşlarından valideynlər həddindən artıq çox əzizləyir və onlar stressə dözümsüz böyüyür. Cəmiyyət içərisinə çıxanda özünə qapanır və özünü təklənmiş hiss edir. Hesab edirəm ki, valideyn ilk növbədə öz uşağına məsuliyyət hiss aşılamalı, mübariz böyütməlidir. 10 yaşında uşağı anası çimizdirir, 9 yaşında uşağa yeməyi qaşıqla ana yedizdirir, ona bu gün hansı paltarı geyinəcəyini seçirsə, bu artıq uşaqlarda davamlı olaraq idarəolunmaq vərdişi yaradır. Hesab edirəm ki, valideynlərin uşaqlarını həddindən artıq əzizləməsi, onların üzərində əsməsi və ən azı təzyiq, şiddət kimi təhlükəli faktordur. Bizim ailələrdə uşağa qarşı ya aşırı şiddət, ya da yüksək dərəcədə sevgi var. Hər şeyin çoxu isə həmişə ziyandır. Valideynlər bütün bunları nəzərə almalı və uşaqlarını cəmiyyətin bir üzvü kimi tərbiyə etməlidir ki, uşaq üzləşdiyi ilk çətinlik qarşısında aciz qalıb, intihara cəhd eləməsin”.
Psixoloq Azad İsazadənin sözlərinə görə, yetkinlik yaşına çatmamış uşaqların intihar etməsi ilə bağlı ən ciddi problem sözügedən problemin başvermə səbəblərini araşdıran heç bir qurumun olmamasından ibarətdir: "Sözsüz ki, intiharın səbəbləri fərdlərin yaş qrupundan asılı olaraq fərqlənir. Lakin Azərbaycanda birdən-birə yeniyetmə uşaqların intiharlarının artma səbəbləri ciddi şəkildə araşdırılmalıdır, əks halda, bu, daha pis və ciddi tendensiyalara gətirib çıxara bilər”.
A.İsazadə yeniyetmələrin intihar etmələrinin səbəbləri ilə polisdən başqa hər hansı bir qurumun məşğul olmadığını deyib: "Əslində bu problemlə bağlı sosioloqlar, psixoloqlar, müəllimlər və xüsusi institutlar ciddi şəkildə məşğul olmalıdır. İntiharların başvermə səbəbləri intihar edən şəxsin regionlarda, kənd və şəhərdə yaşamasından, insanların hansı yaşda olmasından asılı olaraq fərqlənir. Deyilən amillər ciddi şəkildə araşdırılmalı olduğu halda, bununla bağlı heç kəs maraqlanmır”.
Psixoloq onu da bildirib ki, 18 yaşına qədər uşaqlar adətən maksimalist olurlar və onlar üçün orta rəng yoxdur: "Onlar üçün hər şey ya yaxşıdır, ya da ki, pisdir. Hər şey onlar üçün pis olan kimi dərhal ümidlərini itirirlər və radikal hərəkətlərə əl atırlar”.
Şəymən