Türkiyədə 1 noyabr parlament seçkisində 2 milyon seçicini itirən Milliyətçi Hərəkat Partiyasının uğursuzluğu günlərdir müzakirə olunmaqdadır. Bəziləri MHP-nin bu uğursuzluğunu partiya başqanı Dövlət Baxçalının yeritdiyi siyasi fəaliyyətlə, digərləri isə partiyanın ideyaları ilə bağlayırlar. Bu baxımdan Azərbaycanda və Türkiyədə də bir çoxları hesab edir ki, MHP-nin seçkilərdə uğursuzluğunun əsas səbəbi partiya sədrinin tam olaraq nə istədiyini bilməməsidir. Əgər millətçilər Türkiyədə iqtidar olmaq əvəzinə, HDP-yə qarşı mübarizə aparan bir qüvvəyə çevrilibsə, o zaman MHP-yə seçici nə üçün səs verməlidir? Maraqlıdır ki, son seçkidə MHP-yə səs verənlər bunu çarəsizlikdən etdiklərini bəyan ediblər.
Əlbəttə, bu, yaxşı hal deyil. Deməli, problem türk seçicisində yox, hər seçkilərdə səslərini azaldan MHP-də, onun rəhbərliyində və daxili qeyri-müəyyənlikdədir. Sədr Dövlət Baxçalını tənqid edənlər isə hesab edirlər ki, onun başqası ilə əvəzlənməsi MHP-nin problemlərini həll edəcək və partiyanın səslərini artıracaq. Hətta onlar yeni Baxçalını əvəz edə biləcək namizədləri də irəli sürüblər. Narazılara görə, Sinan Oğan, Ümit Özdağ, Meral Akşener və digərləri millətçi kəsimi daha irəliyə apara bilərlər. Sədrliyə iddiaçılar arasında Meral Akşener və Sinan Oğanın adları hallandığı halda, partiyanın qurucusu Alparslan Türkeşin şəxsi həkimi Selam Kaptanoğlu artıq öz namizədliyini irəli sürəcəyini açıqlayıb.
"... vəzifəmi əsla buraxmaram”
MHP sədri Dövlət Baxçalı etirazçıların növbədənkənar qurultay çağırışına məhəl qoymadığını deyib. Tələblərə ciddi yanaşmayan Baxçalı MHP-nin növbəti qurultayının vaxtını da açıqlayıb. Baxçalı bildirib ki, təşkilatın növbəti qurultayı 2018-ci il mart ayının 18-də keçiriləcək. MPH-nin Mərkəzi Şurası da Baxçalının tərəfində yer alıblar. Partiyanın iclasında çıxış edən sədr müavinləri bəyan ediblər ki, MHP-də erkən qurultay istəyənlər Milli İstihbarat Təşkilatından göstəriş alıblar: "Dövlət Baxçalı da daha öncə vurğulayıb ki, MHP-nin qarışdırılması istiqamətində MİT-dən təlimat alanlar var”. Məlumata görə, Baxçalı da qurultay çağırışlarına qarşı müavinlərinə "dik dur” əmri verib. Sədr bildirib ki, toz-duman qalxana qədər sakit oturmalı, soyuqqanlı hərəkət edilməlidir: "Qurultay partiyadan kənar qüvvənin təzyiqi ilə keçirilə bilməz. MHP-nin növbəti qurultayı 2018-ci ildə martın 18-də Çanaqqala zəfərinin
ildönümündə keçiriləcək. Mən ülkücülərin iradəsi ilə sədrliyə gəldim, onların iradəsi ilə də gedəcəm. Türk düşməni olan, milliyəti bəlli olmayan üç-beş köşə yazarının sözləri ilə vəzifəmi əsla buraxmaram”. Başqanın ifadələrini dəyərləndirən müxaliflər isə onun mesajını "Baxçalı keçilməz” şəklində şərh ediblər.
Baxçalının rəqibləri kimlərdir?
MHP-də müxaliflərə imza verən partiyanın səlahiyyətli şəxsləri qurumdan ixrac ediləcək. Məlumata görə, partiyanın Mərkəzi Şurası sədrliyə namizədlər üçün zəruri olan 270 imzanın toplanmasına hər vəchlə mane olmağa çalışırlar. Partiya daxilindəki müxalifləri təqib edən MŞ sədrliyə namizəd olmaq istəyənləri də ciddi şəkildə təzyiqlərə məruz qoyurlar. Əgər hər şeyə rəğmən 270 səs yığılarsa, namizədlərə səs verəcək qurum rəsmilərinin sayını azaldacaqlarını düşünürlər.
MHP-də dəyişiklik istəyənlərin bel bağladığı və Baxçalıya rəqib gördükləri isimlər isə səssizliklərini qoruyur. Kulislərdə namizədliyə ən layiq şəxslər arasında Sinan Oğan və Meral Akşener göstərilsə də, təşkilatda ən güclü rəqiblərin Ümit Özdağ və Koray Aydın olduğu vurğulanır. Hələlik adı çəkilən namizədlər səssiz duraraq partiya rəsmilərindən nə qədər dəstək alacaqlarını götür-qoy edirlər.
Ən şanslı namizəd odur...
Sosial media platformaları və internetdə aparılan sorğularda MHP başqanlığına ən real namizəd Azərbaycan əsilli deputat Sinan Oğan sayılır. Aparılan sorğular Sinan Oğanın xeyrinə nəticələnib. Tvitterdə aparılan "Sinan Oğan partiya başçısı olarsa, MHP müvəffəqiyyət qazanarmı?” sorğusuna iştirakçıların 63 faizi müsbət cavab verərək Oğanın liderliyinin müvəffəqiyyətli olacağını deyiblər. Feysbukda aparılan sorğuda isə Sinan Oğan ən yaxın rəqibindən iki qat daha çox səs alıb. Daha bir internet saytı tərəfindən aparılan və 200 mindən çox adamın səs verdiyi anketdə Oğan ilə Meral Akşener ən çox səs alan iki namizəd olaraq önə çıxıblar. Anketdə Oğan 45 faiz səslə ilk sırada qərarlaşıb. Anketdə səs verən 98 mindən çox iştirakçı MHP-nin başına Oğanın keçməsini istəyib. "İpsos” Araşdırma Şirkətinin apardığı araşdırmaya görə, hazırkı başqan Dövlət Baxçalının getməsini istəyən üzvlərin sayı yüzdə 80 faizdir. Bir müddət əvvəl MHP Sinan Oğanı yolverilməz fəaliyyətdə ittiham edərək partiyadan uzaqlaşdırıb. Onun adı iyun ayının 7-də keçirilən seçkidən öncə MHP baş katibi postuna hallandırılıb. Bu şayiələrin yayılmasından sonra o zaman İğdırdan millət vəkili olan Oğan öncə MHP-nin deputatlığa namizədlər siyahısından çıxarılıb, sonra isə partiyadan uzaqlaşdırılıb. Oğan bu qərardan məhkəməyə şikayət edib və məhkəmə onun haqqında olan qərarı ləğv edib. Əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ildə İğdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq, Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb.
Millətçilər başlarında qadın sədr görmək istəmirlər...
Adı hallanan digər ən güclü namizədlərdən biri Meral Akşenerdir. İddialara görə, partiya içində və kənarda bəzi qüvvələr Akşener ilə görüşərək onu namizəd olmağa razı salmağa çalışırlar. Milliyyətçilərin bir çoxunun 1 noyabr seçkilərində adı deputat siyahısından çıxarılan Meral Akşeneri sədr postunda görmək istədiyi də heç kəsə gizli deyil. Ancaq MHP-də bəzi kəsim düşünür ki, ülkücü hərəkatın başına bir qadının keçməsi mümkün deyil. Ona görə də, partiyada bir qrup Meral Akşener əleyhinə ciddi təbliğat aparmağa başlayıb. Akşenerə qarşı çıxanlar deyirlər ki, "ülkücü hərəkat kənardan gələn biri başqan ola bilməz”.
Namizədlər arasında Yaponiyada doğulmuş millətçi də var...
Partiya üzvlərinin nüfuzlu namizədlər arasında adını tez-tez hallandırdıqları şəxslərdən biri də Ümit Özdağdır. Özdağ 1960-cı ildə Yaponiyada, Tokio şəhərində dünyaya gəlib. "Münih Ludwig” universitetində siyasət fakültəsində oxuyan Ümit Özdağ fəlsəfə və iqtisadiyyat bölmələrində də təhsil alıb. Daha sonra Türkiyədə Qazi Universitetinidə İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsində çalışmağa başlayıb. 2005-ci ildə MHP sədrliyinə namizəd olan, amma namizədliyi qeydə alınmayan Özdağ elə həmin il partiyadan xaric edilib. 2010-cu ildə yenidən MHP-yə üzv yazılıb. 2015-ci ildə MHP-nin İdarə Heyətinə üzv seçilib.
Baxçalının öz yerinə seçdiyi namizəd kimdir?
Partiya kulislərində dolaşan söz-söhbətə görə, MHP sədri Dövlət Baxçalı öz kreslosuna kimi oturdacağını müəyyən edib. Baxçalının ağlından keçən şəxs özü kimi Osmaniyədən olan Ruhi Ersoydur. 1972-ci ildə Osmaniyədə anadan olan Ersoy Qazi universitetində Ədəbiyyat fakültəsində dərs deyir. O, son seçkidə Baxçalının vətəni Osmaniyədən millət vəkili seçilib. 2012-ci ildən bu yana isə MHP-nin İdarə Heyətində yer alıb.
"Sinan Oğan və Meral Akşener güclü namizədlərdir”
Qafqaz Universitetinin professoru Fərhad Mehdiyev deyib ki, MHP-də ciddi islahatlar aparılmasa, bu partiya növbəti seçkilərdə baryerin altına düşə bilər: "MHP-də həm kadr, həm də siyasi xətt islahatı aparılmalıdır. Baxçalının yerinə bir neçə namizədin adı çəkilir. Sinan Oğanın partiyaya qayıtdığı deyilir. Məlumdur ki, Dövlət Baxçalı Sinan Oğanın partiya daxilində artan nüfuzundan dolayı onu siyasi qurumdan çıxartmışdı. Digər tərəfdən, MHP-dəki güclü adlardan olan Meral Akşenerlə də vəziyyət eynidir. Hansı namizəd güclüdürsə, ona qarşı qərəz var. Aydın görünür ki, hələlik Baxçalı istefa vermək niyyətində deyil. Lakin partiya qurultayında məsələ başqa istiqamətdə dəyişə bilər. Amma ümumi fikrim belədir ki, siyasi xətt olaraq MHP daha mərkəzçi partiya halına gəlməlidir”.
İsmayıl