Teleməkanda lal və kar insanlar niyə unudulur?

Azərbaycanda surdo-tərcüməçilərin sayı getdikcə azalır




Son zamanlar ölkədə Kütləvi İnformasiya Vasitələrinin (KİV) müxtəlif sferalarda inkişafını təmin etmək məqsədilə mütərəqqi addımlar atılıb. Bu tədbirlər sırasında ən çox izlənilən KİV vasitəsi olan televiziyalara dair də çoxsaylı tədbirlər yer alıb.

Bir sözlə, telekanalların yol verdiyi bir sıra nöqsanların- telejurnalistlərin dili, milli-mənəvi dəyərlərə zidd, bayağı verilişlərin bağlanması yönündə nəzərəçarpan işlər görülür. Və həmin addımların müsbət effekt doğurduğu da göz önündədir. Buna rəğmən televiziyalarda müəyyən problemlər hələ də qalmaqdadır. Belə çatışmazlıqlardan biri də eşitmə və danışma qabiliyyəti

olmayanlar üçün surdo-tərcümələrin (jest dili) olmamasıdır. Halbuki heç uzağa getməyək, qardaş Türkiyə telekanallarında nəinki bu ölkənin ictimai-siyasi həyatında ciddi rol oynayan məlumatları, hətta mahnı klipləri də bəzən surdo-tərcümələrlə təqdim edilir. Bu baxımdan surdo-tərcümələrin Azərbaycan televiziyalarından yığışdırılması yaxşı hal kimi dəyərləndirilmir. Əksəriyyət bunu lal-karların hüquq pozuntusu adlandırır. Maraqlıdır, görəsən, bizim telekanallar niyə surdo-tərcümələrə yer vermir?

Sualımıza cavab tapmaq məqsədilə tanınmış media eksperti Zeynal Məmmədli ilə əlaqə saxladıq. O, "Şərq”ə açıqlamasında qeyd edib ki, bu məsələdə dövlət büdcəsindən maliyyələşən telekanalları özəllərdən ayırmalıyıq. Çünki insan həyatı, onların təhlükəsizliyi və ölkənin taleyi ilə bağlı bütün kateqoriyalardan olan insanların, o cümlədən eşitmə və görmə əngəlliləri də əhatə etməlidirlər. Ona görə də söhbət lal-karlardan gedirsə, surdo-tərcümənin olması vacib amildir. Əvvəllər buna dair müzakirələr aparılırdı. Televiziyalar bildirirdilər ki, çalışıb bu məsələni qaydaya salacaqlar. Amma indi bu problem yenə də aktual olaraq qalır. AzTV-də surdo-tərcüməni bərpa etmək MTRŞ-nin İTV-də isə bu kanalın yayım şurasının borcudur”.

Özəl kanallara gəlincə, ekspert qeyd edib ki, onlar bunun əlavə xərc olduğunu anlayırlar: "Burada tərcüməçini saxlamaq və s. məsələlər kimi xeyli işlər var. Bir sözlə, bu çox ciddi işdir. Təəssüf ki, həmişə nəzərdən qaçır. Telekanallarda surdo-tərcümənin olması vacib şərtdir”.

Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimov da eşitmə və danışma qabiliyyəti olmayan insanların telekanalların hazırladığı informasiya proqramlarında nəzərə alınmamasını ciddi problem kimi qiymətləndirib: "Televiziyalar ən çox baxılan media vasitəsidir. Demək olar ki, insanların əksəriyyəti ölkə və dünya gündəmində baş verən hadisələr haqqında informasiyanı televiziya kanallarının hazırladıqları xəbərlər proqramlarına baxaraq əldə edirlər. Ona görə də eşitmə və danışma qabiliyyəti olmayan insanların, xüsusilə də televiziya kanallarında yayımlanan verilişlərdə nəzərə alınması çox önəmlidir. Təbii ki, bütün verilişlərdə bunu etmək çox çətin məsələdir. Amma ən azından informasiya proqramlarında surdo-tərcümədən istifadə edilməsi vacibdir”.

D.Rəhimov telekanalların yayımladığı informasiya proqramlarında subtitrlardan istifadə olunmasına da diqqət çəkib: "Subtitrlar eşitmə və danışma qabiliyyəti olmayan şəxslərin xəbərləri başa düşməsinə yardımçı olur. Amma subtitrlar çox sürətli verilir ki, onu oxuyub çatdırmaq çox vaxt mümkün olmur. Ona görə də, subtitrları oxumaqla xəbərləri başa düşmək olmur. Çünki subtitrlar əksər hallarda başlıq formasında təqdim olunur”.

Surdo-tərcüməçilərin universitet səviyyəsində hazırlanmalı olduğunu bildirən müsahibimiz deyib ki, ölkədə surdo-tərcüməçi demək olar ki, yoxdur: "Hər jest dilində danışmağı bacaran adam surdo-tərcüməçi işləyə bilməz. Surdo-tərcüməçinin xüsusi peşə hazırlığı olmalıdır ki, informasiyanı nizamlı və dəqiq çatdıra bilsin”.

Azərbaycan Karlar Cəmiyyətinin 1 saylı müəssisəsinin rəhbəri Ayaz Məmmədov da qaldırılan məsələnin çox aktual olduğunu vuğulayıb: "Son illərə qədər AzTV-də tərcüməçilər işləyirdi,

onlar lal və kar tamaşaçıları anladırdı. Bu tərcüməçilər mimika və jestlər vasitəsilə kar və lalları başa salırdı. Təbii, onlar da verilişə baxırdılar. İndi isə bu tərcüməçilər yoxdur. Mənə elə gəlir ki, televiziyalar lal və karlar üçün nəzərdə tutulan tərcüməçini artıq pul xərcləməməkdən ötrü efirə buraxmır. Amma bilmirlər ki, lal və karların buna böyük ehtiyacı var. Cəmiyyətin bütün üzvləri kimi onlar da məlumat almaq istəyir, ancaq ala bilmirlər”. A.Məmmədovun fikrincə, əvvəllər Karlar Cəmiyyətinin nəzdində bir neçə müəssisə fəaliyyət göstərib, kar və lalların istehsal etdiyi məhsullar ittifaq bazarında satılıb: "Vaxtilə Korlar Cəmiyyətinin "milyoner” təşkilatı vardı. İndi həmin imkanları olsaydı, lalların televiziya verilişlərinə baxmasının təmin edilməsi üçün maliyyə vəsaiti xərcləyərdilər. Hazırda təşkilatımızın imkanı yoxdur. Müəssisələrimizdə istehsalat dayanıb. Əvvəllər hər şey istehsal edirdik və böyük pullar qazanırdıq. İndi isə balansımızda olan avadanlıqları, yerləri icarəyə verməklə dolanırıq. İmkanımız olsaydı, o tərcüməçilərin işləməsinə yardım edərdik. Televiziyalar kar və lal tamaşaçıları nəzərə alıb verilişlər hazırlasa, yaxşı olar. Tərcüməçilər efirə cəlb edilsə, lallar və karlar televiziyaya baxar”.

Zəif Eşidən Uşaqlar üçün İnternatın direktoru Kamil Məmmədov da hesab edir ki, lal və karlar üçün telekanallarda tərcüməçilərin olması vacibdir: "Düşünürəm ki, tərcüməçilər lazımdır. Kar və lal auditoriya da informasiya almalıdır. Onların buna ehtiyacı böyükdür. Hər şeyi birdən etmək mümkün deyil. Hər şey tədricən həyata keçiriləcək”.

K.Məmmədov lalların dünyadan xəbərsiz olduğunu deyib: "Ona görə də lallar üçün televiziyalarda surdo-tərcümələr təşkil edilməlidir. Hazırda surdo-tərcüməçilər respublika üzrə 3-4 nəfərdir. Odur ki, surdo-tərcüməçilər üçün yeni kurslar açılmalı, informasiya qıtlığı yaşadıqları üçün televiziyalarda surdo-tərcüməçilərin xidməti təşkil edilməlidir. Danışmayan yaxın adamı olmasa, onlar həkimə gedəndə də problemlə qarşılaşırlar. Sənədləşmə işlərində də tərcüməçiyə ehtiyacları olur. Eləsi var adını yaza bilmir. Mimika hərəkətləri ruslarla eynidir, demək olar ki, fərqlənmir. Amma ingilis, türk dilinin mimikasını öyrənmək onlar üçün çətindir”.

Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov diqqətə çatdırıb ki, dövlət sözügedən problemin həll edilməsi istiqamətində bir çox işlər həyata keçirir. Azərbaycanın 2008-ci ildə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyasına qoşulduğunu xatırladan V.Həsənov söyləyib ki, dövlət rəhbərliyi adıçəkilən konvensiyanın müddəalarına uyğun olaraq əlilliyi olan şəxslərin sosial problemlərini həll etməklə məşğuldur: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi ilə Sosial Hüquqların Araşdırılması İctimai Birliyi tərəfindən Surdoloji Mərkəz təsis edilib. Bu mərkəzdə danışma və eşitmə qabiliyyəti az olan və olmayan şəxslərə jest dili tədris olunur”.

Jurnalist Rüfət Soltan da qeyd edib ki, tanrı bütün insanlara eşitmək, danışmaq qabiliyyəti vermir. Eşidib danışmaq hissindən, vərdişindən xəbərsiz olan insanlar eşidən və danışan insanlardan fərqli olaraq daha möhkəm yaddaşa malik olur: "Lallar və karlar bütün informasiyaları çətinliklə qavradığı üçün eşitdiklərini mümkün qədər yadda saxlamağa çalışır. Allah bu insanlardan nitq qabiliyyətini, eşitmək hissini alsa da, əvəzində onlara etibarlı yaddaş verib. İnsanlar hadisələri eşitmək, görmək vasitəsilə yadda saxlayır. Lakin bu gün lal və karların

informasiya almaq baxımından çox ciddi problemləri var. Onlar demək olar ki, televiziyalarda gedən proqramlarda nədən söhbət getdiyini anlamır. Amma son illərə qədər Azərbaycan Televiziyasında bir sıra proqramların nümayişi zamanı lal və kar auditoriyanın anlaması üçün tərcüməçilər olardı. Onlar ağız, əl hərəkətlərilə, mimika və jestlərlə aparıcının, müxbirin, müsahibin nədən danışdığını lal və karlara anladardı. Onlar da heç olmasa, ölkədə gedən ictimai-siyasi proseslərdən, sosial vəziyyətdən, mədəniyyət aləmindən xəbər tutardı. Son zamanlar isə Azərbaycan televiziyasında bu tərcüməçilərin xidmətindən istifadə edilmir. Başqa televiziyalar da buna heç maraq göstərmir”.

Həmkarımız deyib ki, Türkiyə, Rusiya və başqa ölkələrin telekanallarında son zamanlar lal və kar auditoriyanın da televiziya verilişlərinə baxmasına xüsusi diqqət yetirilir: "Belə ki, bir çox kanallarda tərcüməçilər işləyir, onlar lal və karları informasiya ilə təmin edir. Məlumatımıza görə, hətta bəzi xarici kanallarda onlar üçün məxsusi proqramlar var, bu proqramda lal və karlar iştirak edir. Bütün inkişaf etmiş cəmiyyətlərdə fiziki qüsuru olan insanların cəmiyyətə adaptasiyası üçün böyük işlər görülür. Dövlətimiz lal və karların təhsil alması, cəmiyyətə inteqrasiya edilməsi və s. sahələrdə layihələr həyata keçirir. Bunun nəticələri də var. Bizdə isə QHT-lər, ictimai təşkilatlar isə bu sahədə nəzərəçarpan işlər görmür”.

Müsahibimiz onu da əlavə edib ki, sovet dövründə onlara informasiya almaq şəraiti yaradılırdı: "Bundan əlavə, lal və karlar üçün müxtəlif kombinatlar, fabriklər fəaliyyət göstərirdi. Onların əl əməyi nəticəsində ərsəyə gələn məhsullar nəinki Azərbaycanda, hətta bütün SSRİ məkanında satılırdı. Bu da lal və karların normal səviyyədə təminatı demək idi. Bu gün isə vəziyyət fərqlidir. Xəbərlər və digər verilişlərdə deyilənləri lal və kar tamaşaçılara anlatmaq üçün tərcüməçilər yoxdur. Ümumiyyətlə, AzTV-də bu ştat ləğv olunub, o birilər isə bunu yaratmaq istəmir”.

Həmsöhbətimiz bəyan edib ki, televiziyalar öz verilişlərini yalnız danışan və eşidən auditoriya üçün hesablamalı deyil: "Onlar fiziki cəhətdən qüsurlu olan auditoriyanı da nəzərə almalıdır. Lallar, karlar televiziyaya maraqla baxır, amma orada baş verənləri başa düşmədikləri üçün kədərlənirlər”.

(davamı var)

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb