Artıq uzun müddətdir ki, ölkədə latın əlifbası istifadə olunur, amma hələ də paytaxtda bir sıra yazıçı və şairlərimizin adına ucaldılan heykəllərin ad hissəsi kirilcə yazılıb. Heç şübhəsiz ki, hər bir ölkənin, xalqın tarixini özündə əks etdirən onun tarixi şəxsiyyətləri, onların şərəfinə ucaldılan abidələrdir.
Əlbəttə, belə heykəllər ilk növbədə xaricdən gələn qonaqların diqqətini cəlb edir. Lakin heykəlin tanınması zamanı bir məsələ ortaya çıxır. Bakının bəzi küçələrində abidəsi qoyulan şəxslər barədə məlumatlar hələ də kiril qrafikası ilə yazılıb. 2001-ci ildən bu yana ölkədə latın qrafikasının tətbiq olunduğunu nəzərə alsaq, deməli, kiril qrafikasını müasir dövrün gəncləri dəqiqliyilə oxuya bilmir.
Məlumat üçün bildirək ki, paytaxtın Nizami küçəsində Azərbaycanın görkəmli şairəsi Xan qızı Natəvanın adına ucaldılan heykəl, Səməd Vurğun bağında ucaldılan dahi şairimiz Səməd Vurğunun heykəli üzərində ad kirilcədir. Hətta Səməd Vurğunun tək adı deyil, onun dillər əzbəri olan şeiri də kiril qrafikasında qalıb. Paytaxt sakinləri isə hesab edirlər ki, bu cür tarixi şəxsiyyətlərin şərəfinə ucaldılan abidələr milliliyimizi öz əlifbamızla yaşatmalıdır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov isə heykəllərin üzərindəki yazıların kiril qrafikasından latın əlifbasına dəyişdirilməsinin tərəfdarı olmadığını deyib. Millət vəkilinin sözlərinə görə, heykəllərin üzərindəki adlar hansı əlifba ilə yazılıbsa, həmin vəziyyətdə də qalmalıdır: "Tarixşünaslığın bir prinsipi də budur ki, abidələrin üzərində hansısa bir dəyişiklik aparıla bilməz. Müəyyən bərpa işləri aparmaq olar, amma hansısa bir elementin dəyişdirilməsi məqsədəuyğun deyil. Əlavə bir lövhədə həmin sözləri latın əlifbası ilə yazıb vurmaq olar. Amma bu zaman da həmin abidənin tarixiliyinin itəcəyini düşünürəm”.
Müasir gənclərin kiril qrafikasında oxuyub-yaza bilmədiyinə gəldikdə isə N.Cəfərov deyib ki, qədim dövrlərə aid abidənin üzərində mixi yazılar əks olunub: "Gərək, onda həmin abidələrin üstündəki yazıları da pozub ərəb əlifbası ilə qeyd eləsinlər? Abidələrə bu cür yanaşmanı doğru hesab etmirəm. Məhz gənclər oxuya bilmir deyə tarixi abidələri dəyişdirmək olmaz. Yenə bayaqkı fikrimin üstünə qayıdıram ki, ən yaxşı halda heykəllərin adını ayrıca lövhələrdə latın əlifbası ilə qeyd etmək olar”.
Şəymən