Nəcəfli Alsu: “Bayraq aşsa, himnə qulaq asanda əlimizi ürəyimizə qoya bilmərik…”





"Uşaq odası”. Bu rubrikada çıxış edən uşaqlarla tanış olub, bir az rahatlanıb, dincəlmək də olar. Ölkənin ictimai-siyasi təlatümlərindən azca kənara çəkilib o odada gül fidanların şirin danışıqlarına şahid olmaq xoş ovqat yaradır. Onların düşüncələri bəzən həyatımızın bir parçasına çevirilir, yaşamaq həvəsimizə işıq tutur. Hələ onların ən çox işlətdiyi sözləri demirik... Gün boyu gülüşümüzə bələdçilik edir. "Uşaq odası”nda balaça müsahiblərimizi öz anaları sınağa çəkəcək.



Nəcəfli Alsu Binəqədi rayonu, 246 saylı məktəbin 1F sinifində oxuyur. Psixoloq Fərqanə Mehmanqızı qızı ilə söhbət edir.

-Sən kimsən?
-Alsu xanım
-Niyə xanım?
-Çunki prinçessayam. Hamı deyir ki, sənin nə gözəl kipriklərin var. Bəs axı hamı sənə deyir Fərqanə xanım, mən də sənin qızınam, deməli mən də Alsu xanımam.
-Alsu nə deməkdir? Mənasını bilirsən?
-Nə bilim, qoy sənin kitablarını oxuyum, biləcəm. Hələ ki, su bilirəm, "krant"dan gələn su. İçirsən sərinləyirsən, çimirsən kirlənəndə.
-Adını kim qoyub, bilirsən yəqin...
-Atam. Görüb ki, qəşəng qızı var. Elə adını qoyub Alsu…
-Ana necə olmalıdır?
-Mehriban, arıq, gözəl, kitab oxuyan, qəşəng dırnaqları olan, forslu karaleva kimi…
-Bəs ata?
-Ata da güclü olmalıdır, idman etməlidir ki, arıqlasın… Bax, ata coxlu yemək yeyir, balış udub, qarnında balış var. (Sonra bir az fikirləşir və) Qoy bir az kişi verlişlərinə baxım, deyəcəm ata necə olmalıdı…
-Azadlıq nə deməkdir, Alsu?
-İstədiyini etmək.
- Məsələn, sən azadsan?
-Yox
-Niyə?
-Çünki sən qoymursan kitablarını oxuyum, gülləri sulamağa qoymursan. İt saxlmağa qoymursan. Offf… Mən azad deyiləm. Böyüyüm, azad olacam. İstədiyim qədər kitab oxuyacam. Gülləri sulayacam. İt saxlayacam.
-Vətən nədir?
-Azərbycan.
-Azərbycan hardan başlayır?
-Əsgərlər olan yerdən.
-Əsgərlər niyə dayanır orda?
-Qoruyurlar da. Bomba qoyar düşmən bayrağımızın altına. "Spiçka" vurarlar, partlayar. Onda bayraq aşar axı, bayraq aşsa vətən ölər, Azərbaycan olmaz. Bəs biz nə edərik? Məktəbə necə gedərik, parka necə gedərik? Himnə qulaq asanda əlimizi ürəyimizə qoya bilmərik axı hər səhər...
-Böyüyəndə kim olmaq istəyirsən?
-Psixoloq, sənin kimi…
-Niyə?
-Hamı ağlayanda kömək edim, deyim ağlama. Kömək edim, çox bilim sənin kimi. Beynim işləsin. Televizora cıxım, forslu - forslu danışım.
-Nə ilə məşğul olmağı sevirsən?
-Şəkil cəkim. Bacım Leyla ilə oynayım. Dərslərdən 5 alım…
- 5 almaq nə deməkdir?
-Bəs neynim, 2 alım? Axı mən prinçessayam. Çoxlu oxuyacam gedəcəm Amerikaya oxumağa. Bilikli olacam. Prinçessalar ağıllı olmalıdır, 5 almalıdır. Qəşəng geyməlidir. Forslu olmalıdır, kitab oxumalıdır ki, başları fikirləşsin. Bax, sən televizora çıxırsan forslu- forslu danışırsan, hamı da qulaq asır, deyirlər nə ağıllıdır bu xanım. Həyətdə mənə deyirlər, müəllimə də deyir, "ananı televizorda gördüm, danışırdı"…Sən karalevasan, Hüsniyyə Rafikovna da (müəlliməsi) karalevadı. Ağıllılar, biliklilər, gözəllər karaleva olur.
-Alsu, müəllimə necə  olmalıdır?
-Ağıllı, mehriban, savadlı…(bir az fikirləşir) nə bilim e.. Hüsniyyə Rafikovna kimi olmalıdır… Bilirsən o hər şeyi bilir. Nə qədər sual versən cavab verəcək. O da yəqin 5 alıb uşaq olanda. Qəşəngdi, amma heyif ki, adı Alsu deyil. Bizi öpür, deyir siz yaxşı oxusanız, şəkilinizi divara vuracam, mən də oxuyuram ki, vursun.
-Sənin nədən xoşun gəlmir. İnsanlar nə edəndə pis olursan?
-Yerə zibil atırlar. Pul istəyirlər adamlardan. Bir- birlərini döyürlər. Pis sözlər danışırlar. Quşları öldürürlər.
-Alsu, birdən meşəyə düşüb azsan, nə edərsən?
-O yol göstərən var e… onunla yolu tapıb cıxaram. Adı nədi onun?
-Kompas
-Hə bax, onla. Bir az qorxaram, amma heyvanlarla dost olaram, deyərəm məni yeməyin, mən prinçessayaam. Atam sizə coxlu yemək verər, gedək bizə…Mama, sən uşaq olanda sənə hansı planşetdən alıbar?
-Mənim planşetim olmayib…
-Vay, yazıq mama, almayıblar sənə…?
-Yox qızım, o vaxtda planşet yox idi.
-Niyə sən meşədə böyümüsən?
-Qızım, mən balaca olanda belə şeyləri hələ düzəltməmişdilər.
- Həə… Bildim.