“Yaxşı insan idi...”

Hüquq müdafiəçiləri Elçin Behbudov haqqında xoş sözlər dedi



Noyabrın 14-də gecə saatlarında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov ürək tutmasından dünyasını dəyişib. Şəkərli diabetdən əziyyət çəkən hüquq müdafiəçisi ölümündən iki gün əvvəl xəstəxanaya yerləşdirilib.

Hüquq müdafiəçisinin qəfil ölümü ölkə ictimaiyyətini şoka salıb. Hələ də onun ölümünə inanmayanlar var. E.Behbudovla bağlı fikirlərini bölüşən həmkarları onun haqqında kifayət qədər müsbət xatirələri olduğunu deyib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, E.Behbudov problemi olan insanlara mümkün qədər kömək etməyə çalışıb: "Hüquq müdafiəçisi olana qədər işgəncələrə məruz qalmışdı. Ona görə bunu qeyd edirəm ki, özü əzab görən adam bu sahə üzrə daha yaxşı anlama malik olur, müdafiə qura bilir. Olduqca yaxşı insan, hüquq müdafiəçisi idi. Hüquq müdafiəçisinin işi çox ağır olur. Haqqını müdafiə etdiyin insan elə düşünür ki, sən onun istədiyini deməlisən. Elçinin fəaliyyət göstərdiyi sahə çox ağır idi. O, bacardığı qədər işgəncəyə məruz qalan insanlara əlindən gələn köməyi edib. Ölkə üzrə bu sahədə alternativ hesabatlar tərtib edib. Böyük hörmətim olub ona. Allah rəhmət eləsin. Qəbri nurla dolsun”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin sədri Novella Cəfəroğlu E.Behbudovu normal, ailəsini sevən bir insan kimi xatırlayır: "Çox yaxşı münasibətimiz var idi. Ölümündən bir müddət əvvəl vəziyyətini soruşdum. Ona nə desəydik, problemsiz gedirdi. Təcridxanalara, həbsxanalara onun getmək imkanları daha çox idi. Çox gözəl insan idi. Son günlərdə baş verən hadisələr ona da ağır təsir etdi. İşini canla-başla yerinə yetirən insan idi”.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə onun ölüm xəbərinə inanmaq istəmədiyini deyib: "Məlumdur ki, Elçin Behbudov hansı zamandan sonra hüquq müdafiəçisi olub. O, həbs olunmuş, təzyiqlərə, işgəncələrə məruz qalmışdı. Həbsdən çıxdıqdan sonra buna uyğun özünə həyat yolu seçmişdi. Onun əsas işi həbs edilənlərlə bağlı monitorinqlər aparmaq idi. Onu bir həmkar kimi daim xoş sözlərlə xatırlayacağıq. Elçin bəyin ölümü mənim üçün gözlənilməz oldu. İnternetdən məlumatı oxudum. Hadisəni eşidəndə çox üzüldüm. Onun yaxınlarına, ailə üzvlərinə başsağlığı verirəm. Bir insan kimi, göstərdiyi fəaliyyətə, xidmətlərinə görə Allah onun ruhunu şad eləsin. Onun barəsində ancaq yaxşı sözlər deyə bilərəm. Həyatda qalıb işini davam etdirsəydi, bizim üçün ancaq müsbət olardı. İlk dəfə olaraq, yaxın bir şəxs barədə müsahibə verirəm. Mənim üçün olduqca çətindir. Elçin bəyin xəstə olduğunu bilirdim. Yaşadığı stresslər həyatına ciddi təsir elədi”. Qeyd edək ki, Elçin Behbudov 1960-cı il fevralın 23-də Bakıda anadan olub. 1981-1995-ci illərdə hüquq-mühafizə və xüsusi xidmət orqanlarında çalışıb. 1996-2001-ci illər Səhiyyə Nazirliyinin 1 saylı Respublika Ruhi-əsəb Xəstəxanasının baş həkiminin kadrlar üzrə müavini, baş hüquq məsləhətçisi vəzifəsində işləyib.

2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyinin təqaüdçüsüdür. Əslən Şuşadan idi. Mərhum 2002-ci ildə İşgəncələrə Qarşı Azərbaycan Komitəsini təsis edib. Bu illər ərzində o, ölkəmizdə işgəncələrin qarşısının alınmasında müəyyən xidmətlər göstərib. Özü də komitəni təsis etməmişdən əvvəl həbs, təzyiq və ağır işgəncələrə məruz qalıb. Həbsxana və Saxlanma Yerləri üzrə Beynəlxalq Ekspert olub.

Şəymən