“Yəqin ki, Paris hadisəsindən sonra sözün həqiqi mənasında həm Əsəd, həm də İŞİD məsələsi müsbət həllini tapacaq”
Fransada yaşanan terror hadisəsinin şoku səngiməmiş İŞİD terror təşkilatı digər Avropa ölkələrini də təhdid etməyə başlayıb. Belə ki, Albaniyanın daxili işlər naziri Sami Tahiri paytaxt Tiranadakı polis akademiyasını ziyarət edərkən terror təşkilatından təhdid dolu mesaj alıb. Mesajda yazılıb ki, "Parisdən sonra sıra sizdədir. Sizlər Allahın qarşısında titrəyərək məğlub olacaqsınız”.
Hadisədən sonra ölkə rəhbərliyində təcili toplantı keçirilib. Avropanı hədələməklə kifayətlənməyən İŞİD həmçinin, ABŞ, Rusiya və İranı da terror hücumları ilə təhdid edib. Ukrayna Prezidenti Petro Poroşenko da Parisdə törədilən terror hücumlarının ardından onun ölkəsinin təhdid altında olduğunu bildirib. Poroşenko bu haqda kəşfiyyat məlumatlarına malik olduqlarını söyləyib: "Ölkəmiz böyük risk altındadır. Dünən mövcud risklər və təhdidlərin araşdırılması, sülhün qorunması, Ukraynada əmin-amanlığın təmin edilməsi üçün qəti təlimat verdim”. Yayılan digər məlumata görə, İŞİD noyabrın 13-də Parisdəki terror hadisəsi ilə paralel İstanbulda da partlayış törətməyi planlaşdırıb. Nəşr yazıb ki, Türkiyədə hazırlanan terrorun qarşısı zamanında alındığından terrorçular istəklərinə nail ola bilməyiblər. Baş verən hadisələr bir daha göstərdi ki, İŞİD qruplaşması sadəcə quru təhdidlərlə kifayətlənmir və terror aktlarını istədiyi zaman reallaşdıra bilir. Ona görə də əksər ekspertlər hesab edirlər ki, İŞİD ciddiyə alınmalı və qruplaşmaya birdəfəlik son qoyulmalıdır. Əks halda, dünyanın başı çox ağrıyacaq.
İŞİD-in təhdidləri ilə bağlı "Şərq”ə danışan sabiq MTN əməkdaşı İlham İsmayıl deyib ki, Paris hadisələrindən sonra terrorçular tərəfindən hədələnən bütün dövlətlər, o cümlədən Azərbaycan təhdidlərə ciddi yanaşmalıdır. Çünki dünyanın heç bir ölkəsi terrordan sığortalanmayıb: "Türkiyədə keçirilən G 20 Zirvə Görüşündə ABŞ Prezidenti Barak Obama dedi ki, "bizim çox ciddi məsələlərimiz var. Onlaran biri Suriya, digəri isə İŞİD problemidir”. Yəni dünyanın super gücü sayılan Amerikanın iki problemindən biri İŞİD-dir. Bu isə o deməkdir ki, Qərb ölkələri artıq İŞİD-in böyük bir təhlükə olduğunu qəbul edirlər. Bu qruplaşma digər terror təşkilatlarından fərqli olaraq, işğal etdikləri əraziləri bugünə kimi əllərində saxlayır. Onlar terroru törədib, qaçıb gizlənmirlər. Həmçinin, qruplaşma geniş maliyyə və insan resurslarına malikdir. Ona görə də İŞİD-in hədələrində digər terrorçulara nisbətən reallıq daha çoxdur”. Ekspertin sözlərinə görə, hədə gəlmək terror təşkilatlarına xas olan xüsusiyyətdir. Lakin İŞİD həqiqətən çox təhlükəlidir və dəfələrlə bunu sübut edib: "Avropanın ortasında ikinci dəfə terror hadisəsi həyata keçirirlərsə, deməli, məsələ çox ciddidir. Dünya siyasətində fərqli münasibətə görə, İŞİD kifayət qədər güclənib. Bu da birbaşa Rusiyanın və İranın Bəşər Əsədi müdafiəsindən irəli gələn məsələdir. Ona görə də G-20 Zirvə Görüşündə də bu məsələ ciddi müzakirə olundu. Əslində İŞİD-in getdikcə ciddi fəlakətə səbəb olacağı bilinirdi. Lakin Suriya torpaqlarının azad edildikdən sonra Əsədə, yoxsa kürdlərə verilməsi məsələsində razılıq əldə edilməmişdi. Bu səbəbdən Rusiya İŞİD-ə qarşı quru qoşunlarından deyil, aviazərbələrdən istifadə edirdi. Düşünürəm ki, Bəşər Əsəd məsələsi həll olunandan sonra İŞİD problemi də aradan qalxacaq. Rusiyanın və İranın xüsusi inadkarlığı nəticəsində Suriyada quru qoşunlarından istifadə olunmurdu. Yəqin ki, Paris hadisəsindən sonra sözün həqiqi mənasında həm Əsəd, həm də İŞİD məsələsi müsbət həllini tapacaq. Düzdür, İŞİD tamamilə məhv edilməyəcək. Amma terrorçuları zərərsizləşdirmək, onları darmadağın etmək mümkün olacaq. Məncə, yaranmış bu fürsətdən istifadə etmək lazımdır”.
İsmayıl