Profillərdə matəm...

“Terrorun qurbanı olan fransızın şəklini paylaşın!
Fazil Mustafa: “Fransa bayrağına bürünərək şəkil çəkdirmək saxta qisasçı müsəlmanlarla eyni zehniyyətdən doğur”


Qanlı terror hadisəsi bu dəfə fransızların yuxusuna haram qatdı. Təbii ki, hər hansı ölkədə baş verməsindən asılı olmayaraq, minlərlə insanın həyatına son qoyan terror aktları bütün dünya ictimaiyyəti tərəfindən pislənilir. Çünki bu cür qanlı cinayətləri pisləmək, terroristləri qınamaq hər bir bəşər övladının insanlıq borcudur. Erməni terrorundan əziyyət çəkmiş Azərbaycan ictimaiyyəti də Fransanın acısını paylaşır.

Əlbəttə, insan ölümünə sevinmək, bu hissləri açıq büruzə vermək insanlığa yaraşmayan xüsusiyyətdir. Lakin bəzi həssas məsələlərə diqqət yetirmək lazımdır. Təəssüflər olsun ki, baş verən hadisədən sonra fransızdan daha artıq fransız olanlar, sözün həqiqi mənasında özünə əl qatanlar, Parisdəki olaylara görə, bütün müsəlman dünyasını "terrorçu” elan etdilər və islama lənət oxumağa başladılar. "Kosmopolit” düşüncəli insanların şüvənliyi bununla da bitmədi. Sosial şəbəkədə aktiv olan xeyli sayda "facebook” istifadəçisi öz profil şəkillərini Fransa bayrağı ilə əvəzləməyə başladılar. Bu davranış isə ictimaiyyətdə ciddi narazılığa səbəb oldu və geniş müzakirə mövzusuna çevrildi. Bayraq kampaniyasının aparılmasına etiraz edənlər erməniləri hər fürsətdə dəstəkləyən Fransa dövlətinin atributuna sevgi göstərilməsini başa düşmədiklərini dedilər və üç rəngli Azərbaycan bayrağını profil şəklinə çevirdilər.

Məsələyə münasibət bildirən millət vəkili, BQP başqanı Fazil Mustafa "Şərq”ə verdiyi açıqlamada deyib ki, Fransa bayrağına bürünərək şəkil çəkdirmək saxta qisasçı müsəlmanlarla eyni zehniyyətdən doğur: "Anlamaq lazımdır ki, Yaxın Şərqdə, dünyada müsəlmanların öldürülməsi qərarını verənlər o əyləncədə və ya gündəlik həyatda adi yaşamını sürdürən insanlar deyil. Qərar verənlərə əliniz çatmır, günahsız insanları öldürürsünüz, ardından da bunu Allah yolunda etdiyinizi söyləyirsiniz. Bu, məsələnin başqa tərəfi. Ancaq hamıya bəllidir ki, Fransa terrorizmi dəstəkləyən bir ölkədir, konkret olaraq erməni terrorizmini də dəstəkləyir. Ermənilərə qarşı guya türklərin yalançı soyqırım iddiasını ən çox "pompalayan” ölkədir. Minsk Qrupunun həmsədri kimi, terrorçu dövlətə dəstək verir. Onun bayrağını manşet etməkdən utanmırsınızmı? Terrorun qurbanı olan bir fransızın şəklini paylaşın, onu günahsız yerə öldürən cahil müsəlmanı qınayın. Ancaq Ermənistana dəstək verən Fransanın bayrağını manşet etməyin. Bunu edən cahil azərbaycanlının Ermənistana dəstək verən İranın bayrağının və ya liderlərinin şəklini paylaşan başqa bir cahil azərbaycanlıdan fərqi varmı?”.

"Yeni Çağ” qəzetinin və saytının baş redaktoru Aqil Ələsgər də fransız bayrağını şüar edənləri qınayıb: "Parisdəki terror əlbəttə ki, qınanmalıdır və qınayırıq da. Bir günahsız insanın ölümü bütün bəşəriyyətin öldürülməsidir. Ancaq illərlə türk diplomatlarına qarşı sui-qəsdlər törədən, Asala terrorunu himayə edən Fransa bayrağını qürurla profilə qoymaq qəbuledilməzdir. Necə olur ki, Fransadakı insanlar üçün ağlayırıq, amma Hələbdə, Mosulda, Təl-Abyadda, Bayırbucaqda bombalanan türkmənləri yada salmırıq. Orta Şərqi qan gölünə çevirəndə bilmirdilərmi ki, bəslədikləri terror əvvəl-axır onları da boğacaq? Fransızdan çox fransız olmayaq, bir az "xaç yürüşünə” qurban olan müsəlmanlar üçün göz yaşı tökək. Qarabağda erməni ilə birlikdə bizə qarşı döyüşən, tarix boyunca erməni diasporunun hamisi olan, "erməni soyqırımı yoxdur” deməyi cinayət sayan, PKK-nın, Daşnaksütyunun beşiyi olan Fransanın yanında ola bilmərik. Türkün bayrağındakı qırmızı Vətəni qorumaq yolunda verilən şəhidlərin qanıdırsa, Fransanın bayrağındakı qırmızı Əlcəzairdə və dünyanın dörd bir yanında axıtdıqları günahsız insanların qanıdır. 8 ildə Əlcəzairdə toplam 1,5 milyon insan öldürərək, gündə 513 nəfərin həyatına son qoyan Fransa deyildimi? Həm də çox uzaq tarixdə deyil, 1954-1962-ci illərdə. Madam bu qədər insan həyatına qarşı duyarlısınız, çox qısa müddət əvvəl qardaş Türkiyədə terror baş verdi. Nə üçün o zaman terroru lənətləmədiniz? Niyə profil şəkilləriniz al qırmızı türk bayrağı olmadı?”.

İsmayıl