Tarixçilər Araz Əlizadəni qınadılarKərəm Məmmədov: “Oğuz xalqları hesab olunan türkmənlər və Azərbaycan türkləri eyni antropoloji tipə aid edilirlər”
Fəzail İbrahimli: "Kəndə təzə dəllək gəlib, kəkili yandan qoyur”
ASDP sədri, yeni millət vəkili Araz Əlizadənin mətbuata verdiyi müsahibədə azərbaycanlıların milliyəti ilə bağlı dediyi fikirlər ictimaiyyət tərəfindən etirazla qarşılanıb. Xüsusilə A.Əlizadənin millətimizi türk kökənli deyil, Hind-Avropa irqinə mənsub etməsi ciddi narazılıq yaradıb. Partiya sədri deyib ki, onun iddiasını antropologiya elmi də təsdiqləyir: "Azərbaycanlıların türklərə heç bir bağlılığı yoxdur, türklər sarı irqə məxsusdur, biz isə azəriyik və sadəcə türkdilliyik”.
Məsələylə bağlı "Şərq”ə danışan BDU-nun tarix fakültəsinin dosenti, antropoloq Kərəm Məmmədov deyib ki, A.Əlizadənin irqi təsnifatlar barədə məlumatı yoxdur: "Hind-Avropa adında irq yoxdur. Hind-Avropa dil ailəsidir. İrqin adı Hind-Aralıq dənizi irqidir ki, bu irqin də müxtəlif qolları, antropoloji tipləri var. O qolların içərisində Azərbaycan türklərinin daxil olduğu irq Oğuz irqi adlanır. Əfqanıstanda yaşayan xəzərilər adlı millət var. Onlar monqoloid irqi tipinə aiddir. Yəni dil ailəsi ilə antropoloji tərkib çox vaxt üst-üstə düşmür. Ancaq oğuz xalqları hesab olunan türkmənlər və Azərbaycan türkləri eyni antropoloji tipə aid edilirlər. Priney yarımadasından şərqə, bütün Şimali Afrika, Ön Asiya xalqları, indiki İran, Cənubi Qafqaz xalqlarının böyük bir qismi, əfqanların və pakistanlıların xeyli hissəsi, Hindistanın şimal bölgəsi eyni irqə aiddir. Bu irqi çox vaxt müxtəlif qollara ayırırlar. Qollardan biri də Oğuz irqidir. İndiyə kimi bu irq müxtəlif adlarla tanınıb. Məsələn, Kaspi, Aralıq dənizi, Fon luşan, Xorasan və s. Bu tip ağ irqə məxsusdur və avropoid irqidir. Qədim türklərin əksəriyyəti də məhz ağ irqə məxsus olub. Bunu Sibir və Volqa ərazisindəki qazıntılar, aparılan araşdırmalar da sübut edir”. K.Məmmədov bildirib ki, irqi tipin morfoloji xüsusiyyətlərinə görə, qədim türklər ensiz sifətli və uzun başlı olublar: "Tapıntılar tək indiki Azərbaycan ərazisindən deyil, eyni zamanda Gürcüstandakı Santavro qəbiristanlığından aşkar edilib. Həmin qazıntılarda çıxan tapıntılar baş və sifət quruluşuna görə, indiki Azərbaycan türkləri ilə eynilik təşkil edir. Son illər biz bunu dərsliklərdə Oğuz türkü kimi təqdim edirik. İrqi tipin ən qədim variantı isə eramızdan öncə 13-cü minilliyə aid edilən Qobustan insanlarıdır”.
Tarixçi-alim, millət vəkili Fəzail İbrahimli də A.Əlizadənin Azərbaycan və türk dilləri haqqında söylədiyi fikirlərə etirazını bildirib. F.İbrahimli açıqlamasında deyib ki, türk millətinin adını müzakirəyə çevirmək doğru deyil: "Millətimizin adı elə türk millətidir. Bunları müzakirə obyektinə çevirmək milli maraqlara uyğun deyil. İndi kimsə çayxanada oturub nə isə deyə bilər. Ancaq mətbuat belə adamların ağzından "vurmalıdır”. Bir misal var, "kəndə təzə dəllək gəlib, kəkili yandan qoyur”. Kimsə gündəmə gəlmək istəyirsə, belə fikirlər söyləyir. Nə bilim, Şah İsmayıl Xətai belə gəldi, o biri belə getdi və s. Tarixi şəxsiyyətlərə "şəxsiyyət vəsiqəsi” verməyə çalışırlar. Bu cür hallar yolverilməzdir. Ümumiyyətlə, bütün bunlar millətin düşüncəsinə ziddir və yanlış addımlardır”.
KXCP sədri Mirmahmud Mirəlioğlu da söyləyib ki, Azərbaycan türklərini antropoloji quruluşuna görə "Hind-Avropa” mənşəli adlandıranlar rus məktəbinin yetirmələridir: "Yakimov, Gerasimov məktəbinin yetirmələri bu gün ənənələrinə sadiq qalaraq milli kimliyimizi bizə unutdurmağa çalışırlar. Araz Əlizadəyə, ailəsinə, qardaşına bu millətin hörməti var, amma o da bu millətə hörmət etməlidir. Millətə dil uzatmaq doğru deyil. Gələcəkdə vəziyyət başqa cür olacaq və onda biz də başqa cür danışacağıq”.
İsmayıl