"ABŞ-la Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb”. Bu barədə ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lalli deyib.
Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb və bu daha çox aviasiya, peyk sahəsində əməkdaşlığı əhatə edib: "Azərbaycan və ABŞ arasında olan iqtisadi münasibətlərin həm dərinləşməsinə, həm də genişlənməsinə təkan verən bir missiyanın rəhbəriyəm. Missiyanın iki əsas məqsədi var. Birincisi ondan ibarətdir ki, iki ölkə arasında iqtisadiyyat və ticarət sahəsində çox vacib potensial var. Missiyamız bu potensialı genişləndirməyə çalışır. İkincisi, ABŞ şirkətləri Azərbaycanda tərəfdaş tapmağa və azərbaycanlılarla birlikdə işləyərək həm Azərbaycanda, həm də ABŞ-da biznes qurub yeni iş yerləri yaratmağa çalışırlar. Bu missiya son 7 ildə ABŞ Ticarət Departamentindən olan ən yüksək səviyyəli səfərdir. Bizim heyət 100-ə yaxın görüşlər keçirəcək. Bu görüşlərdə gələcək hədəflər müəyyən ediləcək ki, 2016-cı ildə daha böyük nümayəndə heyəti ilə gələ bilək”.
ABŞ rəsmisinin açıqlamasını dəyərləndirən iqtisadçı-ekspert Oqtay Haqverdiyev "Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycanın Amerika ilə 2 milyardlıq ticarəti yoxdur: "2, 20 və ya 200 milyon ola bilər. Amma 2 milyard ola bilməz. Ümumiyyətlə, bizim ABŞ-la o qədər də geniş ticarətimiz yoxdur. Əvvəla, bizə uzaqdır. İkincisi də ki, onlara neft sata bilmərik. Bizim dünya bazarına çıxarmağa neftdən başqa nəyimiz var? O da Avropaya gedir. Amerikanın özünün o qədər nefti var ki. ABŞ neftin içində üzür. Biz onlara neft də satmırıq. Doğrudur, hərbi və başqa sahədə əməkdaşlıq mövcuddur. Amma biz onlardan silah almaq istəyirik, onlar da satmır. Başqa 2 milyardlıq ticarət necə reallaşa bilər? Ümumiyyətlə, bu, inandırıcı deyil”.
Ayyət Əhməd