Benzinin qiyməti ucuzlaşmayacaq

“Bununla bağlı Tarif Şurasına müraciət daxil olmayıb”



Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanda yanacağın qiymətinin ucuzlaşması gözlənilirdi. Hətta parlament üzvləri və ekspertlər bununla bağlı təkliflər də səsləndiriblər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bu barədə bildirib ki, benzinin və digər yanacağın qiymətinin yenidən bahalaşacağı və ya ucuzlaşacağı gözlənilmir: "Bununla bağlı Tarif Şurasına da müraciət daxil olmayıb”.

Xatırladaq ki, Tarif Şurası Azərbaycanda benzini sonuncu dəfə 2013-cü il dekabrın 2-də bahalaşdırıb.

Məsələ ilə əlaqədar Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban "Şərq”ə bildirib ki, Azərbaycan iqtisadiyyatının ixrac hissəsinin 80 faizdən çoxu neftdən asılıdır. Neftin qiymətinin təqribən 48 faiz aşağı düşməsinə görə ölkəyə daxil olan valyutanın miqdarı azalır və ölkə iqtisadiyyatı üçün çox böyük təlatümlər yaranır: "Bunları görmək üçün sadəcə bu ölkənin vətəndaşı olmaq kifayətdir. 2015-ci il başlayan kimi Azərbaycan əsasən neft sahəsində çətinliklərlə üzləşdi. Hətta neftə aidiyyatı olmayan, ucqar kəndlərdə yaşayan, kənd təssərrüfatı ilə məşğul olan insanlara belə bu bahalaşma təsirsiz ötüşmədi. Ölkəmiz monoton iqtisadiyyata malikdir və aparıcı amil neftdir. Hər ay açıqlanan ümumdaxili məhsul göstəricilərində qeyri-neft sahəsinin payı yüksək göstərilsə də, realllıqda vəziyyət tam başqadır. Büdcəyə və ölkəyə nəğd şəkildə pulu neft gətirir. Hazırda isə neft sahəsi gəlir əldə etmir”.

Ölkə büdcəsinin təmin olunmasının vacibliyini qeyd edən ekspert daxildə neft və neft məhsullarına kifayət qədər tələbatın olduğunu deyib: "Azərbaycanda ümumilikdə, 2 milyon ton yanacaq satılır. Əgər bazar elementlərindən çıxış edərək, bu məhsulların qiyməti aşağı salınsa, onda ölkə büdcəsinə daxil olmalar daha pis vəziyyətdə olar. Hansısa başqa bir mənbədən ölkə iqtisadiyyatının "qidalanması” mümkün olsa, xammalın və neft məhsulunun birinin qiyməti düşən zaman digərinin də qiymətini aşağı salmaq mümkün olar”.

İlham Şaban onu da qeyd edib ki, Azərbaycanda benzinin qiyməti stabildir, bu səbəbdən narazılıq olacağı gözlənilmir.

Aysel Aslan