Hərbiçilərdən kommunal pulu yığırlar, qəbz də vermirlər

Gün boyu Müdafiə Nazirliyindən sualımıza cavab ala bilmədik



Milli Ordunun Qusar şəhərində yerləşən hərbi şəhərciyinin bir qrup zabit ailəsi şəhərcikdə yaşanan problemlə bağlı redaksiyamıza müraciət ediblər. Adlarının açıqlanmasını istəməyən şikayətçilər iddia ediblər ki, onlar 2 il müddətində yaşadıqları hərbi şəhərciyin kommunal xərclərini ödəməyiblər.

Ancaq son aylar hərbi şəhərciyin komendantı və ya digər məsul şəxsləri xidməti evlərdə yaşayan zabitlərdən sərf olunan enerjinin, konkret olaraq işıq enerjisinin pulunu ödəməyi tələb ediblər. Təbii ki, ailələr işlətdikləri enerjinin pulunu verməyə razıdırlar. Ancaq problem ondadır ki, sərf olunan işığa görə zabitlərdən pul tələb edən şəxslər ödənişi təsdiq edən hər hansı qəbz vermirlər. Yəni evlərdən pul toplamaq dəftərdə qeydiyyat aparmaqla, yəni köhnə üsullarla həyata keçirilir. Bina sakinləri isə buna etiraz edir və deyirlər ki, əgər onların sərf etdikləri enerji haqda bildiriş özlərinə təqdim olunarsa, həmin bildiriş əsasında pulu ödəyib əvəzində qəbz alarlar.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən hərbi ekspert Azad İsazadə deyib ki, kommunal xərclərin ödənilməsi ilə bağlı son dövlər müəyyən dəyişikliklər edilib: "Ümumi götürəndə zabitlərə dövlət tərəfindən verilən xidməti evlərdə kommunal xərcləri orada yaşayan ailələr özləri ödəyir. Sonradan isə ödədikləri pulları müxtəlif formada kompensasiya şəklində nazirlikdən geri alırlar. Ancaq həmin kompensasiyanı almaq üçün mütləq ödənişləri təsdiq edən qəbzlər olmalıdır. Çünki aylıq ödəmələri hesablamaq üçün çeklər vacib şərtdir. O baxımdan zabitlərin qəbz tələb etməsi təbiidir və bu, onların haqqıdır. Dəftər məsələsi artıq sıradan çıxıb”.

Ekspert onu da bildirib ki, qaydalara əsasən nazirlik kommunal xərclərə görə hər zabit ailəsi üçün müəyyən məbləğ nəzərdə tutur: "Əgər zabit ailələri onlara ayrılmış məbləğdən artıq enerji sərf edirlərsə, pulunu da özləri verirlər. Ancaq bu qaydanın tətbiq olunub-olunmaması haqda məlumatlı deyiləm”.

Məlumat üçün bildirək ki, məsələni daha dəqiq araşdırmaq üçün gün ərzində Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumun mətbuat xidmətindən zəngimizə cavab verən olmadı. Həmçinin, nazirliyə ünvanladığımız onlayn müraciət də cavabsız qaldı. Bu səbəbdən zabitlərin şikayətini rəsmi qurumun diqqətinə çatdıra bilmədik.

İsmayıl