Dünya güclərinin savaşı daha da gərginləşir

“İndiki reallıqda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya-Türkiyə razılaşması mümkün görünmür”



ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan "RAND” korporasiyasının eksperti Ketlin Ridi Suriya münaqişəsi kontekstində Dağlıq Qarabağ problemini şərh edib. Ketlin Ridi Ermənistan mətbuatına müsahibəsində deyib ki, Suriya böhranının Cənubi Qafqaza, o cümlədən Qarabağ probleminə təsiri məsələsində bir neçə ssenari nəzərdə tutula bilər. Politoloqun fikrincə, Suriya konfliktinin diplomatik yolla həlli, Cənubi Qafqazla bağlı ən müsbət variant hesab olunmalıdır.

"Suriyada təhlükəsizlik və sabitlik məsələləri ətrafında Türkiyə və Rusiyanın əməkdaşlığı üçün yeni presedent yaranıb. Türkiyə ilə Rusiya ATƏT-in Minsk Qrupunun qalan üzvləri ilə pərdəarxası sövdələşməyə gedə bilərlər. Burada Dağlıq Qarabağ problemini birdəfəlik həll etmək üçün Azərbaycana və Ermənistana təzyiqin artırılmasının nəzərdə tutulması məsələsi ola bilər”. Analitik deyib ki, bununla da Ankara və Moskva öz strateji maraqlarına əsaslanaraq regional güc olmaq istəyirlər. Məsələni şərh edən siyasi ekspert, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə deyib ki, Rusiya Ermənistanın hərbi-strateji müttəfiqidir, Türkiyə isə Azərbaycanın. Ancaq hələlik Ketlin Ridinin iddiaları özünü doğrulda bilməz: "Gələcəkdə Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi və ölkəmizi təhlükələrdən qoruması kimi mühüm məsələlər aktuallaşa bilər. Lakin indiki vəziyyətdə Türkiyə-Rusiya anlaşmasını real hesab etmirəm. "RAND” Araşdırma mərkəzinin analizlərinin də yanlış olduğunu düşünürəm. Çünki onun iddiasının əksinə, getdikcə Türkiyə-Rusiya münasibətləri Suriya böhranına görə kəskinləşməkdədir. Hətta Rusiya təyyarələri Suriyada türkmənləri bombaladığına görə, rəsmi Ankara az qala Moskvaya nota verdi. Yəni iki dövlət arasında əlaqələr olduqca gərgindir. Ona görə də indiki reallıqda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya-Türkiyə razılaşmasını mümkün hesab etmirəm”.

İsmayıl