“...Heç kim nəyə görə öldüyümü bilməyəcəkdi”

“Şərq”in əməkdaşı İlhamə Quliyevanı ziyarət etdi“Allah mənim yaxşılıqlarımı onun gözündən töksün”
Hərənin bir ömür yolu, hərənin bir həyat hekayəsi var. Onun ömür yolu bir çoxları üçün asan görünsə də, o bu gün qazandıqlarına ömrünü verib. Bəzən çox zəhmli, bəzən çox sərt görünüşünün altında isə əslində bir mərhəmətli insan yatıb. Sadəcə onu tanımaq lazımdı.
Azərbaycan səhnəsinin canlı karifeyi, böyük Tükəzban İsmayılova məktəbinin yadigarı, Azərbaycanın Şöhrət və Şərəf ordenli İlhamə Quliyevanı da tanımağa dəyər. Şairin bu misraları, nədənsə bu məqamda yadıma düşdü. "Sağlığında dəyər verin insanlara”. Sənət aləmində olan insanlara zamanıda dəyər verək, onları zamanında əzizləyək, sevgimizi çatdıraq. Əslində İlhamə Quliyeva sevgidən, diqqətdən heç zaman kənarda qalmayıb. Onu sevənlər, onu əzizləyənlər isə hər zaman ətrafında olub.
Görünür, Allahın sevimli bəndəsidir ki, onun həyatına qəsd etməyə çalışsalar da, ölümün pəncəsindən çıxa bildi.
İlhamə Quliyevanın ətrafında son dönəm gəzən söz-söhbətlər, onu quluqçu tərəfindən öldürülməyə cəhd edilməsi və bir çox digər məqamlar hələ də suallara cavab tapmağa vadar edir. Amma bir həqiqət var ki, Xalq artisti ölümün caynağından çıxa bildi.
Hazırda Neftçilər xəstəxanasında yatan İlhamə Quliyevanın vəziyyəti ilə maraqlanmağa çalışdıq. Xalq artistini xəstəxanada ziyarət etdik. Gün ərzində onlarla ona baş çəkməyə gələn heç kimsəni qırmayan, xəstəxanada olmağına baxmayaraq da hamının qarşısına formada, gözəl görünüşdə çıxan Xalq artistinə biz də baş çəkdik. Hal-əhvalı ilə maraqlandıq. Olan söz-söhbətlərə bir balaca da olsa aydınlıq gətirməyə çalışdıq. Həm ziyarətində olduq, həm də onunla bağlı olan söz-söhbətləri bir də özünün dilindən eşitməyə çalışdıq. Xəstəxanaya çatanda mühafizə xidməti bizim gəldiyimizi primadonnaya çatdırdı. Yeri gəlmişkən, xəstəxanaya Əməkdar artist Elnarə Abdullayeva ilə bir yerdə gedəsi olduq. Gəldiyimizi eşidəndə dərhal içəri keçsinlər deyə tapşırıq verdi. Beləcə palataya daxil olduq. Sözün düzü, günlərdi vəziyyəti ağır olduğu deyilən sənətçi nə qədər daxilən ağrısa da bizim gördüyümüz özünə hər zaman qulluq edən bir xanımla üzləşdik. Əslində elə-belə də olmalıdı. İlhamə Quliyeva bir daha həyatı sevdiyini sübut etdi. Sübut etdi ki, insan yaşamaq üçün mübarizə aparmağı bacarmalıdır. Yaşamağı bacarmayan isə həyatda tez uduzur, İlhamə Quliyevanın da həyat eşqi əslində həm də bir dərs ola bilər. O yaşamaq üçün mübarizə aparmağı bacarıb. Bacarıb deyə ölümün pəncəsindən çıxa bilib. Bir az Xalq artisti ilə dərdləşməyə çalışdıq.
- İlhamə xanım indi necəsiz? Keçmiş olsun...
- Çox sağ ol, canım mənim. İndi çox yaxşıyam.
- İlhamə xanım, o qadın həqiqətən sizi öldürmək istəyirdi?
- Mən il yarımdı demək olar ki, onun pəncəsində olmuşam. Sadəcə o insanın nə qədər təhlükəli olduğunu bilməmişəm. Yazığım gəldi. Dedi ki, yanınızda olum. Mən də ürəyimin açıqlığından dedim ki, yazıqdı işləsin yanımda. Allah mənim yaxşılıqlarımı onun gözündən töksün.
- Nə baş verib ki, bu il yarımda?
- İnanın məni hamıdan tədricən uzaqlaşdırmışdı. Evdən çölə çıxa bilmirdim. Gündən-günə halım pisləşirdi, ayaqlarım yer tutmurdu. Evimdən, pul kisəmdən dəfələrlə oğurluq etmişdi, amma üzünə vurmurdum. Məni oğlumla düşmən etmişdi.
- Orxanı o sizdən uzaq etmişdi?
( Yeri gəlmişkən biz Xalq artistinə baş çəkəndə oğlu Orxan və İlhamə xanımı ölümdən qurtaran Orxanın dostu Vüqar da palatada idi).
- Düzünü desəm, mən bir balaca Orxandan inciyib, küsmüşdüm. Mehriban mənim incikliyimdən istifadə edirdi. Əvvəl başa düşmürdüm. Sən demə dəfələrlə Orxan mənimlə maraqlanıb, zəng vurub ki, mama necədir? Mehriban ona deyib ki, mama səni görmək istəmir, deyir evə gəlməsin. Mən də özlüyümdə deyirdim ki, Orxan niyə məni axtarmır. Deyirəm də, key kimi olmuşdum. Sən demə Mehriban imkan vermir ki, oğlum evə gəlsin.
(Bu məqamda İlhamə xanımın oğlu söhbətimizə müdaxilə edərək) - Mama Türkiyəyə gedir əməliyyata eşitmişəm, zəng vururam Mehriban cavab verirdi. Soruşdum ki, nə vaxt gedirsiz, dedi bilmirik. Amma əslində bilet də alınıb. Mənə çatdırdılar ki, səhər mama Türkiyəyə gedir. Getdim aeroporta ki, mamanı görə bilim. Nə qədər axtarsam da, tapa bilmədim. Anam xüsusi keçidlə keçib, görə bilmədim. Yəni xeyli vaxt mən anamla əlaqə yarada bilmədim. Nə vaxt yığırdım telefona bu qadın cavab verirdi. Başa düşürdüm ki, nə isə baş verir. Sonralar məqsədini anlamağa başladım. Dostum Vüqarla onu ifşa etməyə ssenari qurduq. O Vüqara inandığı üçün ifşa edə bildik. Əgər bir neçə gün də geciksəydik, venasına iynəylə hava dolduraraq öldürəcəkdi. Yaxşı ki, tez ayıldıq, gecikmədik.
- İlhamə xanım ölümdən qayıtmısız. Bu olay sizə nəyi öyrətdi?
- Vallah, mən bir daha onu bildim ki, Allah məni çox istəyir. İstəməsəydi mən bu gün sağ olmazdım. İndi danışıram, bəzilərinə qəribə gələ bilər. Amma mənim başıma il yarımda gələnlər seriallara bənzəyir, elə bil kino idi, yaşadım. Nə qədər inandırıcı görünməsə də, qulluqçum məni öldürməyə çalışırdı. Yaxşıdı ki, bütün bunları sübut edə bildim. Bir də oğlumun dostu Vüqar sağ olsun ki, mənim gözümü açdı. Yoxsa qısa zamanda öləcəkdim, heç kim də nəyə görə öldüyümü bilməyəcəkdi. Yəqin indiyə qədər etdiyim yaxşılıqlardı ki, qabağıma çıxdı. Mənim oğlumu evimdən etmişdi. O bilirdi ki, Orxan mənə qarşı nə qədər diqqətcildir. Elə ona görə də oğlumu evimdən uzaqlaşdırdı ki, məni rahatca zəhərləyə bilsin. Onun mənə il yarımda içirtdiyi dərmanlar beynimi keyitmişdi. Orxan məni xəstəxanaya çatdıranda demək olar ki, koma vəziyyətində idim. Qanım tamamilə zəhərlənmişdi. Böyrəyimin biri sıradan çıxmışdı. Qanımı tamamilə təmizlədilər. Hər gün sistem köçürürlər ki, zəhər bədənimdən çıxsın. Ayaqlarım tutulmuşdu.
- Hazırda Mehriban xanım həbs olunub. Onu bağışlaya bilərsiz, yoxsa...
- Əgər mənim evimdən ancaq oğurluq etsəydi, haqqımda orda-burda nəsə danışsaydı, onu bağışlaya bilərdim. Onsuz da evimdən dəfələrlə oğurluq etmişdi, bunu da bilirdim. Heç vaxt üzünə vurmurdum. Amma bu insan mənim həyatıma qəsd etməyə çalışırdı. Sizcə onu bağışlamaq olar? Siz bağışlayardız? İnsanın həyatına qəsd edəni necə bağışlamaq olar? Mənim ona yaxşılıqdan başqa pisliyim dəyməmişdi. Məni öldürmək üçün bir səbəbi olmalı idi. Əslində səbəb ortadadı. Saxta vəsiyyətnamə düzəltməklə var-dövlətimdə gözü olduğunu başa düşmək çətin deyil. Amma insan bu qədər dinsiz-imansız olmaz (kövrəlir). Mən hər zaman güclü qadın olmuşam. Heç vaxt istəməmişəm ki, ağrıdığımı hiss etsinlər. Amma mən həm də insanam. Bu insan mənim səhhətimi məhv edib. Ailəmə zərbə vurub. Oğlumu mənimlə düşmən etmişdi. Ətrafımda olan dostlarımı məndən uzaqlaşdırmışdı. Özü də etiraf etdi ki, səni öldürməyə cəhd etmişəm. Nəyə görə, dünya malına görə? İstəsəydi, bəlkə də çox şeyləri verərdim. Hamı bilir ki, mən ürəyiaçıq insanam. Amma mənim həyatımla oynamağı ona bağışlaya bilmərəm. Bundan sonra da əlimdən nə gəlirsə, edəcəm ki, qanun çərçivəsində o, cəzasını çəksin. Qohum-əqrəbaları da çox yalvarırlar. Amma mən onu bağışlaya bilmərəm.
- Sizcə, o, kiminsə sifarişi ilə sizi öldürməyə cəhd edib?
- Mənə elə gəlir ki, əvvəlində heç kimin sifarişi ilə evimə gəlməyib. Sadəcə, fikirləşib ki, İlhamə xanım kimi bir adamın evində işləmək ona əlverişlidir. Mən də ona yetərincə pul verirdim. Gəlib evimdəki şəraiti, əlaqələri görəndən sonra yəqin ki, məni öldürmək qərarına gəlib. Düşünüb ki, mənim bir varisim var, o da Orxandı. Onu da məndən uzaqlaşdırandan sonra rahatlıqla canımı ala bilər. Buna da çalışdı. Amma yəqin ki, onun mənim evimdə işlədiyini bilən insanlar var idi. Bundan istifadə edənlər oldu. O nə vəsiyyətnaməni təkbaşına düzəldə bilərdi, nə də o dərmanları rahatlıqla əldə edə bilərdi. Ona kömək edən insanlar var idi. Onların kimliyi də artıq bizə məlumdu. İstintaq getdiyi üçün heç bir açıqlama vermək istəmirəm. Amma günahkar olanların hər biri cəzasını çəkəcək. Mən o həbsxanaya düşüb, tam cəza almayınca, rahatlaşa bilmərəm.
- İlhamə xanım, Tükəzban xanım deyirlər, yuxunuza tez-tez girirmiş...
- Hə, anam demək olar ki, tez-tez yuxuma girirdi. Görünür, narahatlığımı hiss edib. Ana ürəyi o dünyada da özünü büruzə verir. Yuxuda mənə nələrsə deyirdi. Amma mən düz yozmamışam yəqin. İndi başa düşürəm ki, yuxularımda anamın dedikləri məni oyatmaq üçündü. O gün də yuxuma girmişdi, dedi ki, indi rahatam. Anamın ruhu bəlkə də mənə kömək olub.
(Bayaqdan biz İlhamə xanımla söhbət edəndə Əməkdar artist Elnarə Abdullayeva eşitdiklərindən şoka düşmüşdü. Əməkdar artist, İlhamə xanım, inanın ki, dəhşətə gəlmişəm. İnsan bu qədərmi Allahdan qorxmaya bilər... Şükür ki, sağsız. Dünya malına görə insanların həyatı ilə oynamağa dəyərmi? Mən sizin sənətinizin vurğunu olmuşam. Hər zaman da sizin tamaşaçıya, sənət dostlarınıza hörmətinizi görüb örnək götürməyə çalışmışam. Konsertə mənə göndərdiyiniz böyük çiçək dəstəsi mənim üçün böyük bir hədiyyə oldu. Diqqətinizi gördüm. Bunu etməyə də bilərdiz, amma bizim kimi cavan sənət adamlarına sevginizi, diqqətinizi əsirgəmirsiz. Bunu da hər sənətkar bacarmır. İnsanın sənəti böyük ola bilər, əsas odur ki, şəxsiyyətin cılız olmasın. Sizin şəxsiyyətiniz sənətiniz qədər böyükdür. Yanınıza gələn yüzlərlə insanın sevgisini görəndə, biz sizin üçün narahat olan insanların sorğu-sualının şahidi olanda bir daha başa düşdüm ki, sənətkara olan sevginin qarşısını heç nə ala bilməz).
- İlhamə xanım, indi necəsiz?
- Şükür Allaha, indi çox yaxşıyam. Özünüz görürsüz də, necə olmalıyam, əla. Otağımda qızılgüllərin qoxusu məni bir az da cavanlaşdırıb.
(Yeri gəlmişkən, palatada gül-çiçək əlindən tərpənmək olmurdu).
Mən özümə qulluq etməyi sevən qadınam. Bəziləri də sevinməsinlər ki, İlhamə o dünyaya getməyə hazırlaşır. Heç yerə getmirəm. Hələ bir əlli il də yaşamaq fikrim var. Maşallah, gözəlliyim də yerindədir. Düzdü, dərmanlar bir balaca üz-gözümü şişirtmişdi. Yeriyə bilmirdim. Amma bütün bunlar arxada qaldı. İnşallah, burdan çıxandan sonra ad günü edəcəm. Böyük bir məclis quracam. Məni sevənləri ətrafıma toplayıb doğum günümü qeyd edəcəm. Mən yenidən həyata qayıtmışam. Ona görə də məclis qurmağa, sevinməyə ixtiyarım var. Yenidən dünyaya qayıtdığım üçün də Allaha şükür edirəm.
Tahirə Məmmədqızı